İnsanlara hürriyət, millətlərə istiqlal!

İran seçkiləri: II tura qalan azərbaycanlı namizədin şansı niyə azaldı? SƏHİH TƏHLİL

İranda prezident seçkiləri 2-ci tura qaldı. Mərkəzi Seçki Komissiyası elan edib ki, namizədlərdən heç biri 50+1 faizdən çox səs qazanmadığı üçün seçkilər 2-ci tura qalıb. İyulun 5-də seçkilərin ikinci turu keçiriləcək.

Rəsmi məlumata əsasən ölkə üzrə 58 640 seçki məntəqəsində səslərin sayılmasından sonra 24, 735 min nəfər, yəni 61 milyon iranlı seçicinin 40 faizdən bir qədər çoxu seçkilərə qatılıb.

2-ci turda 10,415 milyon səs qazanmış Məsud Pezeşkiyan və 9,473 milyon səs almış Səid Cəlili yarışacaq.

1719648793886929868667fc219dcab4.jpg (80 KB)

Seçkilərdə 3-cü yerə çıxmış parlamentin spikeri Məhəmməd Baqir Qalibaf 3,383 milyon səs alıb. Qalibaf artıq seçicilərə müraciət edərək 2-ci turda Səid Cəliliyə səs verməyə çağırıb. 4-cü namizəd, keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi isə 206 mindən bir qədər çox səs alıb.

Qeyd edək ki, seçkilərdə əhalinin 40 faizi qatılıb. Bu, İbrahim Rəisinin seçildiyi 2021-ci ilə seçkiləri ilə müqayisədə - o zaman iştirak faizi 48 olmuşdu - aşağı göstərici olsa da, müxalifətin iddia etdiyi kimi ciddi azalma olmayıb. Çünki ümumilikdə son illərdə İranda seçici fəallığı sürətlə düşür.

Gözlənildiyi kimi, İranın Azərbaycan vilayətlərində üstünlük yeganə azərbaycanlı namizəd olan Pezeşkiyanda olub. Hazırda bütün bölgələrdə nəticələr açıqlanmasa da, ilkin rəqəmlər, eləcə də Ərdəbil əyalətində Pezeşkiyanın 80 faizə yaxın səs alması bunu göstərir.

26c43649d04c2f5ba7117b464b7136cc.jpg (67 KB)

Seçkilərin hazırkı nəticəsi göstərdi ki, Pezeşkiyan qarşısında ciddi maneə olmayıb. Ancaq gözlənildiyinin əksinə olaraq “islahatçılar” daha çox insanı seçkiyə cəlb edə bilməyib. Çünki daha əvvəl əsas ehtimal bu idi ki, “islahatçıların” seçkiyə buraxılmaması əhalinin seçkilərdə iştirakına ciddi təsir göstərir. Lakin hazırkı seçki göstərdi ki, bu tam olaraq belə deyilmiş.

Əgər iyulun 5-də “islahatçılar” daha çox əhalini seçkilərə cəlb edə bilsələr, o zaman Pezeşkiyanın qələbə şansları arta bilər. Lakin əks təqdirdə, digər mühafizəkar namizədlərin səslərini alan Cəlili qələbəyə çox yaxın olacaq.

ae50f1e2c66836fa3fd58b842b2cb624.jpg (73 KB)
Məsud Pezeşkiyan

Bu seçki kampaniyasında üzə çıxan daha bir element isə Qalibafın ətrafında yaranan ajiotaj oldu. Belə görünür ki, Qalibafın ciddi elektoral nüfuzu olmasa da, generalın əsas dəstəyi mənsub olduğu “Sepah”dan gəlib. Belə ki, spiker Məhəmməd Baqir Qalibaf cəmisi 8 faiz civarında səs ala bilib. Cəlili isə ondan az qala 3 dəfə çox səs aldı. Halbuki seçkilərdən əvvəl generalların Cəlilini Qalibafın xeyrinə geri çəkilməyə razı salmaq istədiyi haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, Qərbi Azərbaycan bölgəsində, Mahabadda dünyaya gəlmiş 70 yaşlı Məsud Pezeşkiyan azərbaycanlıdır. Təbrizdə tibb təhsili alıb, ixtisası kardioloqdur. Təbriz Tibb Universitetinin rektoru olub və bir neçə çağırış Təbrizdən deputat seçilib, parlamentin vitse-spikeri işləyib. Həmçinin prezident Məhəmməd Xatəminin birinci prezidentliyi dövründə səhiyyə nazirinin müavini, ikinci dövründə isə səhiyyə naziri işləyib.
Pezeşkiyan “islahat” cinahından olsa da, mühafizəkar qanadda düşmən olaraq görülmür, ən azı Xatəmi, Həsən Ruhani və ya Cavad Zərif qədər ciddi tənqid hədəfi deyil. Üstəlik yayılan xəbərlərə görə, dini rəhbərlik onun seçilməsinə normal yanaşdığına işarə edib.

Pezeşkiyanın şəxsində “islahatçı” namizədin qalib gəlməsi İranda mühafizəkarlar və islahatçılar arasındakı son illərdə dərinləşən uçurumu aradan götürmək, hakim siyasi sistem daxilindəki bölünməni aradan qaldırmaq baxımından İslam Respublikası “dərin dövləti” üçün lazımdır. Bu səbəbdən də Pezeşkiyanın seçilməsi qarşısında ciddi adminstrativ maneə yoxdur.

İkinci tura qalan digər namizəd Səid Cəlili mühafizəkar camiədə kifayət qədər tanınmış və nüfuzlu şəxsdir. 1965-ci ildə Məşhəd şəhərində anadan olan Cəlili siyasi elmlər üzrə təhsil alıb, "Məhəmməd Peyğəmbərin (s) xarici siyasəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İran-İraq müharibəsində iştirak edib, bir ayağını itirib. Buna görə də ona “canlı şəhid” deyirlər.

sdLiXZgDhjs6IxTjV0vU.jpg (29 KB)
Səid Cəlili 

Cəlili 90-cı illərdən müxtəlif dövlət və siyasi qurumlarda çalışıb. XİN-də işləyib, ali dini liderin ofisində planlama şöbəsinin müdiri olub, nüvə danışıqları heyətinə rəhbərlik edib.

Dini liderin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi və Sistemin Məsləhətini Müəyyən edən Şuranın üzvüdür. Cəlili bir neçə dəfə prezidentliyə namizəd olsa da, heç birində qalib gələ bilməyib. 2021-ci il seçkilərində isə namzidəliyini İbrahim Rəisinin xeyrinə geri götürüb. Səid Cəlilinin dövlət idarəçilik təcrübəsi, dini və siyasi elitada nüfuzu var. Ən əsası, dövlət vəzifəsi tutmayıb və haqqında korrupsiya ittihamları yoxdur. Ciddi sürprizlər baş verməsə iyulun 5-də Səid Cəlilinin prezident seçilməsi şansı yüksəkdir.

Kənan Rövşənoğlu, Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR