İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə rusları bezdirməyə başladı: İTKİLƏR sürətlə artır – KRİTİK 3 AY

Sirr deyil ki, hər hansı müharibə uzandıqca o, tərəflər arasında həm də psixoloji və hətta tükətmə savaşına çevrilir. Xüsusən də yeni nəsil silahlar müharibələrin xarakterini və klassik “hərbi üstünlük” anlayışını dəyişdiyindən, ikinci amil sürətlə ön plana keçməkdədir. Rusiyanın Ukraynaya qarşı 5 ildir apardığı ədalətsiz müharibədə, fasilələrlə davam edən ABŞ-İran hərbi qarşıdirmasında eyni mənzərə müşahidə edilməkdədir.

Gerçək belədir ki, Ukrayna ərazi və əhali sayına görə Rusiyadan geri qalsa da, bu üstünlük texnoloji və Qərbin maliyyə resursları hesabına uğurla kompensasiya olunmaqdadır. O dərəcədə ki, Kiyev hətta başqa ölkələrə müasir PUA-lar satmaq uçun müqavilələr imzalayır, insansız döyüş maşınların (robotlar) istehsalına və cəbhədə dönüş yaratmağa başlayıb. Bəzi əraziləri geri də alıb.

Elə bu gün məlum olub ki, belə əməliyyatların birində 10 mindən çox rus hərbçisi öldürülüb. Ən “isti” xəbərə əsasən, Ukrayna qüvvələri Liman ərazisində düşmənin müdafiə xəttini yararaq, Novoye, Ridkodub və Katerinovka kəndlərini azad edib. Bu zaman 250 rus hərbçisinin təslim olduğu, Rusiyanın 2000 canlı itki verdiyi bildirilir. Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletski bildirib ki, Karpovka və Novomıxaylovka kəndləri üzərində də nəzarət yaradılıb.

Rusiya–Ukrayna müharibəsi: Avropa təşviş içindədir

Şəkk-şübhə yox ki, Ukrayna hərbi sahədə süni intellektin potensialından da daha uğurlu istifadə edəcək və Rusiyanı qabaqlayacaq. Rusiyanın özündə də etiraf artıq edirlər ki, müharibə ölkənin qabaqcıl texnologiyalara çıxışını məhdudlaşdırıb və geri salıb...

Bu arada Rusiyadakı “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov deyib ki, partiyanın bir çox tərəfdarı hakimiyyətə təsir göstərməyin mümkün olduğuna inamını itirdiyi üçün Dumaya son seçkilərdə iştirak etməyib. Partiya liderinin sözlərinə görə, müharibənin doğurduğu problemlər, o cümlədən yanacaq çatışmazlığı seçicilərin əhval-ruhiyyəsinə mənfi təsir göstərib.

Mironova görə, partiyanın tərəfdarlarının əhəmiyyətli hissəsi hakimiyyətin sosial siyasətində dəyişikliklərin zəruri olduğunu düşünsə də, seçkiyə getməyi mənasız hesab edib. O, insanların hakimiyyətə təsir imkanlarına inamını itirməsini ciddi problem adlandırıb...

Bu, əslində, qonşu suveren ölkəyə və xalqa qarşı illərdir davam edən təcavüzkar müharibədən cəmiyyətin yorğun düşməsinin ilk ciddi sıqnalı sayılmalıdır. Demək, ölkədə qismən səfərbərlik cəhdi belə, uğursuzluğa düçar ola bilər.

Bu mənada qarşıdakı 3 ay, xüsusən də qış dövründə Ukraynanın energetik infrastrukturuna güclü zərbələr endiriləcəyi barədə verilən anonslar, yaxud edilən xəbərdarlıqlar boşuna deyil. Ki, bu yolla rəsmi Kreml, Putin Ukrayna cəmiyyətinin artıq sındırıldığı görüntüsü yaradıb öz cəmiyyətinə “qələbə uzada deyil” mesajını ötürsün.

Hərçənd, aydındır ki, Ukrayna silahlı qüvvələri də bu müddətcə sakitcə oturub müşahidə edəsi deyil. Ukrayna xüsusən də uzaq mənzilli (ballistik) raketlərin istehsalının təşkilini yekunlaşdırmaq üzrədir ki, bu da qarşıdakı dönəmdə Kremlin yeni “qorxulu röyası”na çevrilə bilər...

Yəni, belə görünür ki, müharibədən Rusiya cəmiyyəti daha tez bezəcək, nəinki ukraynalılar. Daha bir psixoloji faktora görə: müharibələrin tarixi sübut edir ki, hücuma, işğala məruz qalan tərəf və ya xalq daha dözümlü çıxır, nəinki təcavüzkar tərəf. Rusiya da istisna olmayacaq. Odur ki, ruslar müharibədən nə qədər tez bezsə, bir o qədər özləri üçün də, dünya və bəşəriyyət üçün də yaxşı olar...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR