İnsanlara hürriyət, millətlərə istiqlal!

O isim üzə çıxdı: Ayətulla rejimini əvəzləyə bilər - Güney isə bunu istəmir

“İsraillə yanaşı, müxtəlif ölkələr və mərkəzlər də Rza Pəhləvini ciddi fiqur kimi qəbul etməyə başlayıblar”.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İranla bağlı beynəlxalq siyasi arenada baş verənlərə diqqət çəkib:

“Təl-Əviv ABŞ-da yaşayan İran şahının böyük oğlu Rza Pəhləvini İsrailə dəvət etməklə bir neçə məqsəd güdür. Birincisi, Təl-Əviv bununla İrandakı prosesləri dəqqətlə izlədiyini və insanların etirazına dəstək görüntüsü yaratmaq istəyir. Çünki Rza Pəhləvi özünü İrandakı etirazın xaricdəki liderlərindən biri kimi beynəlxalq aləmə tanıtdırmağa çalışır. Təsadüfi deyil ki, Rza Pəhləvi son aylarda Amerikanın müxtəlif şəhərlərində forumlar keçirib, açıqlamalar verib. Onun bu fəallığı diqqətə alınaraq, Münhen Təhlükəsizlik Konfransına dəvət olunmuşdu.

İkincisi, Rza Pəhləvini İsrailin kəşfiyyat naziri Gila Qamliel qəbul edəcək. Bu, Təl-Əvivin İran rejiminə müxalif olanlara mesajıdır ki, İsrail Tehranda rejim dəyişikliyinə hərtərəfli dəstək verməyə hazırdır. İsrail hakimiyyətinin şahın oğlunun səfərinin məqsədini “İsrail ilə İran xalqı arasında körpünün yaradılması və ayətulla rejiminə birgə müqavimətin ifadəsi” adlandırması buna sübutdur.

Üçüncüsü, Pəhləvi aprelin 17-dən 18-dək İsraildə qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü (Holokost) münasibətilə rəsmi mərasimlərdə iştirak edəcək. Bununla Təl-Əviv yəhudilərin farslara düşmən olmadığını göstərmək istəyir. Həqiqət bundan ibarətdir ki, şahın İranda hakim olduğu illərdə bu dövlətin İsraillə normal münasibətləri olub, xalqlar arasında nifaq yox idi. İslam inqilabından sonra dəyərlər dəyişdirildi”.

Elxan Şahinoğlu qeyd edib ki, İsraillə yanaşı, müxtəlif ölkələr və mərkəzlər də Rza Pəhləvini ciddi fiqur kimi qəbul etməyə başlayıblar.

“Güneyli fəallar Rza Pəhləvinin İranın demokratikləşməsi və islahatları ilə bağlı vədlərinə inanmamaqda və ona dəstək verməməkdə haqlıdırlar. Onun atası bunun tərsini edib, azərbaycanlılara münasibətdə şahın mollalardan fərqi olmayıb. Buna baxmayaraq, Qərbdə Rza Pəhləviyə molla rejiminə alternativ kimi baxırlar. Bu, Rza Pəhləvinin artan fəallığı ilə bağlıdır. Bu amili diqqətə almaq lazım gələcək”, - politoloq vurğulayıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR