İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Gimnastika Arenasında BDU-nun Məzun Günü keçirilib

İyunun 27-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Musavat.com xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb:

“Bu gün 105 yaşlı Universitetimizin həyatında əlamətdar və unudulmaz gündür. 5000-dən çox məzun yaddaşlarına daimi həkk olunacaq tələbəlik illəri ilə vidalaşıb, ömür yollarının yeni mərhələsinə qədəm qoyur. BDU ailəsinin bir parçası olan məzunların hər biri Universitetin tarixində yeni bir səhifə yazıb. Bu, sizin gələcəkdəki böyük nailiyyətlərinizin başlanğıcıdır. Bu yolda müəllimlərinizin, ailələrinizin və yaxınlarınızın da əməyi danılmazdır. Siz xalqımızın və dövlətimizin yeni mərhələyə qədəm qoyduğu, ölkə həyatının hər bir sahəsində davamlı və dayanıqlı inkişafın, elmi-texniki tərəqqinin vüsət aldığı bir dövrdə məzun olursunuz. Tələbəlik illəriniz xalqımız və dövlətimiz üçün taleyüklü hadisələrlə zəngin bir dövrə təsadüf etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz böyük Zəfərə imza atmaqla ölkəmizin ərazi bütövlüyünü təmin etdi. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, mövqeyi möhkəmləndi. Böyük qürur və fəxarət hissi ilə qeyd etmək istərdim ki, döyüş meydanında qanından və canından keçərək qələbəyə imza atanlar arasında Universitet yetirmələri – məzun və tələbələrimiz də oldu. Bu gün BDU məzunları işğaldan azad olmuş ərazilərdə genişmiqyası bərpa və quruculuq işlərinə həvəslə qoşulur, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəlmiş layihələrdə aktiv iştirak edirlər. Azərbaycan dövləti siyasi və iqtisadi, sosial və mədəni sahələrdə yeni-yeni uğurlara imza atmaqda davam edir. Ölkəmizdə yeni iş yerləri açılır, insan kapitalının müasir tələblərə uyğun şəkildə formalaşması yolunda ciddi addımlar atılır. Gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan gənci milli və mədəni köklərinə sadiq qalaraq beynəlxalq tribunalarda ölkəmizi qürurla təmsil edir. Sizin gəncliyə xas olan yeni innovativ fikirləriniz, araşdırmalarınız və sosial layihələriniz Qarabağ və Şərqi Zəngəzurun inkişafına, quruculuq işlərinin sürətlənməsinə mühüm töhfələr verəcək. Universitetdə əldə etdiyiniz bilik və bacarıqlara arxalanaraq, dövlətimiz və xalqımız qarşısında böyük məsuliyyəti dərk edərək gənc mütəxəssis kimi Vətənə xidmət etmək sizin şərəfli missiyanızdır. “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” deməklə qocaman elm və təhsil ocağımıza yüksək dəyər vermiş Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərini unutmayın. Həmişə fəxr edin ki, siz xalqımızın Ümummilli Liderinin, dünya şöhrətli dövlət xadiminin məzunu olduğu Bakı Dövlət Universitetinin məzunlarısınız. Unutmayın ki, Ulu Öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb. Həqiqətən də xalqımızın milli sərvətinə və milli iftixarına çevrilən BDU həmişə sizin eviniz olacaq. Burada qazandığınız dostluqlar, biliklər və dəyərlər ömür boyu sizinlə qalacaq”.

MEZUN.jpeg (298 KB)

Rektor qeyd edib ki, bu il Məzun Günü BDU-nun yaranmasının 105 illik yubileyinə təsadüf edir.

105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlamış Universitetdə bu gün 16 fakültədə 1500 nəfərlik professor-müəllim heyəti çalışır, 25000-ə yaxın tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 5 elmi-tədqiqat mərkəzi, Mükəmməllik Mərkəzi, 22 elmi-tədqiqat laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. BDU ölkəmizdə rəqabətədavamlı və intellektli insan kapitalının formalaşmasına xidmət göstərmək, Vətənimizin dünya elm, təhsil və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ali missiyasını şərəflə yerinə yetirir. Hazırda Universitetdə tədris prosesi tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində, müasir, innovativ təlim texnologiyaları əsasında qurulur. Tədqiqat işlərinin məzmunu daim yenilənir. Dünyanın aparıcı universitetləri – Türkiyə, Almaniya, Çin, ABŞ, İsrail, İsveçrə, Qazaxıstan, Özbəkistanın nüfuzlu ali təhsil müəssisələri ilə bakalavriat, magistratura və doktorantura səviyyələrində 12 ikili diplom proqramı əsasında kadr hazırlığı həyata keçirilir. Bu il dünyanın ən nüfuzlu universitetlərinin reytinqlərindən olan QS beynəlxalq reytinqində BDU 179 pillə irəliləyərək 951-1000 aralığında qərarlaşıb. BDU “Times Higher Education World University” beynəlxalq reytinq siyahısında ölkəmizdən təmsil olunan yeganə universitetdir. BDU bundan sonra da beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, bilikli və bacarıqlı, ümumbəşəri və milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, dövlətinə sadiq və vətənpərvərlik ruhunda tərbiyə almış yüksəkixtisaslı mütəxəssis hazırlığını əzmlə davam etdirəcək: “BDU fəaliyyət göstərdiyi 105 illik dövr ərzində 200 mindən çox yüksəkixtisaslı mütəxəssis yetişdirib. BDU məzunları tarix boyu ölkə həyatının müxtəlif sahələrində, dövlət quruculuğunda məsuliyyətli və şərəfli missiyanı layiqincə yerinə yetiriblər. BDU ailəsi öz məzunları ilə fəxr edir, onların elmi, peşə və yaradıcı fəaliyyətindən qürur duyur”.

Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Gənclərə tövsiyə və arzularını çatdıran nazir onların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacağına əminliyini ifadə edib, dövlətin həmişə gənclərin yanında olduğunu deyib.

Elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, ölkə üzrə bu il 85 mindən çox tələbə məzun adını qazanıb. Onlardan 56 mindən çoxu ali təhsil müəssisələrindən məzun olur. BDU-nu isə 5000-dən tələbə bitirir. Nazir müavini həmçinin qeyd edib ki, təhsil sistemi qlobal çağırışlara cavab verməli, əmək bazarı yeni bilik, bacarıqlar və kompetensiyalar əsasında formalaşmalıdır.

Sonra BDU haqqında videoçarx nümayiş olunub.

BDU Himayəçilər Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli, Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Türkiyənin Adana Şəhəri Təhsil İdarəsinin müdir müavini Murat Sert, Vətən Müharibəsi Qəhrəmanı, Ali Hərbi Məktəbin rektoru vəzifəsini icra edən polkovnik Nizami Mövlanov, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.

BDU-nun sıx əməkdaşlıq etdiyi Türkiyənin İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyt Tuymabaev, Çin Xalq Respublikasının Anhui Universitetinin prezidenti Sun Changyin, Yaponiyanın Tsukuba Universitetinin prezidenti Nagata Kyosuke, BDU-nun tanınmış məzunları - Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov, Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, AMEA-nın həqiqi üzvü, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev, Böyük Britaniyanın Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri Qərib Mürşüdov, Avstriyadan 2005-ci ilin Nobel Sülh mükafatı alan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) komandasının üzvü Bəxtiyar Siracov, ABŞ-nin Emory Universitetinin professoru, Emerson Elmi Hesablamalar Mərkəzinin direktoru Cəmaləddin Musayev, Böyük Britaniya, Edinburg Universitetinin Dövlət siyasəti ixtisası üzrə magistrantı, Dövlət Proqramının qalibi Nihad Abbas, Böyük Britaniyanın York Universitetinin Biotibbi elmlər ixtisası üzrə magistrantı, Dövlət Proqramının qalibi Gülər Alışova videomüraciətlərində BDU-nun Azərbaycanın ictimai-siyasi həyatında önəmini qeyd edib, 105 yaşlı Universitetə və məzunlara təbriklərini çatdırıblar.

Tədbirin özəl qonağı Türkiyənin ilk astronavtı Alper Gezeravcı olub. Məzunlara təbriklərini çatdıran Alper Gezeravcı BDU məzunlarının özəl gününü təbrik etməkdən məmnunluğunu bildirib: "Həyatınızda böyük iz buraxacaq anı yaşayırsız. Əminəm həyatda bacarmaq istədiyiniz hədəflərə universitet təhsili sayəsində nail olacaqsız. Bundan sonrakı karyeranızda sizə uğur olsun!".

Tədbirdə BDU-nun Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzununa sertifikat və hədiyyələr təqdim edilib. Xatirə lövhəsinə ən yüksək ÜOMG-yə malik olan BDU tələbələrinin adları həkk edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR