İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldə Rusiyaya xəyanət edən qruplaşma fəallaşıb: Ərdoğanla Putini düşmənə çevirmək planı işə salınıb

Bəzi rus siyasi dairələr məqsədli şəkildə Türkiyə-Rusiya münasibətlərini pozmağa çalışırlar, halbuki, bu, rəsmi Ankaraya elə bir ciddi problem yaratmaz, Kremlin düşdüyü mövcud situasiyanı isə daha da ağırlaşdıra bilər... Türkiyə hazırda Rusiya üçün dünyaya əsas “pəncərə” rolunu oynamaqla yanaşı, həm də bu ölkənin önəmli iqtisadi-ticari tərəfdaşı sayılır, indi prezident Putini devirmək istəyənlər Kreml bu “nəfəslik”dən məhrum buraxmaq istəyirlər...

Rusiyanın beynəlxalq məkandan sıxışdırılması prosesi son mərhələyə yaxınlaşır. Belə ki, hazırda Kreml ölkə sərhədlərindən kənarda yalnız Rusiya səfirlikləri hesabına təmsil olunur. Həmin səfirliklərin də şəxsi heyəti isə ciddi şəkildə azaldılmaqda davam edir. Çünki bir çox Qərb dövlətləri Rusiya səfirliklərinin əməkdaşlarını kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqda suçlayaraq, ölkədən çıxarırlar.

Beynəlxalq qurumlarda Rusiyanın təmsilçiliyi isə minimum həddə qədər məhdudlaşdırılıb. Rusiyanın siyasi rəhbərliyinə daxil olan şəxslərin xarici səfərlərinə qadağalar qoyulub. Rusiyanın iqtisadi-ticari əməkdaşlıq sahəsi dərin böhran vəziyyətindədir. İndi Kreml ənənəvi münasibətlər sistemini yalnız xatırlamaqla, kifayətlənmək məcburiyyətində qalıb. Və bütün bunlar Rusiyanın faktiki olaraq, beynəlxalq məkanda təklənmiş dövlətə çevrildiyini iddia etmək üçün yetərlidir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin potensial müttəfiqlərə olan ümidləri də özünü doğrultmur. Çünki İran və Şimali Koreya Rusiyaya silah-sursat yardımı göstərsə də, bu iki dövlət Kremlə ABŞ və Qərbə qarşı mübarizədə ehtiyac duyduğu səviyyədə dəstək verə bilmir. Və bu baxımdan, Kreml müttəfiq böhranı da yaşamaq məcburiyyətində qalıb.

1ce17cada3fa5a6dc9ca7f728943fdba.jpg (295 KB) 

Çin isə Kreml üçün ən önəmli dövlətlərin arasında ilk sırada yer alsa da, rəsmi Pekin Rusiya ucbatından ABŞ və Qərblə düşmənçilik niyyətindən çox-çox uzaqdır. Belə ki, rəsmi Pekin birmənalı şəkildə Çinin maraqlarından çıxış edir və Rusiyanın Qərblə düşmənçiliyinə bulaşmaqdan yayınır. Və ona görə də, Kremldə Çindən olduqca ciddi narazılığın mövcudluğu şübhjə doğurmur.

Eyni yanaşma tərzi Hindistan da daxil olmaqla, əksər Asiya ölkələrinə də aiddir. Çünki Asiya ölkələri Rusiyanın Ukrayna savaşı ucbatından düşdüyü blokada vəziyyətindən yalnız öz iqtisadi-ticari maraqları çərçivəsində yararlanmaqla, kifayətlənirlər. Yəni, enerji resursları da daxil olmaqla, Rusiyanın ixrac etdiyi məhsulların daha ucuz alınmasına üstünlük verilir. Bunun əvəzində Rusiyaya hərbi-siyasi dəstək həvəsi göstərilmir.

Bütün bunlar onu göstərir ki, Rusiya “hərbi-siyasi və maliyyə-iqtisadi bataqlığın dibi”nə doğru böyük sürətlə irəliləyir. Hazırda Rusiya ilə münasibətlərdə tarazlığı qoruyub, saxlamağa çalışan yeganə dövlətin isə məhz Türkiyə olduğunu hər kəs bilir. Elə Kremldə də bu reallığı anlamamış deyillər. Və bu baxımdan, Türkiyə Rusiyanın ortaq maraqlar çərçivəsində münasibətləri davam etdirə biləcəyi dövlət kimi ön plana keçmiş kimi görünür.

Ancaq Kremldə Türkiyənin xarici siyasətindədn də məmnun deyillər. Hətta son vaxtlar Rusiya siyasi dairələri və erməni mənşəli şəxslərin nəzarətində olan propoqanda mexanizmləri Türkiyəni açıq şəkildə hədəfə alıb. Rəsmi Ankara az qala Rusiyaya xəyanət etməkdə suçlanır. İddia olunur ki, Türkiyə Rusiyanın milli maraqlarını ABŞ və Qərbə təhvil verib.

9d787aa5dbf93b29eee5b487da1cc227.jpg (261 KB) 

Təbii ki, rəsmi Ankaraya qarşı bu ittihamlar absurd və məntiqsiz məzmun daşıyır. Çünki Türkiyənin Rusiya ilə hər hansı müttəfiqlik anlaşması mövcud deyil. Türkiyə NATO ölkəsidir və Rusiyanın hərbi hədəflərində hər hansı rol ala bilməz. Eyni zamanda, rəsmi Ankara hərbi-siyasi sahədə Rusiyanın deyil, məhz Türkiyənin maraqlarından çıxış etmək hüququna malikdir. Xüsusilə də, Rusiyanın KTMT üzrə müttəfiqlərinin kənara çəkildiyi bir situasiyada Kremlin Türkiyədən mümkün olmayan gözləntilər içərisinə girməsi o qədər də realist yanaşma təsiri bağışlamır.

Bütün bunları nəzərə aldıqda, prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ və Qərb ilə Türkiyənin münasibətlərini yenidən normallaşdırmağa üstünlük verməsi Rusiyaya aid məsələ sayıla bilməz. Kremldə onu da nəzərə almalıdırlar ki, rəsmi Ankara İsveçin NATO üzvlüyünə Türkiyə-Rusiya münasibətləri çərçivəsində veto qoymamışdı. Prezident Rəcəb Tayyib Ərdoğan İsveç terrorizmi dəstəklədiyi üçün Türkiyənin maraqlarını ön plana çıxararaq, bu ölkəninin NATO üzvlüyünü bloklamışdı.

Ancaq son vaxtlar İsveç qanunvericilik sahəsində terrorizmlə bağlı kifayət qədər önəmli addımlar atdığından, rəsmi Ankara bu ölkənin NATO üzvlüyünə qoyduğu vetonu qaldırmağın mümkünlüyü qənaətinə gəlib. Kremlin bundan narazı qalması tamamilə absurd və məntiqsiz yanaşmadır. Və bu baxımdan, Rusiya xarici siyasətinin yanlış parametrlər üzərindən formalaşdırıldığı qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, rəsmi Ankaranın “Azov” döyüşçülərini Ukraynaya qaytarması da, Rusiyaya aidiyyatı olmayan məsələdir. Çünki bu mövzu Türkiyə və Ukrayna arasında mövcud olan anlaşmalarla həll edilir. “Azov” döyüşçüləri Ukrayna vətəndaşlarıdır və rəsmi Ankara Kremlin məmnun olması üçün onları Türkiyədə uzun müddət saxlaya bilməzdi. Və bu barədə Kreml tərəfindən Rusiya ilə anlaşmanın mövcudluğunun iddia edilməsi reallıqdan uzaqdır.

236cdb7a9083352f6e6c763987a92516.jpg (380 KB) 

Maraqlıdır ki, rəsmi Ankara bu məsələ ilə bağlı bir müddət reasiya verməyə həvəs göstərməsə də, nəhayət, Kremlə açıq mətnlə cavab verdi. Prezident Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə vurğuladı ki, “Azov” döyüşçülərinin Ukrayna savaşının sonuna qədər Türkiyə qalması barədə hansısa anlaşmanın olması barədə iddialar tamamilə əsassızdır. Türkiyə lideri Rusiya prezidenti Vladimir Putin ilə bu mövzunu müzakirə etdiyinə eyham vuraraq, hər hansı problemin olmadığını da bildirdi.

Belə anlaşılır ki, Kremldə hansısa siyasi dairələr məqsədli şəkildə belə iddialar uydurmaqla, Türkiyə-Rusiya münasibətlərini pozmağa çalışırlar. Halbuki, bu, Türkiyə üçün elə bir ciddi problem yaratmasa da, Rusiyanın düşdüyü mövcud situasiyanı daha da ağırlaşdıra bilər. Çünki Türkiyə hazırda Kreml üçün dünyaya əsas “pəncərə” rolunu oynamaqla yanaşı, həm də Rusiyanın önəmli iqtisadi-ticari tərəfdaşı sayılır. Və indi Kremldə bəziləri Rusiyanı belə bir önəmli “nəfəslik”dən, eləcə də, iqtisadi-ticari tərəfdaşdan məhrum buraxmaq istəyir.

Ona görə də, prezident Vladimir Putinin Türkiyə səfəri böyük maraq doğurur. Hər halda, Kreml sahibi ilə telefonla müzakirələr aparmış prezident Rəcəb Tayyib Ərdoğan onun yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini də vurğulayıb. Böyük ehtimalla həmin səfər çərçivəsində Türkiyə-Rusiya münasibətlərinin gələcək taleyi müəyyənləşə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR