İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım türklərinin liderlərindən biri Rusiya zindanından buraxıldı: Erdoğan da xahiş etmişdi

 

Krım Tatar Milli Məclisinin sədr müavini Nəriman Cəlal əsir mübadiləsi nəticəsində azadlığa buraxılıb. 

Musavat.com BAO-nun Mətbuat Xidmətinə əsasən xəbər verir ki, Nəriman Cəlal Rusiya tərəfindən heç bir cinayəti olmadığı halda 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.  O, 2 il 9 ay məhbus həyatı yaşayandan sonra nəhayət, azadlığına qovuşdu.

Nəriman Cəlal Ukrayna vətəndaşıdır və "sabotaj" ittihamı ilə 2021-ci ildə 5 Krım türkü ilə birlikdə həbs olunmuşdu.

WhatsApp Image 2024-06-29 at 11.56.39.jpeg (86 KB)

O, 17 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ukrayna hökumətinin rəsmi məlumatlarında "Sibirdə əsir kimi saxlanılır" ifadəsi ilə təqdim olunub.

Nəriman Cəlal Rusiya Federal Penitensiar Xidmətinin Krasnoyarsk vilayətindəki Federal Cəzaçəkmə Müəssisəsi Həbsxanasında saxlanılırdı.

Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Nəriman Cəlalın azad olunması üçün Rusiya dövlətinə müraciət etmişdi.

Musavat.com Krım türklərinin bu parlaq lideri barədə bəzi məlumatları təqdim  edir:

Krım Tatar Milli Məclisinin sədr müavini Nəriman Cəlal 1980-ci il aprelin 27-də Özbəkistanın Nəvai şəhərində, mühacirətdə anadan olub. Atası Ənvər və anası Ayşə 18 may 1944-cü ildə ailələri və bütün digər Krım tatarları ilə birlikdə Bahçesarayın digər kəndlərindən sürgün edilmişdi. Ayşə və Ənvər Cəlal 1989-cu ildə 3 uşaqları ilə tarixi vətənləri Krıma qayıdıblar.

Nəriman Cəlal 1997-2002-ci illərdə İ.İ. Meçnikov Odessa Milli Universitetinin Sosial Elmlər İnstitutunda təhsil alıb. Daha sonra siyasi elmlər üzrə magistr dərəcəsi qazanıb.

WhatsApp Image 2024-06-29 at 11.59.26.jpeg (9 KB)

2005-ci ildən Akmescitdə çıxan Krım tatarlarının “Avdet” qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 2007-2012-ci illərdə Akmescit Beynəlxalq Məktəbində hüquq tarixi fənnini tədris edib. “Avdet” qəzetində yazdığı yazılar və iştirak etdiyi milli-mədəni fəaliyyətlərlə ictimaiyyət arasında qısa zamanda tanınan, sakit, mədəni, tolerant və intellektual şəxsiyyəti ilə sevilən Nəriman Cəlal Krım nümayəndəsi seçilib. 2007-ci ildə edilən seçkilərdə Tatar Milli Konqresi və Krım Tatar Milli Məclisinin Konqresi üzvü olaraq iştirak edib. 2011-2014-cü illərdə Krımın Rusiya tərəfindən işğalına və kanalın fəaliyyətinə qadağa qoyulana qədər o, ilk müstəqil özəl Krım tatar telekanalı olan ATR-də siyasi proqram müəllifi və aparıcısı, redaktoru və xəbər aparıcısı vəzifələrində çalışıb. O, 2013-cü ilin oktyabrında Akmescitdə keçirilən sonuncu Krım Tatar Milli Konqresində yenidən millət vəkili seçilib və Məclisin ilk iclasında Krım Tatar Milli Məclisinin sədr müavini vəzifəsinə təyin edilib. O, 2015-ci ilin martından Krım Tatar Milli Məclisi sədrinin birinci müavinidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR