İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml son "silah"ıyla indi Rusiyanı vurur: Putin dostu Ərdoğanı da rəqibə çevirmək üzrədir

Kreml son aylara qədər Rusiyanın yaxın tərəfdaşı hesab etdiyi rəsmi Ankara ilə münasibətlərinə yenidən baxmaq barədə düşünür, Türkiyənin önəmli NATO ölkəsi olduğunu indi daha ön planda tutmağa üstünlük verir... Türkiyə-Rusiya münasibətlərinin yüksəliş dövrü artıq tədricən arxada qalmağa başlayıb, əgər, Kreml bu yanaşma tərzini düşmənçilik prinsipləri üzərində indeksləşdirərsə, daha ağır problemlərlə üzləşə bilər...

Rusiyanın küncə sıxışdırılmış dövlət statusu möhkəmlənir. İndi Kreml Rusiya ətrafında olan beynəlxalq blokadanı yarmaq məqsədilə istənilən faktordan istifadə etməyə hazırdır. Və bu, onu göstərir ki, beynəlxalq sanksiyaların real təsirləri artıq Rusiyanı ciddi şəkildə silkələməyə başlayıb.

Düzdür, Kreml Qərbin enerji resursları ixracına qoyduğu sanksiyaları qismən aşmağa nail olub. Hər halda, hazırda Rusiya enerji resurslarının Qərb bazarlarında satışı bloklansa da, Şərq ölkələri alternativ rolunu oynamağa başlayıblar. Bu baxımdan, Kremlin neft-qaz ixracını təxminən eyni həcmdə davam etdirdiyi bildirilir.

Ancaq bundan Rusiyanın böyük gəlirlər əldə etdiyini düşünmək sadəlövhlük olardı. Çünki Qərb bazarlarına alternativ olmaq rolunu öz üzərinə götürən Şərq ölkələri indiki situasiyadan maksimum səviyyədə yararlanmağa çalışırlar. Və Rusiya neftini özlərinə sərfəli qiymətlərlə almağa nail olurlar.

Məsələ ondadır ki, Kremlin başqa çıxış yolu yoxdur. Yəni, Rusiya ya enerji resursları ixracını tamamilə dayandırmalıdır, ya da alıcının qoyduğu qiymətlə razılaşmalıdır. Kremlsə, enerji resursları ixracından tam məhrum olarsa, Rusiyanın dövlət büdcəsində böyük "yırtıqlar"ların olacağını nəzərə alaraq, maliyyə itkiləri ilə barışmış durumdadır. Çin və Hindistan hazırda bu durumdan ən çox faydalanan ölkələr sırasındadır.

574ef961d414b2e012493918e2410464.jpg (230 KB)

Ancaq Kremldə onu da anlayırlar ki, belə vəziyyətin uzun müddət davam etməsi olduqca təhlükəlidir. Çünki indi bəzi ehtiyaclarını təmin etsə də, orta perspektivdə Rusiyanı ağır sosial-iqtisadi böhran bürüyə bilər. Hətta bir müddətdən sonra Kremlin Rusiya üçün dövlət büdcəsi formalaşdırmaqda çətinlik çəkə biləcəyi də elə indidən təxmin edilir. Hər halda, Rusiyanın dövlət büdcəsində hərbi ehtiyaclar istisna olmaqla, müəyyən digər sahələrə ayrılan maliyyə vəsaitlərində kəsintilər təhlükənin ciddi olduğunu göstərir.

Kreml ölkəni dərin sosial-iqtisadi böhran bürüməmiş beynəlxalq blokadanı yatmaq üçün yollar axtarmaq məcburiyyətində qalıb. Ancaq bunun üçün Rusiyanın əlində elə də çox diqtə mexanizmləri mövcud deyil. İndiki halda, Kreml ən yaxşı halda, "taxıl faktoru"na ümid bəsləyə bilər. Halbuki, bu faktorun da nə qədər təsiredici olduğu tam şəkildə məlum deyil. Çünki Kreml hələ onu sınaqdan çıxartmağa imkan tapmayıb.

Düzdür, vaxtilə Rusiya "buğda böhranı" yaratmaq təhdidi ilə bütün dünyanı qorxuya sala bilmişdi. Çünki dünyanın ən nəhəng taxıl ixracatçıları sırasına daxildir. Bəzi ehtimallara görə, əgər, Rusiya taxıl ixracını dayandırsa, dünyada dərin ərzaq böhranı yaşana bilər. Hətta Kremlin beynəlxalq sanksiyalara cavab olaraq, dünyanı aclıq və səfalətlə sınağa çəkə biləcəyi də qətiyyən istisna olunmurdu.

Ancaq həmin vaxt Rusiya ilə münasibətləri qarşılıqlı etimad üzərində qurulmuş Türkiyə bütün dünyanı ərzaq böhranından xilas etməyə nail oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Kreml sahibi Vladimir Putin ilə yaxın münasibətlərini Türkiyə, Ukrayna və Rusiya ilə ortaq "taxıl dəhlizi" yaratmaq üçün istifadə etdi. Və bu barədə müqavilənin hüquqi statusuna beynəlxalq təminat üçün BMT-nin də prosesə qoşulmasına nail olundu.

Ancaq indi situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, Kreml "taxıl dəhlizi" ilə bağlı İstanbul müqaviləsi üzrə Rusiyaya verilmiş vədlərin yerinə yetirilmədiyini ön plana keçirir. Həmin vədlər yerinə yetirilməyənə qədər Rusiyanın "taxıl dəhlizi" layihəsindən çıxdığını bəyan edir. Və bu, indiki halda, Qərb siyasi dairələri üçün kifayət qədər ciddi problemə çevrilmək üzrədir.

67c8a581-f170-4a00-b0a8-6ce8abcfc1699.jpg (199 KB)

Məsələ ondadır ki, Rusiyaya verilmiş vədlərin yerinə yetirilməsi ABŞ və Qərbi çətin vəziyyətə sala bilər. Çünki həmin vədlərin sırasında Rusiya banklarına qarşı sanksiyaların ciddi şəkildə yumşaldılması, ölkənin bloklanmış maliyyə rezervlərinə çıxış hüququ və s. də yer alırdı. İstanbul müqaviləsi imzalanarkən, Qərb siyasi dairələri bu vədləri versə də, onların yerinə yetirilməyəcəyi elə əvvəlcədən məlum idi. Əslində, hətta Kreml də Qərbin həmin öhdəliklərinin kağız üzərində qalacağını anlayırdı.

Ancaq Rusiya İstanbul müqaviləsini imzalamaqla, gələcəyə yönəlik manevr məkanını genişləndirmək niyyəti güdürdü. Belə ki, Kremldə ümid edirdilər ki, İstanbul müqaviləsi və "taxıl dəhlizi" Rusiyaya Qərblə səhnəarxası danışıqlar imkanı verə bilər. Üstəlik, həmin danışıqlarda "taxıl dəhlizi" Rusiyanın Qərblə "siyasi bazarlıq" mexanizminə çevrilərək, Kremlin əlini gücləndirmiş olacaqdı. Və Qərbin ümumdünya ərzaq böhranından qorxduğunu nəzərə aldıqda, bu, kifayət qədər məntiqli manevr təsiri bağışlayırdı.

Bununla belə, Kremlin ümidləri özünü qətiyyən doğrultmadı. Çünki ABŞ və Qərb səhnəarxası danışıqlarda Rusiyaya heç bir güzəşt etmədi, əksinə, Ukraynaya hərbi yardımları daha da intensivləşdirdi. Hazırda Kremldə Rusiyanın Ukrayna savaşında tezliklə məğlub ola biləcəyini böyük ölçüdə anlamağa başlayıblar. Və bu səbəbdən də isterik şəkildə taxıl mövzusunu yenidən Qərbə qarşı təzyiq silahına çevirməyə çalışırlar.

İndi Kreml İstanbul müqaviləsindən çıxmaqla, konkret olaraq, iki əsas məqsəd güdür. Birinci hədəf odur ki, Rusiyaya qarşı sanksiyalar yumşaldılsın, səhnəarxası danışıqlarda Kremlin maraqlarına uyğun sülh müqaviləsi təmin edilsin. Əgər, bu, mümkün olmazsa, ikinci variant kimi, dünyanı, o cümlədən də, Qərbi ərzaq böhranına düçar edərək, hərbi rəqiblərin zəiflədilməsi niyyəti güdülür. Və Kreml hər iki variantda Rusiyanın uduşlu vəziyyətdə olacağına ümid bəsləyir.

d7286bfc-cfed-4043-aa4b-872573667a62.jpg (47 KB)

Digər tərəfdən, Kreml bu addımla rəsmi Ankaranın son vaxtlar Rusiyanın maraqlarına zidd xarici siyasət yürütməsinə də reaksiya verməyə çalışır. Çünki ABŞ və Avropa Birliyi rəsmiləri indiyə qədər İstanbul müqaviləsinə, dünyanı ərzaq böhranından xilas etdiyinə görə Türkiyəyə, xüsusilə də, prezident Rəcəb Tayyib Ərdoğana açıq şəkildə bir neçə dəfə təşəkkür ediblər. Və rəsmi Ankara "taxıl dəhlizi"nin yaradılmasında avanqard rolunu oynamaqla, Qərb siyasi dairələri qarşısında Türkiyənin geopolitik iradəsini diqtə etmək imkanları da qazanıb.

İndi Kreml rəsmi Ankaranı İstanbul müqaviləsi üzərindən geopolitik manevrlər etmək imkanlarını məhdudlaşdırmağa da çalışır. Son məlumatlara görə, prezident Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon ünsiyyətindən belə, yayınmağa üstünlük verir. Halbuki, prezident Rəcəb Tayyib Ərdoğan "taxıl dəhlizi" ilə bağlı son açıqlamasında Kremlin haqlı olduğunu bildirmişdi və Qərbi Rusiyaya verilmiş vədləri yerinə yetirməyə çağırmışdı.

Eyni zamanda, rəsmi Ankara Rusiyanın İstanbul müqaviləsinə geri dönməsinin vacib olduğunu da vurğulayıb. Rəsmi Ankara hesab edir ki, prezident Vladimir Putinin yaxın vaxtlarda Türkiyəyə edəcəyi səfər çərçivəsində bütün bu məsələlər yenidən detallı şəkildə müzakirə ediləcək. Kremldən belə bir səfərin planlaşdırıldığı təsdiqlənmiş olsa da, son vaxtlar prezident Vladimir Putinin Türkiyə lideri ilə ünsiyyətdən yayınmağa çalışması vəziyyətin ciddi şəkildə dəyişməkdə olduğunu da sezdirir.

Belə anlaşılır ki, Kreml son aylara qədər Rusiyanın yaxın tərəfdaşı hesab etdiyi Türkiyə ilə münasibətlərinə yenidən baxmaq barədə düşünür. Hər halda, Kremldə Türkiyənin önəmli NATO ölkəsi olduğunu indi daha ön planda tutmağa üstünlük verirlər. Ona görə də, Türkiyə-Rusiya münasibətlərinin yüksəliş dövrünü artıq tədricən arxada buraxmağa başladığı müşahidə edilir. Və əgər, Kreml bu yanaşma tərzini inkişaf etdirərək, düşmənçilik prinsipləri üzərində indeksləşdirərsə, bundan ən çox Rusiyanın ziyan çəkəcəyini də əvvəlcədən nəzərə almalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR