İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilir. Bununla da MSK parlament seçkilərinə rəsmən start verir.

Gündəlikdə Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiqi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırllması məqsədilə MSK-nın nəzdində ekspert qrupu yaradılması daxildir.

Bundan başqa, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılması və tərkibinin müəyyən edilməsi də var.

Eyni zamanda, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik ediləcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR