Onlayn ictimai-siyasi qəzet
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması ilə bağlı ölkəyə qarşı kampaniyaları aparan şəxslər anlamalıdırlar ki, bu kimi addımlarla qanuna uyğun gəlməyən qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil.
"Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması barədə çağırışların çox şahidi olmuşuq. Ancaq hər bir dövlətin hüququdur ki, ölkə ərazisində insanlıq cinayəti törətmiş şəxsləri həbs etsin. Azərbaycan çox böyük humanistlik edərək 2023-cü ildə antiterror tədbirlərindən sonra silahlı qruplaşmanın üzvü olmuş on mindən çox insanın Ermənistana qayıtmasını təmin edib. Hazırda Azərbaycanda məhkum olunmuş və cinayət prosesi davam edən 23 nəfərə gəldikdə isə onlar ağır cinayət törətmiş şəxslərdir",- o qeyd edib.
Nazir vurğulayıb ki, cinayət prosesi davam edən şəxslərlə bağlı heç bir qərar qəbul edilə bilməz: "Onların azadlığa buraxılması ilə bağlı Azərbaycana qarşı kampaniyaları aparan şəxslər qəbul etməlidirlər ki, bu kimi addımlarla qanuna uyğun gəlməyən qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil".

Kənan Novruzov
Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Kənan Novruzov bildirib ki, həmin şəxslərin azadlığa buraxılması ilə bağlı rəsmi Bakıya həm açıq, həm də gizli təzyiqlər olur: "Aydındır ki, bir çox beynəlxalq güc Azərbaycana təzyiq üçün məhz bu "kartdan" istifadə edirlər. Terrorçuların azadlığa buraxılması üçün Azərbaycana çoxsaylı çağırışlar olur. Bəzən bu məsələni siyasi alış-verişə çevirməyə cəhd də edilir. Lakin nəzərə almaq lazımdır ki, bu şəxslər terrorçudur və Azərbaycana qarşı cinayət törədiblər. İndi onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq mühakimə olunurlar. Təbii ki, dövlət bu məsələdə, xüsusilə milli təhlükəsizliyi üçün təhdid yaranacaq məqamlarda heç bir güzəştə gedə bilməz. Qeyd olunan şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunacağına şübhə yoxdur. Həm beynəlxalq hüquq, həm də Azərbaycan qanunvericiliyi bunu tələb edir.
Məsələnin siyasi tərəfinə gəldiksə isə, fikrimcə, İrəvanın "Dağlıq Qarabağ"ın keçmiş dövlət naziri Ruben Vardanyana və digər terrorçulara münasibəti eyni deyil. Ermənistan, bəlkə də, digər terrorçuların qaytarılmasını istəyir. Amma Vardanyanın İrəvana qaytarılması Ermənistan hakimiyyətinin işini çətinləşdirə bilər. Ona görə də baş nazir Nikol Paşinyan üçün ən yaxşı variant elə Vardanyanın Bakıda qalmasıdır.
Təbii ki, cinayətkarların hamısına eyni cəza verilməyəcək. Amma onlardan hər biri ittihamları üzrə müvafiq formada cəzalanacaqlar. Heç bir siyasi təzyiq bunun qarşısını ala bilməz".
Cavanşir ABBASLI
Musavat.coma
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ