İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkonun Ermənistan “dərdi” - “Batka” hansı “haqlı tələb”dən danışır?

Belarus lideri KTMT-ni Azərbaycana qarşı addımlar atmağa çağırır; ekspertlərin fərqli yanaşması var

Azərbaycanın hər zaman səmimi münasibət göstərdiyi, humanitar yardımlarla və ən kritik zamanlarında borcla təmin etdiyi Belarusun prezidenti Aleksandr Lukaşenko son zamanlar qəribə davranışlar sərgiləyir. O, ötən seçkilərdə ən ağır siyasi günlərini yaşayanda, dünya üstünə gələndə də Azərbaycandan ancaq yaxşılıq, neytrallıq görüb. Ancaq o, ümumiyyətlə dünyada və MDB məkanında gedən proseslərə münasibətdə xaotik davranışlarını həm də ölkəmizə münasibətdə göstərməyə başlayıb. Daha dəqiqi, “Batka”da birdən-birə işğalçı Ermənistana qarşı “sevgi” baş qaldırıb.

“Ermənistanın da özünə görə haqlı tələbləri var” deyən Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə problemlərdən qaçmağa deyil, nə qədər çətin olsa da, onları həll etməyə çağırıb. “Yeni Müsavat” xəbər verir ki, bununla bağlı rəsmi BELTA agentliyi məlumat yayıb. Lukaşenko KTMT-nin indi çətin zamanlardan keçdiyini və sülhün qorunması üçün qüvvələrin, təcrübənin və resursların maksimum səfərbər olunmasının vacib olduğunu söyləyib. KTMT-nin fəaliyyətini qiymətləndirən Lukaşenko qeyd edib ki, təşkilat bəzən konkret problemləri həll etmədiyinə görə haqlı olaraq tənqid olunur.

luka.jpg (66 KB)

“Qırğızıstan uzun müddətdir ki, Tacikistanla münaqişənin həllində kömək istəyir. Ermənistan tərəfindən haqlı iddialar irəli sürülür. Əgər biz bu problemləri həll etməsək, KTMT ölkələri həmişə bir-birini qınayacaq. Biz KTMT ölkələrinin problemləri ilə ciddi məşğul olmalıdır”, - deyə Lukaşenko bildirib. Maraqlıdır, özünün taleyi belə sual altında olan, hər an devrilə biləcəyi ehtimal olunan Lukaşenko nədən Ermənistanın qeydə qalmağa başlayıb? Və o dəqiq bilir ki, Azərbaycanla bağlı məsələdə Ermənistanın KTMT-dən tələbləri tamamilə yersiz və qanunsuzdur, haqsızdır. Belə olan halda o hansı “haqlı tələb”lərdən bəhs edir? Belarus prezidenti nədən belə davranmağa başlayıb? Kremlin təzyiqləri ilə edir, yoxsa hansısa məqsədi var? Lukaşenko “haqlı tələb” deyəndə nəyi nəzərdə tutur, yəni KTMT Ermənistanın çağırışlarına səs verərək Azərbaycana qarşı şərti sərhəddə addımlar atmalıdır?

xeyal.jpg (31 KB)

Siyasi şərhçi Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Lukaşenko KTMT iclaslarında Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğunu həmişə bildirib. “İndi nə baş verdi ki, Lukaşenko mövqeyində dəyişiklik etdi? Bu yanaşma onun nüfuzuna xələl gətirir. Eləcə də Belarus dövlətinin mövqeyini ifadə etmiş olur. Məncə, bu fikirləri səsləndirməsi artıqdır, ya da belə görünür ki, əvvəlki mövqeyindən çəkilib. Əslində KTMT-də aparıcı dövlət olan Belarus Ermənistanın son açıqlamalarını nəzərə almalıdır. Misal üçün Paşinyan İrəvanda keçirilən sammitdə Ermənistanda KTMT təlimlərinin təşkilindən imtina etdi. Lukaşenko bunu görmür? Paşinyan bu təşkilatdan çıxmaqla bağlı fikirlər səsləndirir, İrəvanın münasibətini müşahidə etmir?”

Ekspertin fikrincə, Belarusda Ermənistana hər hansı sevgi ola bilməz, sadəcə, Lukaşenkonun bu açıqlaması maraqlardan irəli gəlir: “Belarusun paytaxtı Minskdə ATƏT-in Minsk qrupu yaradılmışdı, 30 il münaqişənin həlli üçün heç bir iş görülmədi. İndi Lukaşenkonun mövqeyi də anlaşılmazdır. O, Azərbaycanla münasibətləri nəzərə almalıdır. Əgər KTMT qüvvələri ora yerləşdirilirsə, onda sülhməramlı kontingent bölgədə olmamalıdır. KTMT deyəndə Rusiya yada düşür. Əgər belədirsə, rus sülhməramlılar orada mövcuddursa, KTMT qoşunlarına nə ehtiyac var? Sadəcə, məqsəd Avropa Birliyinin mülki missiyasına cavab ola bilər”.

ramiye.jpg (31 KB)

Siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, Lukaşenkonun “Ermənistanın haqlı iddiaları” söyləməsi İrəvanın könlünü almağa və KTMT-ni tərk etməməsinə hesablanıb: “Hesab etmirəm ki, “Batka” Azərbaycana qarşı münasibət sərgiləmək istəyib. Onun prezident Əliyevlə yaxşı əlaqələri var və Bakıdan həmişə dəstək görüb. Sadəcə, Simonyan, Paşinyan tez-tez KTMT-dən giley - güzar edir, Belarus lideri də onların ürəyini almaq üçün haqq qazandırmağa çalışır. Lukaşenko istəmir ki, ABŞ bölgədə güclənsin və Ermənistanı bu blokdan qoparsın. Ancaq bir məsələni unudur ki, İrəvanın bu təşkilatdan tələbləri nədən ibarətdir - Azərbaycanın şərti sərhəddə addımlarına mane olmaq, KTMT qoşunlarının yeridilib hansısa əraziləri kontrola götürməsi. Digər tərəfdən də “Batka”nın Putinin əlaltısı olduğunu nəzərə almalıyıq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR