Onlayn ictimai-siyasi qəzet
Son günlər rayon icra hakimiyyəti başçılarının fəaliyyətində nəzərəçarpacaq canlanma müşahidə olunur. Musavat.com xəbər verir ki, bir sıra rayonlarda icra başçıları küçələrdə, parklarda, bazarlarda və digər ictimai məkanlarda sakinlərlə birbaşa görüşür, onların problemlərini yerində dinləyir, müxtəlif obyektlərə baxış keçirir və bununla bağlı məlumatlar sosial şəbəkələrdə və mediada paylaşılır.
Ekspertlər hesab edir ki, bu tendensiya təsadüfi deyil və bir neçə amillə izah oluna bilər: ilk növbədə, son illər dövlət idarəçiliyində vətəndaş məmnuniyyətinin artırılması və məmur-vətəndaş münasibətlərinin daha çevik qurulması istiqamətində aparılan siyasət yerli icra hakimiyyəti orqanlarına da təsir göstərir. Mərkəzi hakimiyyət dəfələrlə vurğulayıb ki, vətəndaşların problemləri kabinetlərdə deyil, yerində öyrənilməli və operativ həll olunmalıdır. Bu baxımdan rayon rəhbərlərinin əhali arasında daha çox görünməsi həmin yanaşmanın praktik tətbiqi kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, son illərdə müxtəlif rayonlarda icra başçılarının fəaliyyətinə hüquqi və inzibati qiymət verilməsi, bəzi hallarda vəzifədən azad edilmələri və məsuliyyətə cəlb olunmaları yerli rəhbərlərin fəaliyyət tərzinə də təsirsiz qalmayıb. Nəticədə icra başçıları həm öz fəaliyyətlərini daha fəal nümayiş etdirməyə, həm də əhali ilə birbaşa təmasları artırmağa çalışırlar.
Yaxın aylarda icra başçılarının fəaliyyətinin dövlət rəhbərliyi səviyyəsində qiymətləndiriləcəyi və müsbət qiymət ala bilməyənlərin vəzifədən götürüləcəyi haqda məlumatların yayılması da yerli rəhbərlərin hərəkətlənməsinə gətirib çıxarıb.
Bu aktivliyin digər səbəbi informasiya mühitinin dəyişməsidir. Sosial şəbəkələrin geniş yayılması fonunda hər hansı problem qısa müddətdə ictimailəşir və mərkəzi qurumların diqqətinə çatır. Buna görə də yerli rəhbərlər problemləri böyümədən yerində müəyyənləşdirməyə və operativ müdaxilə etməyə üstünlük verirlər. Eyni zamanda, onların fəaliyyətinin ictimaiyyətə açıq şəkildə nümayiş etdirilməsi hesabatlılıq elementini də gücləndirir.
Şübhəsiz ki, icra başçılarının yerlərdə sakinlərlə açıq havada görüşləri, səmimi ortam yaratmaları müsbətdir. Ancaq bu cür görüşlərin nəticələrinin olması da mühüm əhəmiyyət daşıyır. Əgər rayon rəhbərlərinin əhali ilə təmasları yalnız görüntü xarakteri daşımır, səsləndirilən problemlər konkret həllini taparsa, bu, yerli idarəetmənin səmərəliliyini artıran müsbət tendensiya hesab oluna bilər. Əks halda, belə görüşlər ictimaiyyət tərəfindən formal tədbir kimi qiymətləndirilə bilər. İcra başçılarının sakinlərlə görüşlərinin nəticələri həmin görüşlərdə qaldırılan məsələlərin real həlli ilə ölçüləcək.
Etibar Seyidağa,
Musavat.com
01 Iyul 2026
30 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ