Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Filadelfiya bölgəsində yaşayanlar Minneapolisdə ICE agenti tərəfindən vurularaq öldürülən qadınla bağlı ölkə üzrə başlanan etirazlara qoşulublar.
Xəbər verildiyi kimi ABŞ-ın Gömrük və İmmiqarasiya Xidmətinin (ICE) agentləri 2026-cı il yanvarın 7-də, çərşənbə günü Minneapolisdə əməliyyat keçirərkən 37 yaşlı Rene Nikol Qudu maşında güllələyib öldürüblər.
ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem insidenti “özünümüdafiə” kimi qiymətləndirərək sürücünün hərəkətlərini “daxili terror aktı” adlandırıb.
Minneapolisdə çoxsaylı etirazçılar hadisə yerinə toplaşaraq həm federal, həm də yerli hüquq-mühafizə orqanlarına qəzəbini ifadə edib.
Minnesota qubernatoru Tim Vals hadisəyə kəskin reaksiya verib, lazım gəldiyi halda Milli Qvardiya birləşmələrinin cəlb oluna biləcəyini bildirib və etirazçıları sakit olmağa çağırıb.
Nyu-York və hətta Nyu-Orleanda da genişmiqyaslı etiraz aksiyaları keçirilib.
Filadelfiya bölgəsində isə bir qrup etirazçı Kinq-of-Prussiyada, 202 və Henderson yolu boyunca dayanaraq Tramp administrasiyasını tənqid edən plakatlar qaldırıb.
Ən sərt təpki isə Filadelfiya prokuroru Larri Krasnerdən gəlib. Larri Krasner və digər rəsmilər cümə axşamı günorta mətbuat konfransı keçirib. Konfrans bir dəqiqəlik sükutla başlayıb və iştirakçılar Qudun adını üç dəfə təkrarlayıb.
Krasner çıxışında ICE agentlərinin istifadə etdiyi zor tətbiqini sərt şəkildə tənqid edib və onları konkret addımlar atacağı ilə hədələyib:
“Tam aydın şəkildə deyirəm: Əgər hər hansı hüquq-mühafizə əməkdaşı və ya ICE agenti Filadelfiyaya gəlib burada cinayət törətmək fikrinə düşəcəksə, buyursun buradan rədd olub çıxsın. Çünki bunu burada edən istənilən şəxs ittiham olunacaq, həbs ediləcək, məhkəməyə çıxarılacaq və hökmə uyğun olaraq cəzasını çəkəcək — istər federal, istər ştat məhkəməsində olsun, fərq etməz. Qanun belə işləyir.”
Krasner əlavə edib ki, hüquq-mühafizə orqanlarında “çoxlu sayda dürüst və vicdanlı əməkdaş” var və bu xəbərdarlıq onlara deyil, “özünü qanundan üstün sayanlara” ünvanlanıb.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ