Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Nəsimi və Yasamal rayonu ərazisində - “Şamaxinka” adlanan yerdə yol hərəkətində dəyişikliklər qüvvəyə minib.
Dəyişikliklər bu ərazidə müşahidə olunan tıxacların mümkün qədər aradan qaldırılması və hərəkətin instensivliyinin təmin edilməsi üçündür. Amma həmin küçəyə paralel olan küçə ilə, daha doğrusu, küçənin adı ilə bağlı qəribəlik var. Nə qədər paradoksal və utancvevrici olsa da, şəhərin şimal girişi olan və “Şamxinka” adlanan ərazidən 20 Yanvar dairəsi istiqamətinə uzanan küçənin adı hələ də “Moskva küçəsi” olaraq qalır. Bu, məhz o küçədir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxtı Moskva olan SSRİ-nin rəhbərliyinin əmri ilə Rusiya şəhərlərindən Azərbaycana yeridilən ordu orada dinc azərbaycanlıları qanına qəltan eləmiş, insanların üzərindən tankla keçmişdi.
Azərbaycan şəhidlərinin və bütün xalqın mübarizəsi, qanı ilə 35 ilə yaxındır müstəqillik qazanıb. Müstəqil Azərbaycanın paytaxtının şimal girişində – qanlı hadisələrin yaşandığı ərazidə yerləşən küçənin “Moskva küçəsi” adlandırılması yəqin ki, heç bir Azərbaycanlıda xoş əhval yaratmır. Çünki küçə adları sadəcə ünvan deyil, tarixi yaddaşın bir parçasıdır.
Azərbaycan xalqının qanının töküldüyü bir küçənin məhz xalqımızın qanını tökmüş imperiyanın paytaxtının adını daşıması həm də mənəvi ziddiyyət yaradır. Bu ad, 20 Yanvar şəhidlərinin xatirəsinə uyğun gəlməyən simvol kimi qiymətləndirilir.
Küçənin adının dəyişdirilməsi tarixi qisas deyil, tarixi ədalətin bərpası və şəhidlərin ruhuna sayğı kimi qiymətləndirilə bilər.
Küçəyə 20 Yanvar şəhidlərinin adının verilməsi, yaxud “Şəhidlər küçəsi”, “20 Yanvar prospekti” kimi adlandırılması həm tarixi həqiqətə, həm də milli yaddaşa daha uyğun olardı.
Bu məsələ cəmiyyət üçün sadəcə ad dəyişikliyi deyil, milli ləyaqət, tarixi ədalət və şəhidlərin xatirəsinə hörmət məsələsidir.
Etibar Seyidağa,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ