Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Yaxın Şərqdəki əsas müttəfiq ölkələri Vaşinqtonu İrana qarşı mümkün hərbi zərbədən imtina etməyə çağırır.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Qəzetin məlumatına görə, bu ölkələr belə bir addımın regionda genişmiqyaslı müharibəyə yol aça biləcəyindən ciddi şəkildə narahatdır.
Məqalədə bildirilir ki, son həftələrdə ABŞ ilə sıx əlaqədə olan bir sıra Yaxın Şərq dövlətlərinin yüksək vəzifəli rəsmiləri Tramp administrasiyasıyla qapalı təmaslarda İrana qarşı hərbi əməliyyatların nəticələri barədə xəbərdarlıqlar ediblər. Onların fikrincə, Tehrana zərbə təkcə İranla məhdudlaşmayacaq, Yaxın Şərqin müxtəlif nöqtələrində silahlı toqquşmaların alovlanmasına səbəb ola bilər.
Müttəfiqlər hesab edir ki, belə bir ssenari regiondakı ABŞ hərbi bazalarını, enerji infrastrukturlarını və mülki obyektləri risk altına salacaq, eyni zamanda Hörmüz boğazı və digər strateji marşrutlar ətrafında vəziyyəti daha da gərginləşdirəcək. Xüsusilə İranın müttəfiq silahlı qruplar vasitəsilə cavab addımları ata biləcəyi ehtimalı ön plana çəkilir.
Məlumata əsasən, bəzi ərəb ölkələri və Körfəz tərəfdaşları Vaşinqtona alternativ yol kimi diplomatik təzyiqin və siyasi kanalların saxlanılmasını təklif edir. Onların mövqeyinə görə, hərbi eskalasiya ABŞ-nin regiondakı maraqlarına uzunmüddətli zərər vura və nəzarətdən çıxan proseslərə səbəb ola bilər.
"The New York Times"ın mənbələrinin bildirdiyinə görə, Tramp administrasiyası İrana qarşı sərt ritorikanı davam etdirsə də, müttəfiqlərin bu mövqeyi Ağ Evdə müzakirələrə təsirsiz ötüşmür. Hazırda Vaşinqtonda hərbi variantlarla yanaşı, mümkün nəticələr və risklər də nəzərdən keçirilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ