İnsanlara hürriyət, millətlərə istiqlal!

Madam merin erməni(fil)liyi – İspaniyadan eşşəkdə qaçan kişinin nəvəsi Qafqaza TIR-la gəlir

Dünənə, srağagünə qədər biz millət olaraq bu qadını tanımırdıq, heç böyük ölçüdə Parisin merinin kim olduğunu da bilmirdik.

Amma bu gün ölkənin siyasətlə ilgilənən, ümumiyyətlə, vətəninin ümdə problemlərinə görə narahat olan hər kəs Parisin meri Ann Hidalqonu tanıyır.

64 yaşlı bu qadın ökəmizdəki bədnam şöhrətini ermənilərə qahmar çıxmasıyla, üstünə “artsax” yazılmış yük maşınlarla Laçına gəlməsiylə qazandı və bir neçə günün içində məşhur adama çevrildi. İndi onu aləm tanıyır.

Biz madam Hidalqonu bir az da yaxından tanıyaq.

anne-hidalgo-800x445.jpg (58 KB)

O, 1959-cu ildə İspaniyanın Andalusiya əyalətində San Fernando şəhərində anadan olub. 1961-ci ildə valideynləri Antonio və Mari Hidalqo ilə birlikdə Fransaya köçərək Lionda məskunlaşıb.

Hidalqo 2014-cü ildən Paris şəhərinin meridir, Parisin tarixində mer postunu tutan ilk qadındır.

Onun ata tərəfdən babası Antonio Hidalqo 1937-ci ildə Franko İspaniyasında eşşəyə minərək Pireneyi keçib və Fransaya qaçıb. İspaniya kommunisti olan Antonio iki il sonra İspaniyaya qayıdıb, həbs olunub, ölüm cəzasına məhkum edilib, daha sonra cəzası ömürlük həbslə əvəzlənib, üç ildən sonra azad edilib.

Sosial iş və hüquq təhsili almış Ann Hidalqo 1984-cü ildə əmək müfəttişi işləməyə başlayıb 1993-cü ilə qədər bu işdə çalışıb.

щвфд-сфмфт.JPG (22 KB)

Gələcək mer 1997-ci ildən siyasətlə məşğuldur. O, nazirlər Martin Obrinin, Nikol Perinin, Mariliz Lebranşonun aparatında müxtəlif vəzifələrdə çalışıb.

2001-2014-cü illərdə o, Parisin meri, sosialist Bertran Delanonun müavini vəzifəsində çalışıb. Görünür, madam Hidalqo mer işləməyin sirlərini burada öyrənib.

2014-cü il bələdiyyə seçkilərində o, Paris merli postuna namizəd olub, həmcinsi Natali Kostyuşko-Morize ilə birlikdə ikinci tura keçib, sonra ona qalib gələrək Paris meri vəzifəsini tutub. 2020-ci ildə keçirilən bələdiyyə seçkilərinin ikinci turunda o, ikinci müddətə yenidən bələdiyyə sədri seçilib.

20230830104334.jpg (10 KB)

Bu uğurlardan sonra Ann Hidalqonun siyasi ambisiyası qabarıb və o, Fransanın prezidenti olmaq istəyib. 14 oktyabr 2021-ci ildə Hidalqo 2022-ci il prezident seçkilərində Sosialist Partiyasının namizədi kimi rəsmi olaraq irəli sürülüb. Ancaq seçkinin ilk turunda o, 1,75% səs toplayaraq, autsayderlərdən biri olub, onuncu yeri tutub. Bundan sonra Hidalqo tərəfdarlarını ikinci turda Emmanuel Makrona səs verməyə çağırıb.

Hidalqo dövrün, zamanın nəbzini tutmağı bacaran siyasətçidir, küləyin hansı tərəfdən əsdiyini bilir. O, Parisin ekoloji durumunun pisləşdiyinin fərqinə vararaq, bu məsələnin ictimaiyyətin əndişə predmeti olduğunu anladığı üçün 2016-cı ilin may ayında şəhərdə havanın çirklənməsi ilə mübarizə aparmaq məqsədilə Parisin müəyyən ərazilərinə bütün avtomobillərin girişinə qadağa tətbiq edib. Bu kampaniya “Paris Respare” (hərfi mənada “Paris nəfəs alır”) adı alıb.

22222000.JPG (27 KB)

O, həmçinin Paris küçələrində dizel mühərriklərinin qadağan edilməsini təklif edib, Paris metrosunun gecə-gündüz xidmət göstərəcəyini vəd edib.

Rəhbərlik etdiyi şəhər üçün çox işlər görən Hidalqo anlayır ki, onun yaxın gələcəkdə prezident olması üçün Parisin çoxmilyonluq elektoratının dəstəyini alması lazımdır.

129537.jpg (78 KB)

Onun ermənifilliyi də dünənin, bu günün həvəsi deyil. Hələ 2018-ci ilin yanvarında Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfəri çərçivəsində Parisdə paytaxt meri Ann İdalqo ilə görüşüb. Meriya onun şərəfinə ziyafət təşkil edib, Serj Sarkisyan və Ann Hidalqo çıxış ediblər. Paris meri çıxışını erməni xalqına ünvanlanan emosional sözlərlə bitirib.

Bundan 8 ay sonra İdalqo Ermənistanın baş naziri Nikol Paşinyanla da Parisdə görüşüb, yenə də duyğusal danışıb: “İrəvanın parislilərin qəlbində xüsusi yeri var və biz Ermənistanın paytaxtı ilə əlaqələri daha da gücləndirməkdə maraqlıyıq”.

f5b9cae4ff3c9e_5b9cae4ff3cdd.thumb.jpg (158 KB)

Görünür, onun yenidən qabaran ermənfilliyi həm “dar gündə olan bacılarına yardım əli uzatmaq” səciyyəsi daşıyır, həm də sırf seçici səsləri üçündür. Parisdə favorit olan Hidalqo erməni seçicilərin fəal və çox olduğu Marseldə və digər şəhərlərdə də özü üçün sabit elektorat təşkil edəcəyini düşünür. O, Fransada keçirilən istənilən seçkidə mütəşəkkil erməni diasporunun səslərindən çox şeyin asılı olduğunu bilir, son 20-30 ilin seçki təcrübəsi belə bir amilin işləkliyini təsdiqləyib.

Fransada hamı bilir ki, ermənilər seçkilərə vahid partiyanın üzvləri kimi gedirlər. Onların arasında hansısa partiyanın ideologiyasına könül vermək, proqram və konsepsiyalarına görə seçim etmək söhbəti yoxdur, hansı partiya özünü daha çox ermənifil göstərir, “erməni məsələsi”ni qabardırsa, onlara çox vəd verirsə, Fransa erməniləri də yekdilliklə o qüvvəyə səs verirlər.

Fransa siyasilərinin ermənilərin nazıyla bu qədər oynamasının əsas sirri də budur.

Ann İdalqonun bu günlərdə sosial şəbəkədə “Bu sınaq zamanı Paris ermənilərin tərəfindədir” yazması, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin vəziyyətini müzakirə etmək üçün Fransanın birləşmiş erməni diaspirunun həmsədrləri Murad Papazyan və Ara Toranyanla görüşməsi bu məqsədi daşıyır: Bu gün İdalqo və Paris ermənilərin tərəfindədir, sabah da ermənilər İdalqonun tərəfində olsun.

71473_original.jpg (55 KB)

Zatən, ermənilərə də həmişə bir arxa-dayaq, onların işinə yarayan bir yüksək vəzifəli adam lazımdır. Ermənipərəst Makron vəzifədən gedəndən sonra onun yerini daha bir ermənipərəst president tutmalıdır, ya yox?

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR