Onlayn ictimai-siyasi qəzet
Alimlər və dietoloqlar uzun və sağlam ömrün düsturunu nəhayət tapıblar. Təxminən 105 min sağlam insan arasında aparılan genişmiqyaslı elmi tədqiqat şok nəticələr ortaya qoyub.
Musavat.com "Verywell Health"ə istinadən xəbər verir ki, müəyyən edilmiş 5 xüsusi qidalanma modelindən hər hansı birinə riayət etmək insan ömrünü 1.5 ildən 3 ilə qədər uzatmağa qadirdir.
Mütəxəssislərin sözlərinə görə, bu pəhrizlərə ciddi əməl olunması orqanizmi ürək-damar xəstəlikləri, II tip diabet və müxtəlif xroniki fəsadlardan sığortalayaraq ümumi ölüm riskini kəskin şəkildə azaldır.
Dietoloqların təqdim etdiyi 5 möcüzəvi pəhriz modeli və təfərrüatları:
Alternativ Aralıq dənizi pəhrizi (AMED) klassik Aralıq dənizi qida rasionunun 10 əsas komponentini əhatə edir və qərb əhalisinin həyat tərzinə uyğunlaşdırılıb. Bu sistemdə hər bir qida komponenti 1-dən 5-dək xalla qiymətləndirilir və ümumi bal 10-50 arasında dəyişir.
AMED pəhrizi xüsusilə kartof istisna olmaqla tərəvəzlərin, paxlalıların, meyvələrin, qoz-fındığın, tam taxıllı məhsulların və balığın müntəzəm qəbulunu vurğulayır. Eyni zamanda qırmızı və emal olunmuş ətin minimuma endirilməsi, alkoqolun isə müəyyən normada məhdudlaşdırılması tövsiyə edilir. Yüksək AMED balı toplayan insanlarda ürək-damar xəstəlikləri, II tip diabet, koqnitiv zəifləmə və ölüm riski birmənalı olaraq daha aşağı göstəricilərə malikdir.
Hipertoniyanı Dayanlandırmaq üçün Pəhriz Yanaşması (DASH) dərman preparatları istifadə etmədən yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün xüsusi olaraq hazırlanmışdır.
DASH sistemi 8 qida komponentini əhatə edir (8-40 bal arası). Rasionda daha çox meyvə, tərəvəz, qoz-fındıq, paxlalılar, tam taxıllar və xüsusilə azyağlı süd məhsullarının yer alması tələb olunur (azyağlı süd məhsulları bu pəhrizi digərlərindən fərqləndirən ana amildir). Natrium (duz), qırmızı və emal olunmuş ət, eləcə də şəkərli içkilərdən imtina edilməlidir. Yüksək DASH göstəricisi ürək çatışmazlığı, insult, II tip diabet və böyrək xəstəliklərinin kəskinləşməsi riskini minimuma endirir.
Sağlam bitki mənşəli pəhriz indeksi (hPDI) insanları emal olunmuş hazır qidalardan və heyvan mənşəli məhsullardan uzaq duraraq daha çox təbii, bütöv bitki qidaları yeməyə təşviq edir. Bu pəhriz bitki mənşəli qidalanmanın faydalı və zərərli tərəflərini bir-birindən ayırır. Çünki paketlənmiş hazır bitki qəlyanaltıları təbii bitkilər kimi orqanizmə fayda vermir.
İndeks pəhrizi 17 qida qrupu üzrə (17-85 bal) qiymətləndirir. Heyvan mənşəli məhsulların və zərərli bitki qidalarının azaldılması yüksək bal deməkdir. Bu pəhrizə riayət olunması II tip diabet, ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri və vaxtsız ölüm təhlükəsini əhəmiyyətli dərəcədə azaldır.
DRRD qiymətləndirmə aləti II tip diabetin yaranma riskini azaltmaqla birbaşa əlaqəli olan qidalanma modelini müəyyən edir. Bu sistem 9 komponent üzrə 9-45 bal arası qiymətləndirmə aparır.
Diabet riskini azaldan qidalara taxıl lifləri, qəhvə (kofeinli və kofeinsiz), qoz-fındıq, bütöv meyvələr və paxlalılar daxildir. Trans yağlar, qırmızı/emal olunmuş ətlər və şəkərli içkilər isə diabet riskini kəskin artırır. Yüksək DRRD balı qanda şəkərin nizamlanmasına və orqanizmdəki iltihab proseslərinin qarşısının alınmasına birbaşa kömək edir.
Harvard T.H. Chan İctimai Səhiyyə Məktəbinin alimləri tərəfindən işlənib hazırlanmış AHEI xroniki xəstəliklərin riskini azaltmaq məqsədi daşıyır. Bu alət qida və qida maddələrinin keyfiyyətini qiymətləndirərək onlara 0-dan 10-a qədər ballar təyin edir.
AHEI pəhrizi meyvə, tərəvəz, tam taxıllar, qoz-fındıq, paxlalılar, çoxlu doymamış yağ turşuları (PUFA) və Omeqa-3 qəbulunu stimullaşdırır. Natrium, trans yağlar, şəkərli içkilər, qırmızı ət və alkoqolun məhdudlaşdırılması isə balı yüksəldir. Yüksək AHEI-2010 balı tac damar xəstəlikləri, insult, diabet və ümumi ölüm göstəricilərini kəskin şəkildə aşağı salır.
Dietoloqlar vurğulayır ki, bu pəhrizlərin hər birinin özünəməxsus nüansları olsa da, ortaq məxrəci eynidir: lif və sağlam yağlarla zəngin təbii meyvə-tərəvəzlərə, paxlalılara, tam taxıllara, qoz-fındığa üstünlük vermək, ultra-emal olunmuş hazır qidalardan, trans yağlardan və şəkərli içkilərdən tamamilə imtina etmək.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ