Onlayn ictimai-siyasi qəzet
Hələ həlledici mərhələ qarşıdadır, amma hazırkı mənzərə iki qadın namizədin adını önə çıxarır...
Birləşmiş Millətlər Təşkilatında (BMT) növbəti baş katibin kim olacağı uğrunda mübarizə getdikcə qızışır. Musavat.com xəbər verir ki, təşkilatın hazırkı baş katibi Antonio Quterreşin ikinci beşillik mandatı 31 dekabr 2026-cı ildə başa çatır və onun yerinə gələcək şəxsin müəyyənləşdirilməsi prosesi artıq Təhlükəsizlik Şurasında mühüm mərhələyə çatıb.Qeyd edək ki, BMT-nin yeni baş katibinin seçilməsi prosesi 25 noyabr 2025-ci ildə rəsmən başlayıb. Musavat.com-un daha əvvəl yazdığı kimi, namizədin baş katib seçilməsi üçün ilk növbədə Təhlükəsizlik Şurasının razılığı lazımdır. 15 üzvdən ibarət Şurada namizəd ən azı 9 səs toplamalı və ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan heç biri veto qoymamalıdır. Şuranın tövsiyəsindən sonra namizədin Baş Assambleya tərəfindən təsdiqlənməsi gözlənilir.
Həıftəsonu Təhlükəsizlik Şurasında səkkiz namizəd arasında ikinci qeyri-rəsmi – “straw poll”, yəni istiqamətləndirici səsvermə keçirilib. Bu səsvermə hələ baş katibin seçilməsi demək deyil, lakin namizədlərin Şura üzvləri arasında hansı dəstəyə malik olduğunu göstərən mühüm siyasi göstəricidir.
Səsvermənin ən diqqətçəkən nəticəsi Qayanın keçmiş xarici işlər naziri, BMT-dəki hazırkı nümayəndəsi Kerolayn Rodriges-Birkettin önə çıxması olub. O, 8 “dəstəkləyirik” səsi alıb. Üç ölkə onun namizədliyinə qarşı çıxıb, dörd üzv isə mövqe bildirməyib. Beləliklə, Rodriges-Birkett ikinci qeyri-rəsmi turda ən çox dəstək toplayan namizəd olub.
Lakin bu nəticəni “BMT-nin yeni baş katibi artıq müəyyənləşib” kimi qiymətləndirmək olmaz. Çünki qeyri-rəsmi səsvermədə heç bir namizəd tələb olunan 9 “dəstək” səsini toplaya bilməyib. Bundan başqa, bu mərhələdə daimi üzvlərin veto niyyətinin tam şəkildə üzə çıxarılması üçün nəzərdə tutulan xüsusi prosedur hələ qarşıdadır.
Rodriges-Birkettin ardınca Kosta-Rikanın sabiq vitse-prezidenti, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi qərarlaşıb. Hər iki namizəd 7 “dəstək” səsi alıb. Lakin Qrossinin əleyhinə 6 səs verilib, Qrinspanın əleyhinə isə 4 səs olub.
İlk qeyri-rəsmi səsvermədə isə məhz Qrinspan öndə idi. İyulun 30-da keçirilən həmin turda o, 10 “dəstək” səsi toplamışdı. Rodriges-Birkett 9, Qrossi isə 7 səslə sonrakı yerləri tutmuşdu. Deməli, ikinci turda əsas dəyişiklik Qayanadan olan namizədin önə çıxması, Qrinspanın isə liderliyi itirməsi olub.
İ
kinci səsvermədə Seneqalın sabiq prezidenti Maki Sall 6, Uqandanın sabiq xarici işlər naziri və BMT-nin keçmiş baş katib müavini Olara Otunnu 5, Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinosa 4, Çilinin sabiq prezidenti Mişel Baçelet isə cəmi 2 “dəstək” səsi alıb.
Ekvadorlu diplomat İvonn Baki isə yarışa ən son qoşulan namizəd olub və ikinci səsvermədə heç bir “dəstək” səsi əldə etməyib. Onun namizədliyi Tonqa tərəfindən irəli sürülüb. Baki BMT-də islahatların aparılmasını, münaqişələrin qarşısının alınması üçün baş katibin daha fəal diplomatik rol oynamasını və Təhlükəsizlik Şurasının strukturunun yenilənməsini müdafiə edir. Beləliklə, hazırkı mənzərə iki qadın namizədin – Qayana təmsilçisi Rodriges-Birkett və Kosta-Rikadan olan Qrinspanın önə çıxdığını göstərir. Onların hər ikisinin Latın Amerikası və Karib hövzəsi regionundan olması da diqqət çəkir.
Argentinalı Rafael Qrossinin namizədliyi xüsusi maraq doğurur. MAQATE-nin rəhbəri kimi nüvə təhlükəsizliyi və beynəlxalq diplomatiya sahəsində böyük təcrübəyə malik olan Qrossi BMT-nin böhranlar dövründə daha fəal rol oynamalı olduğunu müdafiə edən namizədlərdən biridir.
Rusiya mediasında isə Qrossinin BMT-nin hazırkı vəziyyəti ilə bağlı sərt fikirləri xüsusi qabardılır. “Svobodnaya Pressa”nın təqdim etdiyi materialda Qrossinin BMT-nin öz funksiyalarını əvvəlki kimi yerinə yetirmədiyi və təşkilatın tədricən aktuallığını itirdiyi barədə fikirlərinə diqqət çəkilir.
Moskvanın yanaşmasında əsas məsələ növbəti baş katibin sadəcə bürokratik fiqur olmaması, münaqişələrdə müstəqil vasitəçilik edə bilməsi və BMT-nin diplomatik rolunu gücləndirməsidir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da daha əvvəl növbəti baş katibdən fəal və cəsarətli diplomatik mövqe gözlədiklərini bildirib.
Lakin Qrossinin ikinci turda 7 “dəstək” səsinə qarşı 6 “əleyhinə” səs alması onun qarşısında ciddi siyasi maneələrin olduğunu göstərir. Bununla belə, hazırkı mərhələdə bu “əleyhinə” səslərin hansı ölkələrdən, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərindən gəldiyi açıqlanmır. Buna görə də Qrossinin veto ilə üzləşdiyini indidən qəti şəkildə söyləmək mümkün deyil.
Yeni baş katib son illərdə nüfuzu və effektivliyi ilə bağlı ciddi suallar yaranan bir təşkilata rəhbərlik etməli olacaq. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar, ABŞ-Çin rəqabəti və Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı fikir ayrılıqları BMT-nin qərar qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
“Reuters” də yeni baş katibin əsas vəzifələrindən birinin böhran içində olan təşkilatı yenidən canlandırmaq və islahatlar aparmaq olacağını qeyd edir. Eyni zamanda, BMT-nin şişmiş bürokratiyası, xərcləri və müxtəlif qurumlar arasında səlahiyyətlərin təkrarlanması da təşkilata yönələn tənqidlərin əsas mövzularındandır.
Ona görə də qarşıdakı səsvermələr yalnız ayrı-ayrı namizədlərin şəxsi reytinqini müəyyənləşdirməyəcək. Əslində, bu proses ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa arasında BMT-nin gələcək siyasi kursu ilə bağlı razılaşmanın mümkün olub-olmadığını da göstərəcək.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ