İnsanlara hürriyət, millətlərə istiqlal!

Keniya daha Rusiyaya muzdlu döyüşçü göndərməyəcək

Keniya artıq Rusiya tərəfində Ukraynaya qarşı müharibədə döyüşmək üçün vətəndaşlarını cəlb etməyəcəyini açıqlayıb. Razılıq iki ölkənin xarici işlər nazirləri arasında aparılan danışıqlar zamanı əldə edilib. Tərəflər həmçinin yaralıların geri qaytarılması, ölənlərin vətənə göndərilməsi və keniyalıların döyüş zonasından çıxarılması məsələlərini də müzakirə ediblər.

Keniya xarici işlər naziri Musaliya Mudavadi qeyd edib ki, ölkə hakimiyyəti döyüşlərdə iştirak edən və Rusiyada müalicə alan vətəndaşlarına kömək göstərəcək.

"Rusiya Federasiyası xəstəxanalarda və digər mülki müəssisələrdə Keniya vətəndaşlarına konsulluq girişi təmin etməyə, yaralıların repatriasiyasını asanlaşdırmağa və ölənlərin cəsədlərinin ləyaqətlə qaytarılmasını təmin etməyə razılıq verib. Hərbi əməliyyatlarda iştirak edən və getmək istəyən Keniya vətəndaşlarının geri çəkilməsini asanlaşdırmaq və kompensasiya tələblərinə diplomatik kanallar vasitəsilə baxılmasını sürətləndirmək barədə də razılıq əldə etmişik", - deyə Mudavadi X-də yazıb.

O, həmçinin Keniyanın cinayət qanunvericiliyinin 68-ci maddəsində nəzərdə tutulduğu kimi, prezidentin yazılı icazəsi olmadan vətəndaşlarının xarici silahlı qüvvələrdə iştirakını qadağan edən hüquqi mövqeyini təkrarlayıb.

Mudavadi əvvəllər Keniya vətəndaşlarının həm könüllü, həm də icbari şəkildə Rusiyann silahlı qüvvələrinə qoşulduğunu bildirmişdi.

Fevral ayında Keniya xüsusi kəşfiyyat xidməti 1000-dən çox Keniya vətəndaşının Rusiya ordusuna cəlb olunduğunu bildirib. Xidmətin məlumatına görə, 2026-cı ilin əvvəlində 89 Keniya vətəndaşı cəbhə xəttində xidmət edirdi. Onlardan bəzilərinin yalançı iş elanları vasitəsilə cəbhəyə cəlb edildiyi iddia olunurdu.

Bloomberg-in məlumatına görə, Keniya vətəndaşlarına Rusiyada sürücü və ya mühafizəçi kimi işlər vəd edilib, daha sonra isə onlar ön xəttə göndərilib. Hakimiyyət orqanları bu cür cəletməninin "vicdansız qurumlar" tərəfindən həyata keçirildiyini iddia edib.

Xatırladaq ki, Rusiyanın döyüşən ordusunun sırasına cəlb edilən əcnəbilərin sayı çoxdur. Bu sırada Afrika, Cənubi Amerika, Yaxın Şərq, Asiya, eləcə də keçmiş SSRİ-yə daxil olan ölkələrin vətəndaşları var. Bu yaxınlarda Ukrayna dövləti Rusiyanın hərbi hissələrində Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edən 1110 Özbəkistan vətəndaşının siyahısını dərc edib. Rəsmi Daşkənd bu məlumatı araşdırmağa başladığını bildirib. Məlumat təsdiqlənərsə, muzdlular vətənə qayıtdıqdan sonra onlara qarşı müvafiq tədbirlər görüləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR