İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral Msvati III Bakıya gəlir? – WUF13 ərəfəsində maraqlı detallar

Cənubi Afrikadakı diplomatik missiyamızın rəhbəri Hüseyn Rəhimli Esvatini Krallığında parlamentin açılış mərasimində iştirak edib və kral tərəfindən qəbul olunub.

Musavat.com xəbər verir ki, görüş zamanı Msvati III bu ilin mayında Azərbaycanda keçiriləcək BMT-nin Şəhər İnkişafı üzrə Ümumdünya Forumunun 13-cü sessiyasında – World Urban Forum (WUF13) iştirak etmək niyyətini təsdiqləyib.

Bakı üçün tanış sima

Esvatini kralı Azərbaycan ictimaiyyəti üçün yad deyil. O, 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Görüşündə də iştirak etmişdi. Həmin səfər isə təkcə siyasi məzmunu ilə deyil, nümayəndə heyətinin miqyası ilə də yadda qalmışdı.

Açıq mənbələrə görə, kralın 14 həyat yoldaşı olub və onların 7-si Bakıya səfər zamanı onu müşayiət edib. 2022-ci ildə Əbu-Dabiyə səfəri zamanı isə heyətin miqyası daha da artmışdı: 15 həyat yoldaşı, onlarla uşaq və yüzdən artıq mühafizəçi.

Son illərdə kral ailəsinə daha bir xanımın qoşulduğu bildirilir. Rəsmi statistikada uşaqların sayı ilə bağlı dəqiq məlumat olmasa da, müxtəlif mənbələrdə bu rəqəmin 20-dən xeyli çox olduğu qeyd olunur.

WUF13 və mümkün “ən böyük nümayəndə heyəti”

Əgər Msvati III WUF13 çərçivəsində Bakıya səfər edərsə, paytaxtın təkcə beynəlxalq forumun təşkilinə deyil, həm də kifayət qədər geniş tərkibli nümayəndə heyətinə hazır olacağı istisna deyil.

Qeyd edək ki, WUF13 BMT platformasında şəhərsalma, davamlı inkişaf və urbanizasiya məsələlərinin müzakirə olunduğu ən böyük tədbirlərdən biridir və Azərbaycanın ev sahibliyi ölkənin beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR