İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml İrəvanın "yel dəyirmanı" taktikasından bezdi: Paşinyan "ittifaqlardan dərhal çıx" əmri aldı

Rusiya artıq Ermənistan ilə bağlı müəyyən prinsipial nəticələr çıxartmaq üçün kifayət qədər səbəblərə malikdir... Ermənistan Rusiyanın iştirak etdiyi hər hansı platformaya yaxın durmur, məhz Kremlin nüfuzuna və maraqlarına zərbə vuran ardıcıl addımlar atır...

Yaxın Şərqdə genişmiqyaslı silahlı münaqişənin alovlandırılması dünya gündəmini də ciddi şəkildə dəyişib. Son vaxtlara qədər beynəlxalq məkanda Ukrayna savaşı və "erməni gözyaşları" əsas müzakirə mövzuları sırasına daxil idi. Ancaq indi Yaxın Şərqdə baş verənlər yeni situasiya yaradıb. Və hazırda həm Ukrayna savaşı, həm də Ermənistanın provokativ manipulyasiyalarına diqqət ciddi şəkildə azalıb.

Təbii ki, rəsmi İrəvan mövcud beynəlxalq situasiyadan narahatdır. Hər halda, Ermənistan Qarabağ savaşında yekun olaraq, həlledici məğlubiyyətə uğradıqdan sonra bütün ümidlərini məhz beynəlxalq himayədarlarına bağlamışdı. İndi belə anlaşılır ki, Ermənistanı "geopolitik alətə" çevirən beynəlxalq siyasi iradə mərkəzlərinin rəsmi İrəvanın uydurma şikayətlərinə sərf edəcək vaxtları yoxdur.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqdə yaranmış təhlükəli gərginlik Rusiyanın maraqlarına sərfəli görünür. Düzdür, Kremlin Ukrayna savaş poliqonunda situasiyanı Rusiyanın xeyrinə dəyişmək imkanları hələlik olduqca məhduddur. Ancaq Rusiya bu situasiyadan Cənubi Qafqazda zəiflədilmiş mövqelərini yenidən bərkitmək üçün istifadə edə bilər. Və Kremlin məhz elə bu niyyətdə olduğu da qətiyyən diqqətdən yayınmır.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Məsələ ondadır ki, Rusiyanın Cənubi Qafqazda əsas problemləri hazırda Ermənistanın qeyri-sabit davranışlarından qaynaqlanır. Artıq rəsmi İrəvanın Rusiyaya arxa çevirmək niyyətində qərarlı olduğu qətiyyən şübhə doğurmur. Zaman keçdikcə, Paşinyan hakimiyyəti Rusiyadan "qaçış sürəti"ni mümkün qədər artırmağa çalışır. Və Qərbə yaxınlaşmağa keçid axtaran Ermənistan Rusiya üçün əməlli-başlı başağrısına çevrilib.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin Rusiya əleyhinə davranışlarının arxasında birmənalı şəkildə ABŞ və Qərbin qəti təlimatlarının dayandığı da inkaredilməz reallıqdır. Qərb siyasi dairələri hətta Ermənistana hər hansı məsələ ilə real nəticəsi olmayacaq dəstək verdikdə belə, bunun əvəzində Rusiya əleyhinə konkret addımların atılmasını tələb edirlər. Və bu, Paşinyan hakimiyyətini təhlükəli öhdəliklər ilə yüklənmiş vəziyyətə salmış olur.

Məsələn, Avropa Parlamenti bir müddət öncə Azərbaycana qarşı qərəzli bir bəyanat verdi. Həmin bəyanatın səbəblərindən biri şübhəsiz ki, Azərbaycanı əsasız da olsa, ittiham etmək, rəsmi Bakıya təzyiq göstərməyə cəhd idi. Eyni zamanda, Ermənistana da konkret təlimatların verilməsi imkanı əldən buraxılmadı. Avropa Parlamentinin qərəzli bəyanatının son bəndlərindən birində Paşinyan hakimiyyətinə verilən sifariş yer alır.

Məsələ ondadır ki, həmin bənddə qeyd olunur ki, Avropa Parlamenti Ermənistan baş naziri Nikol Paşinyanın sülh prosesinə "sadiq qalmasını" alqışlayır. Rəsmi İrəvan mövcud hərbi-siyasi ittifaqlardan çıxacağı təqdirdə, Ermənistanın Avropa Sülh Fondunun dəstək layihələrinə daxil olunması üçün Avropa Birliyinə çağırış edilə bilər. Və bu, rəsmi İrəvanı Kremllə qarşıdurma yarada biləcək addımlara sövq edir.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Belə ki, Paşinyan hakimiyyəti Qərbin real yardımlarına çıxış əldə edə bilmək üçün Ermənistanın Rusiyadan uzaqlaşmasını sürətləndirmək məcburiyyətində buraxılır. Əks halda, Ermənistanın yer aldığı və Rusiyanın patronajlığı altında olan indiki ittifaqlar ucbatından bunun hələlik mümkün olmadığına eyham vurulur. Halbuki, Ermənistan Rusiyaya tam arxa çevirməyə nail olacağı təqdirdə belə, bu vədlərin mütləq yerinə yetiriləcəyinə təminat verilmir.

Paşinyan hakimiyyəti isə öz qərarlarını məhz ehtimallar və mifik ümidlər üzərindən qəbul edərək, Rusiya ilə münasibətlərini korlamaqda israrlı davranır. Rəsmi İrəvan KTMT-nı qeyri-rəsmi şəkildə boykot etməyə başlayıb. Ermənistan Rusiya üçün böyük önəm daşıyan bu hərbi-siyasi alyansın fəaliyyətində müxtəlif bəhanələrlə yayınmağa çalışır. KTMT-nın fəaliyyətini açıq-aşkar sabotaj edir.

Digər tərəfdən, Paşinyan hakimiyyəti Rusiyanın siyasi nüfuzu və dövlət qüruru ilə də oynayır. Belə ki, Kremlin dəfələrlə sərt xəbərdarlıqlar etməsinə baxmayaraq, rəsmi İrəvan Roma statutunu Ermənistan parlamentində ratifikasiya etdi. Halbuki, Beynəlxalq Cinayət Məhkəməsində prezident Vladimir Putinə qarşı həbs qərarı çıxarılmasından sonra bu addımın atılması Rusiyaya qarşı meydan oxumaq anlamı daşıyır. Və bundan sonra rəsmi İrəvanın hərbi müttəfiqi olan Rusiyanın prezidenti Vladimir Putinin Ermənistan ərazisinə səfər etməsi Roma statutuna görə, mümkün deyil.

Düzdür, Kreml cavab bəyanatında vurğulayıb ki, Rusiya nə vaxtsa, prezident Vladimir Putinin Ermənistana səfər etmək qərarından imtina etmək məcburiyyətində qalmayacağına əmindir. Yəni, qəzəbli Kreml açıq-aşkar rəsmi İrəvanı hədələyir və prezident Vladimir Putini həbs etmək cəsarətinə inanmadığını qabardır. Və bütün bunlar Rusiyanın Ermənistanla münasibətlərinin son həddə qədər gərginləşdiyini göstərir.

regnum_picture_16178344211779667_normal.png (1.24 MB)

Ancaq Paşinyan hakimiyyəti bu gərginliyin aşağı salınması deyil, məhz yüksəldilməsi istiqamətində addımlar atır. Belə ki, Kreml Bişkekdə MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirtməyi planlaşdırırdı. Ancaq Rusiya siyasi dairələri bu barədə məlumat yaydıqdan dərhal sonra rəsmi İrəvan xarici işlər naziri Ararat Mirzoyanın Bişkekə getməyəcəyini bəyan etdi.

Halbuki, mövcud situasiyada Kremlin Cənubi Qafqazdakı sülh prosesində Rusiyanın vasitəçilik missiyasını bərpa etməyə can atdığı açıq-aşkar nəzərə çarpır. Xarici işlər nazirlərinin görüşü isə bu istiqamətdə atılan biləcək önəmli addım hesab olunurdu. Paşinyan hakimiyyəti isə Kremlin planlarını növbəti dəfə sabotaj etmiş oldu. Və bunun ardınca rəsmi İrəvanın növbəti addımı isə Rusiya-Ermənistan münasibətlərində gərginliyi ən yüksək həddə çatdırdı.

Məsələ ondadır ki, xarici işlər naziri Ararat Mirzoyanın ardınca baş nazir Nikol Paşinyan da Bişkekə səfərdən imtina edib. Belə ki, erməni baş nazirin Qırğızıstan prezidenti Sadır Japarova zəng edərək, MDB dövlət başçılarının Bişkekdə keçiriləcək toplantısına qatıla bilməyəcətini vurğulayıb. Və bu, Paşinyan hakimiyyətinin Rusiyaya münasibətdə bütün "qırmızı cizgilər"in aşılması anlamı daşıyır.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Qərbin "Rusiyanın iştirak etdiyi bütün ittifaqlardan çıx" təlimatını yerinə yetirməyə çalışır. İndi Kreml artıq müəyyən prinsipial nəticələr çıxartmaq imkanına malikdir. Hər halda, rəsmi İrəvan Rusiyanın iştirak etdiyi hər hansı platformaya yaxın durmur. Əksinə, son vaxtlar Paşinyan hakimiyyəti Don Kixota məxsus "yel dəyirmanı" taktikası ilə məhz Kremlin beynəlxalq nüfuzuna və Rusiyanın maraqlarına zərbə vura biləcək kəskin addımlar atır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR