İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda BOMBA İDDİA: Putin Tiflislə gizli razılaşma hazırlayır?

Gürcüstan ətrafında yeni və ciddi siyasi iddialar gündəmə gəlib. Ölkənin sabiq prezidenti Mixail Saakaşvili Tiflisin Moskva ilə münasibətlərində yeni mərhələyə keçməyə hazırlaşdığını, hətta Rusiya ilə bir sıra siyasi sənədlərin imzalanmasının planlaşdırıldığını iddia edir. Onun sözlərinə görə, Abxaziya və Sxinvali bölgələrinə yanacaq tədarükünün artırılması da daha böyük prosesin hazırlıq mərhələsi ola bilər.

Picture background

Musavat.com xəbər verir ki, Saakaşvili Rusiyanın Gürcüstan hakimiyyətinə iki növ müqavilə layihəsi təqdim etdiyini bildirib.

İddialara əsasən, sənədlərdən biri Moskva ilə Tiflis arasında diplomatik münasibətlərin bərpasını və tərəflərin üçüncü qüvvəyə qarşı bir-birinə sərt mövqe tutmamasını nəzərdə tutur. Digər sənədlərin isə Abxaziya və Sxinvali bölgələrindəki separatçı rejimlərlə münasibətlərə aid olduğu və onların ayrıca subyekt kimi tanınmasını, eləcə də qarşılıqlı hücum etməmək öhdəliyini ehtiva etdiyi iddia olunur. Saakaşvili prosesin Rusiya tərəfindən Kreml rəhbərliyinə yaxın yüksək vəzifəli şəxs Sergey Kiriyenko vasitəsilə koordinasiya edildiyini, Gürcüstanın Xarici İşlər Nazirliyinin isə danışıqlardan kənarda saxlanıldığını irəli sürür. Sabiq prezidentə görə, Moskva ilə mümkün razılaşmanın hazırlanması üçün Gürcüstan cəmiyyətində də ideoloji zəmin formalaşdırılır və hakim “Gürcü Arzusu” ətrafında olan qüvvələr Rusiyaya yaxınlaşmanı əsaslandırmağa çalışırlar. Saakaşvili hesab edir ki, hazırkı vəziyyət Moskvanın maraqları baxımından əlverişli məqam yaradıb. Bir sözlə müxalifətin zəiflədilməsi, fəal siyasi şəxslərin həbsdə olması və Qərbin digər qlobal böhranlarla məşğul olması Gürcüstan hakimiyyətinin daha rahat manevr etməsinə imkan verir. O, Baş nazir İrakli Kobaxidzenin yaxın həftələrdə Moskva ilə bağlı mühüm sənədlərin imzalanması üçün Rusiyaya səfər edə biləcəyini də iddia edib. Lakin bütün bu məlumatların Saakaşvilinin açıqlamalarına əsaslanan iddialar olduğunu, onların müstəqil şəkildə təsdiqlənmədiyini də nəzərə almaq lazımdır.

Gürcüstan həqiqətən Rusiya ilə münasibətlərdə yeni və daha dərin siyasi mərhələyə hazırlaşır? Abxaziya və Sxinvali bölgələrinə yanacaq tədarükünün artırılması hansı prosesin göstəricisi ola bilər? Separatçı bölgələrin statusu ilə bağlı hər hansı sənədin imzalanması Gürcüstanın ərazi bütövlüyü məsələsinə necə təsir göstərə bilər? Əgər Saakaşvilinin iddiaları təsdiqlənərsə, bu, Gürcüstanın Qərblə münasibətlərində və regionun geosiyasi balansında hansı nəticələrə səbəb olacaq?

Əli Orucov: “Bizim hansı seçim edəcəyimizin Vodolatskiyə nə ...

Politoloq Əli Orucov Musavat.com-a bildirdi ki, bu iddialar digər mənbələr tərəfindən doğrulanmır və bunlar real səslənmir: “2008-ci ildə Rusiyanın Gürcüstana işğalçı müharibəsi nəticəsində Gürcüstanın BMT tərəfindən tanınan ərazilərinə qəsd edilib. Keçmiş Abxaziya və Cənubi Osetiya qoparılaraq Moskvanın nəzarətinə keçib. Həmin vaxtdan da Moskva-Tiflis arasında diplomatik münasibətlər kəsilib. Doğrudur hazırkı iqtidar Rusiya ilə münasibətlərində yumşalmaya meyllidir və yürüdülən siyasi xətddə də bu çalarlar aydın şəkildə görünür. "Gürcü Arzusu" hakimiyyətini əldə saxlamaq üçün müxalifəti sıxışdıraraq tam zərərsizləşdirməyə çalışır. Paralel olaraq da Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmur, ticari, iqtisadi və humanitar əlaqələrini gücləndirir. Son dövrlər Gürcüstan-Rusiya arasında ticari iqtisadi sahədə böyük sıçrayışlar baş verməkdədir. Faktiki olaraq Qərblə Gürcüstan iqtidarı ilə bağlı ixtilafların və fikir ayrılıqlarının fonunda Kremlin maraqlarına uyğun mühit formalaşsa da, Tiflisin siyasi normallaşmaya getməsi daxildə də ciddi problemlər, qarşıdurmalar yarada bilər. Baxmayaraq ki, Gürcüstanın Rusiyadan iqtisadi ticari və enerji sahələrində həyatı asılılığı var. Göründüyü kimi Kreml də Tiflisə müəyyən mesajlar ötürsə də, diplomatik əlaqələrin bərpasını şərt olaraq və prinsipial şəkildə tələb etmir. Çünki indi status -kvo Moskvaya da sərf edir. Həm də ona görə ki, sanksiyalar altında olan Rusiya bu sanksiyalardan yan keçmək üçün Gürcüstandan fəal şəkildə istifadə edir. Hakim "Gürcü Arzusu" partiyası Rusiyalı, gürcü əsilli iş adamı İvanişvilinin inhisarındadır və siyasi kursu da o müəyyənləşdirir. Tiflis düşünür ki, indiki dönəmdə Rusiya ilə yumşaq davranmaq gələcəkdə ərazi bötüvlüyü probleminin həllində köməklik olar. Ancaq bu absurdur, Rusiya tərəfi də geridönüş olunmayacağını bəyan edib. Gürcüstan son 4 ildə Qərbin yanında deyil, qarşısında yan aldığı zənn edilir. Xüsusən də son parlament və bələdiyyə seçkilərində Qərb-Gürcüstan xətti ciddi şəkildə zədələndi. Tətbiq edilən bir çox güzəştlər ləğv edildi. Gürcüstan üzərində rəqabət aparan güclər nə Tiflisə daha artıq təzyiq göstərmək istəyirlər, nə də onu bir-birlərinə "hədiyyə" verməyi arzulayırlar. Lakin Gürcüstan üçün də qeyri müəyyənlik xarici siyasətində və milli maraqlarının qorunmasında çətinliklər yaradır. 44 günlük müharibədə qazanılan qələbəyədək Gürcüstan Qərb üçün də tranzit ölkə olaraq böyük əhəmiyyət daşıyırdı. Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan arasında normallaşma prosesi Gürcüstanın rolunu və mövqeyini zəiflətdi. Ona görə də Tiflisin hansı güclərin yanında yer alması əvvəlkidək daha çox aktuallıq kəsb etmir. Lakin bununla belə Cənubi Qafqazda qüvvələr balansının dəyişməsi ümumi region üçün fərqi aydın şəkildə ortaya qoyur”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR