İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft 200 dollar olur? – Tramp administrasiyası "qlobal iqtisadi şok" ssenarisini masaya qoydu

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərqdəki müharibənin uzanacağı təqdirdə neftin bir barrelinin 200 dollara qədər bahalaşmasının Amerika və dünya iqtisadiyyatına göstərəcəyi sarsıdıcı təsirləri araşdırmağa başlayıb.

Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyinin yaydığı məlumata görə, Ağ Ev rəsmi proqnoz verməsə də, bütün mənfi ssenarilərə, o cümlədən Hörmüz boğazının uzunmüddətli qapanması nəticəsində yarana biləcək "enerji qiyaməti"nə hazır olmaq istəyir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, neftin hətta bir neçə ay ərzində 170 dollar səviyyəsində qalması belə ABŞ və Avropada inflyasiyanı kəskin sürətləndirərək iqtisadi artımı tamamilə dayandıra bilər. 200 dollarlıq qiymət isə dünya iqtisadiyyatı üçün "görünməmiş şok" deməkdir. Hazırda dünya bazarında "Brent" markalı neftin qiyməti 104 dollar ətrafında dalğalansa da, İranın strateji dəniz yollarını minalamaq hədələri və ABŞ-ın "Epik Qəzəb" əməliyyatını davam etdirməsi qiymət artımı riskini pik həddə çatdırıb.

Analitiklərin fikrincə, Trampın bu araşdırmanı başlatması həm də daxili auditoriyaya və neft hasilatçılarına bir mesajdır. Prezident neft qiymətlərini aşağı salmaq üçün strateji ehtiyatların açılması və hasilatın artırılması variantlarını da nəzərdən keçirir. Lakin "The Economist" və digər aparıcı nəşrlər qeyd edirlər ki, 200 dollarlıq neft ssenarisi reallaşarsa, bu, təkcə yanacaq qiymətlərinə deyil, həm də qlobal logistika, ərzaq təhlükəsizliyi və aviasiya sektoruna dağıdıcı zərbə vuracaq.

Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, hökumət istənilən fors-major vəziyyətə qarşı "B planı" hazırlayır və may ayında Pekində keçiriləcək Tramp-Si Szinpin görüşünə qədər enerji bazarlarında sabitliyin bərpası əsas prioritetdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR