Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş xarici işlər naziri, “İrs” Partiyasının lideri Raffi Ovanisyan yenidən ərazi və “tarixi imkan” mövzusunda sərt açıqlamalar verib. Bir neçə gün əvvəl Azərbaycanın tələblərinin genişlənəcəyini və hətta Göyçə gölünün gələcəkdə “başqa dövlətdə” qala biləcəyini iddia edən siyasətçi bu dəfə Ermənistanın gələcək ərazisinin ermənilərin “qətiyyətindən” asılı olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Ovanisyan sentyabrın 23-də Ermənistan Respublikasının elan edilməsinin 35-ci ildönümü münasibətilə yaydığı müraciətdə bu fikirləri səsləndirib.
Ovanisyan daha sonra diqqətçəkən ifadələr işlədib:
“Növbəti ildönümünü hansı ərazi, status və kimliklə qeyd edəcəyimiz hələ də bizdən, bizim qətiyyətimizdən asılıdır”.
Keçmiş XİN rəhbəri bunun üçün zamanın məhdud olduğunu da iddia edib. Onun sözlərinə görə, bundan sonra nə qədər danışılmasından asılı olmayaraq, “hərəkət etmək üçün tarixi imkan pəncərəsi” birdəfəlik bağlana bilər.
Ovanisyan müraciətində konkret olaraq hansı əraziləri nəzərdə tutduğunu və “hərəkət etmək” dedikdə hansı addımları təklif etdiyini açıqlamayıb.
Musavat.com
23 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ