Onlayn ictimai-siyasi qəzet
Türkiyənin XİN rəhbəri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib ki, Azərbaycan və Ermənistanın sülh prosesində nümayiş etdirdiyi iradə bölgə üçün önəmli hesab edilir. Onun sözlərinə görə, Türkiyə iki ölkə arasında sülh prosesini dəstəkləyir.
Nazir əlavə edib ki, Cənubi Qafqazda sülh gücləndikcə ölkələrarası əlaqələr daha da güclənəcək.
"Bugünkü görüşümüzdə Cənubi Qafqazda sabitlik, sülh və rifahın səmimi və konstruktiv əməkdaşlıq əsasında formalaşmalı olduğu barədə ortaq anlayışımızı bir daha birlikdə təsdiqlədik. Bölgəmizin münaqişələrlə deyil, inkişaf layihələri, ortaq rifah və bağlantılılıq layihələri ilə tanınmasını arzulayırıq və bu istiqamətdə çalışırıq. Bu baxışın bu gün ən ümidverici təcəssümünü Azərbaycan ilə Ermənistan arasında gedən sülh prosesində görürük", - Hakan Fidan bildirib.
Yaxın aylarda sülh realdırmı?

Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında deyib ki, hər kəsə II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqların formalaşdığı məlumdur:
"Bu reallıqların müəllifi Azərbaycandır. Artıq bölgədə yeni oyun qaydaları var. Bu qaydalar sülh sazişinin imzalanmasını qaçılmaz edir. Əslində İrəvanın başqa yolu da yoxdur. Sözsüz ki, Hakan Fidanın səsləndirdiyi fikirlər həm də Ermənistana verilmiş mesajdır. Belə ki, keçirilən parlament seçkilərində hakim "Mülki Müqavilə" partiyasının qalib gəlməsindən sonra Ermənistanda yeni dövr başladı. İndiyədək rəsmi İrəvan sülh sazişini imzalamağa risk etmirdi. Bu, daxildə vəziyyəti qızışdıra bilərdi. İndi isə bu ehtimal xeyli azalıb. Təxmin etmək olar ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən konstitusiya dəyişikliyi barədə bu il zəruri addımlar atacaq. Bu olsa, bu il sülh sazişinin imzalanması da mümkündür.
Fikrimcə, İrəvan regional təhlükəsizliyin əsas təminatının Bakı və Ankara ilə münasibətlərdən asılı olduğunu başa düşür. Odur ki, gələcək dövrdə də münasibətlərin normallaşması istiqamətində addımlar atılacaq".
Cavanşir Abbaslı
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ