İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə bölgələrinə getməyin!

2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində baş verən hadisə Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub. Türkiyədən Rostov-na-Don istiqamətində hərəkət edən “Natra” və “Zirkon” adlı yük gəmilərinin pilotsuz uçuş aparatları ilə vurulması nəticəsində 5 nəfərin həlak olması barədə məlumat yayılıb. Məlumata görə, hər iki gəminin heyətində çalışan şəxslər Azərbaycan vətəndaşları olub.

Hadisə bir daha göstərir ki, müharibə və silahlı qarşıdurmaların təsir dairəsində yerləşən ərazilərdə mülki şəxslərin, o cümlədən xarici ölkələrdə çalışan əmək miqrantlarının və dənizçilərin həyatı ciddi təhlükə altındadır.

Münaqişələrin gedişində hərbi və mülki obyektlər arasındakı sərhədlər getdikcə daha çox pozulur, nəticədə isə günahsız insanlar hədəfə çevrilirlər. Məlumata əsasən, həlak olan şəxslər muzdlu dənizçi kimi fərdi qaydada fəaliyyət göstəriblər. Onların çalışdığı gəmilər xarici dövlətlərin bayraqları altında üzüb və Azərbaycan dövləti ilə rəsmi əlaqəyə malik olmayıb. Bu baxımdan baş verən hadisə dövlətlərarası münasibətlərdən deyil, fərdi əmək fəaliyyəti çərçivəsində yaranmış faciə kimi qiymətləndirilir.

Lakin bu faciə xaricdə çalışan Azərbaycan vətəndaşları üçün mühüm çağırış olmalıdır. Dünyanın müxtəlif bölgələrində davam edən müharibələr, silahlı toqquşmalar və geosiyasi gərginliklər fonunda təhlükəli marşrutlardan və münaqişə zonalarına yaxın ərazilərdən uzaq durmaq həyati əhəmiyyət daşıyır. Belə bölgələrdə heç bir iş və ya qazanc insan həyatından üstün ola bilməz. Müharibə şəraitində təhlükəsizliyə tam təminat vermək isə faktiki olaraq mümkün deyil. Son illərdə müxtəlif münaqişə ocaqlarında həlak olan və ya yaralanan azərbaycanlılarla bağlı xəbərlərin sayı az olmayıb. Bəzi hallarda soydaşlarımız iqtisadi səbəblərdən riskli bölgələrdə işləyir, bəzi hallarda isə könüllü şəkildə müxtəlif silahlı qarşıdurmaların iştirakçısına çevrilirlər. Nəticədə faciəvi hadisələr baş verir, ailələr yaxınlarını itirir, cəmiyyət növbəti acı xəbərlə üzləşir.

Bu səbəbdən həmvətənlərimizin xaricdə iş seçərkən fəaliyyət göstərəcəkləri regionun təhlükəsizlik vəziyyətini diqqətlə araşdırmaları vacibdir. Dövlət qurumlarının xəbərdarlıqlarına əməl etmək, münaqişə və hərbi əməliyyatların davam etdiyi ərazilərdən uzaq durmaq hər bir vətəndaşın şəxsi təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Azov dənizində baş verən son hadisə bir daha sübut etdi ki, müharibələrin coğrafiyası genişləndikcə risklər də artır.

photo_2026-06-05_09-59-00.jpg (36 KB)

Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a açıqlamasında bildirib ki, azərbaycanlı gənclərin dənizçilik sahəsində fəaliyyəti ölkəmizdə kifayət qədər inkişaf edib və bu sahənin öz məktəbi var:

“Bildiyiniz kimi, həm Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, həm də Azərbaycan Dövlət Dəniz Akademiyası fəaliyyət göstərir. Bu təhsil müəssisələrini bitirən məzunlar peşəkar dənizçi kimi formalaşırlar və müxtəlif ölkələrin gəmilərində çalışırlar. Onlar müxtəlif şirkətlərlə müqavilə bağlayaraq həmin gəmilərdə matros, mütəxəssis və digər vəzifələrdə fəaliyyət göstərirlər. Bu, təkcə Azərbaycan gəmilərinə aid deyil. Dənizçilər dünyanın müxtəlif ölkələrinin bayraqları altında üzən gəmilərdə çalışırlar. Bu da müqavilə əsasında baş verir. Hansı ölkənin bayrağı altında üzən gəmidə əməkhaqqı və iş şəraiti daha sərfəlidirsə, insanlar da seçimlərini ona uyğun edirlər.

Mən hesab edirəm ki, Azov dənizində fəaliyyət göstərmək həmin şəxslərin təhlükəsizliyi baxımından müəyyən risklər yaradır. Düşünürəm ki, belə seçim edən insanlar öz ailələrini və şəxsi təhlükəsizliklərini də nəzərə almalıdırlar. Həmin şəxslər Azərbaycan vətəndaşı və başqa ölkələrin vətəndaşlığına malik azərbaycanlılar ola bilərlər. Onlara tövsiyə oluna bilər ki, iş seçərkən fəaliyyət göstərəcəkləri istiqamət barədə daha dərindən düşünsünlər. Çünki bu, onların şəxsi təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

Ümumiyyətlə, təkcə dənizçilik sahəsində deyil, digər sahələrdə də Azərbaycan vətəndaşları müxtəlif ölkələrdə müqavilə əsasında çalışırlar və ailələrinin dolanışığını təmin etmək üçün əmək fəaliyyəti ilə məşğul olurlar. Bu, tamamilə təbii haldır. Lakin Azərbaycan qanunvericiliyinə əsasən, əgər vətəndaşlar xaricdə hər hansı bir ordunun tərkibində döyüş əməliyyatlarında iştirak edirlərsə, bu, artıq muzdlu fəaliyyət hesab olunur. Bu isə Azərbaycan qanunlarına ziddir. Yəni Azərbaycan vətəndaşları başqa dövlətlərin ərazisində gedən müharibə və silahlı münaqişələrdə iştirak edirlərsə, bu, qanunvericiliyin tələblərinə uyğun deyil və həmin şəxslər cinayət qanunvericiliyinə əsasən məsuliyyət daşıya bilərlər”.

rövşən.jpg (38 KB)

R. Məhərrəmov deyib ki, əvvəllər də müxtəlif radikal qrupların tərkibində xarici münaqişələrə qoşulan Azərbaycan vətəndaşları olmuşdu. Onların bir hissəsi sonradan saxlanıldı və qanun qarşısında cavab verməli oldular:

“Hazırda dünyanın müxtəlif bölgələrində münaqişələr davam edir. İran-İsrail qarşıdurması, Rusiya-Ukrayna müharibəsi kimi proseslər gedir. Aldığımız məlumatlara görə, həm Ukrayna Silahlı Qüvvələrinin, həm də Rusiya tərəfinin tərkibində azərbaycanlılar var. Hətta onların arasında Azərbaycan vətəndaşları da mövcuddur. Təəssüf ki, hər iki tərəfdə həlak olan soydaşlarımız barədə məlumatlar yayılır. Sağ qalan şəxslərlə bağlı isə hesab edirəm ki, hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır. Aidiyyəti qurumların bu şəxslər barədə məlumatları var. Həmin şəxslər Azərbaycana qayıtdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun şəkildə məsuliyyət məsələsinə baxıla bilər. Çünki bu, Azərbaycan qanunlarına zidd olan bir fəaliyyətdir. Muzdlu qaydada, müqavilə əsasında hər hansı bir dövlətin silahlı qüvvələrinin tərkibində başqa dövlətə qarşı müharibədə iştirak etmək Azərbaycan qanunvericiliyinə görə cinayət hesab olunur”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR