Onlayn ictimai-siyasi qəzet
"Hörmüz boğazıyla bağlı gərginlik azalmır. İran boğazın girişini, ABŞ hərbi gəmiləri isə çıxışını nəzarətdə saxlayır. Tehranın boğaza nəzarət istəyindən əl çəkməməsi bu bölgədən neft və sıxılmış qaz nəql edən ölkələrlə yanaşı, İranın özünə də ciddi problem yaradıb". Bu barədə Musavat.com-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, ABŞ İran sahillərinə yaxınlaşmaq istəyən və ya İrandan neft daşımağa çalışan tankerləri nəzarətə götürür, bu isə əsas gəlir mənbəyi neft ixracı olan İran üçün əlavə iqtisadi təzyiq yaradır: "İranın əsas gəlir mənbəyi neftin ixracıdır, bu məhdudlaşdırıldıqda iqtisadi vəziyyəti daha da ağırlaşır. Bu arada, Hörmüz boğazına alternativ axtarışları davam edir. Böyük və kiçik dövlətlər neft və sıxılmış qazın nəqlində Hörmüz boğazından asılılıqlarını azaltmaq barədə düşünürlər.

Politoloq qeyd edib ki, Azərbaycan da hələ ötən əsrin 90-cı illərində enerji resurslarının dünya bazarlarına çıxarılmasında alternativ marşrutların nə qədər vacib olduğunu düzgün qiymətləndirib: "Azərbaycan vaxtilə doğru qərar verərək neft resurslarının dünya bazarlarına daşınması üçün müxtəlif marşrutların tikintisinə “yaşıl işıq” yandırdı. Azərbaycan dünyanın nəhəng neft şirkətləriylə əsrin müqaviləsini imzaladıqdan sonra Bakı-Novorosiysk neft kəmərinin açılışını reallaşdırdı. Ancaq Azərbaycan sonrakı illərdə bununla kifayətlənməyərək Bakı-Supsa və Bakı-Ceyhan boru kəmərlərinin tikintisini də reallaşdırdı. Əgər Azərbaycan 1990-cı illərin ortalarında yalnız Bakı-Novorossiysk kəməriylə kifayətlənsəydi, bu gün Rusiya müxtəlif bəhanələrlər neftimizin dünya bazarlarına daşınmasını əngəlləcəyəkdi. Rusiya-Ukrayna müharibəsi də hazırda Novorosiysk limanından daşınmaya təhdid yaratdığından Azərbaycan neftinin Rusiya limanından nəqli mümkün olmayacaqdı. Qazaxıstan Novorosiyk limanından asılı vəziyyətə düşdüyünə görə, neftini dünya bazarlarına nəql etməkdə çətinlik çəkir. Astana bu səbəbdən alternativ marşrut olaraq Azərbaycanın neft kəmərindən istifadəyə çalışır".
Xalidə Gəray
Musavat.com
15 Avqust 2026
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ