İnsanlara hürriyət, millətlərə istiqlal!

Le Pen prezidentlik şansını geri qaytarmağa çalışır

Fransada gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində sağçı Milli Birlik Partiyasında (Rassemblement National) gözlənilməz siyasi gərginlik yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Məlumata əsasən, partiyanın uzun illər əsas siması olan Marin Le Pen ötən il Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə ittiham olunaraq məhkum edilib və nəticədə beş il müddətinə seçkilərdə namizədliyini irəli sürmək hüququndan məhrum olunub. Bu qərar onu prezidentlik yarışından kənarda saxlayır və partiyanın gənc lideri Jordan Bardellanın önə çıxması ehtimalını artırır.

Bu həftə Le Pen həmin qərara qarşı apellyasiya prosesinə başlayıb. Məhkəmə prosesi bir ay davam edəcək, yekun qərarın isə yay aylarında açıqlanacağı gözlənilir. Le Pen bu dəfə öz müdafiəsini siyasi ittihamlar üzərindən deyil, daha çox texniki hüquqi arqumentlərlə qurmağa hazırlaşır. Onun komandasının əsas xətti cəzanın “cinayətə nisbətən həddən artıq ağır və qeyri-proporsional olduğu” iddiasıdır.

Milli Birlik Partiyası rəsmi olaraq Le Pen-in prezident seçkilərində əsas namizəd olduğunu bildirir. Lakin Le Penin hüquqi taleyi qeyri-müəyyən olduğu halda, partiya daxilində 30 yaşlı Jordan Bardellanın sürətlə yüksəlişi davam edir. Son sorğular Bardellanın populyarlıq reytinqində Le Peni geridə qoyduğunu göstərib və siyasi şərhçilər bu vəziyyəti partiyanın “Plan B”sinin artıq “Plan A”ya çevrilməsi kimi dəyərləndirirlər.

Bardellanın gənc yaşına baxmayaraq, o, artıq seçki kampaniyası üçün formalaşdırılmış siyasi profilə sahibdir və Fransa elektoratının xüsusilə gənc seqmentində populyarlığı artmaqdadır. Sentyabr–dekabr dövründə bir neçə sorğu Bardellanın prezident seçkilərinin hər iki turunda qalib gələ biləcəyini göstərib.

2024-cü ildə keçirilmiş ilkin məhkəmə prosesində Milli Birlik Partiyası müdafiəni daha çox siyasi təqib xətti üzərindən qurmuş və Le Pen özünü demokratik haqları tapdanmış “qurban” kimi təqdim etmişdi. Lakin bu taktika gözlənilən effekti verməyib və onun məhkumluğu ilə nəticələnib.

Bu dəfə strategiya dəyişir. Partiya daxilində mövcud olan məlumatlara görə, Le Pen və digər həm-müttəhimlər bu dəfə daha sakit, hüquqi və texniki müdafiə xəttinə üstünlük verəcək, məhkəmə prosesinin siyasi yükünü azaltmağa çalışacaqlar. Məhkəmə sənədlərinin “sətir-sətir” analiz ediləcəyi və prosedur pozuntularının hədəf alınacağı gözlənilir.

Le Penin seçkiyə qatılıb-qatılmaması təkcə bir partiya üçün deyil, Fransanın bütövlükdə siyasi səhnəsi üçün təsirli nəticələr yarada bilər. Le Penin uzaqlaşdırılması halında sağ cinahda nəsil dəyişikliyi baş verə və Bardella Fransanın yeni siyasi simalarından birinə çevrilə bilər. Seçkiyə az müddət qaldığı üçün Le Pen-in apellyasiyanı uduzması onun prezidentlik planlarının faktiki olaraq sonu demək olacaq.

Avropa siyasi dairələrində də proses diqqətlə izlənilir. Gözləntilərə görə, bu məhkəmənin nəticəsi yalnız Fransanın daxili siyasətini deyil, həm də Aİ daxilində güc balansını dəyişə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR