İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyin azadlığı uğrunda partiyaların sayı artır – vahid cəbhə qurulacaqmı?

Sabir Rüstəmxanlı: “Öncə dəqiqləşdirməliyik ki, Güney Azərbaycan dedikdə biz haranı, hansı coğrafi ərazini nəzərdə tuturuq”

Cəmşid Zareyi: “Güney Azərbaycan partiyaları 5 ildir ki, vahid cəbhə qurulmasına çalışırlar, lakin...”

Güney Azərbaycan türklərinin azadlıq mübarizəsi uğrunda yeni Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) qurulub.

cumhur.jpeg (95 KB)

Bu barədə Musavat.com-a partiyanın qurucularından biri, hazırda Hollandiyada yaşayan milli-mədəni fəal Araz Ataxan məlumat verib.

Araz Ataxanın sözlərinə görə, partiya 2023-cü il iyulun 1-də Güney Azərbaycanın Babək Bəzz Qalasında öz varlığını bəyan edib.

“Artıq hər kəs əmin olsun ki, Güney Azərbaycan türk millətinin başlatdığı milli hərəkat siyasi cəhətdən içdə təşkilatlanmış şəkildədir. Bu istiqamətdə məramnamə və nizamnaməmiz geniş ictimaiyyətə təqdim olunacaq. Əziz xalqımız əmin ola bilər ki, bu dəyişən dünya düzənində onun haqları uğrunda hər cür fədakarlığa hazır olan və onu özgür bir cümhuriyyət dəyərlərinə götürəcək bir siyasi kursumuz mövcuddur”, - deyə o qeyd edib. 

Araz Ataxan həmçinin partiyanın siyasi kursu haqqında ətraflı məlumat verib: “ACP siyasi meydana gələrkən onun qurucuları bütün xalqımızı milli hədəf ətrafında birləşərək, Azərbaycanın bütün sahələrdə yüksəlişini təmin etmək üçün aktiv siyasi fəaliyyətə cəlb etməyi qərara alıb. Partiyanın əsas məramı Azərbaycanın Güneyində xalqımızın milli haqlara sahib olması ilə yanaşı öz milli cümhuriyyət dövlətinin qurulması yolunda milli düşüncəyə söykənən sağlam qüvvələrin birliyi ilə bu qüvvələrin milli iradəsini bir məxrəc altında birləşdirmək və bu birləşmədən yaranan milli qüvvəni Bütöv Azərbaycan xalqına xidmət etməsi üçün milli dövlətin iqtidarına aparmağa çalışacaq. Hər bir millətin taleyində elə taleyüklü məqamlar olur ki, həmin vaxt milli hədəf konkret ideya olur. ACP-yə görə, yaxın gələcəyimiz üçün milli hədəfimiz Milli dövlət və Bütöv Azərbaycan topraqlarının birləşməsidir. Yaxın məramımız Güney Azərbaycanda Milli Dövlət və uzaq hədəfimiz Bütöv Azərbaycan birliyidir”. 

Bəs ümumən Güneyin azadlığı uğrunda hazırda necə siyasi təşkilat mübarizə aparır?

Qeyd edək ki, Güney Azərbaycanın tanınmış təşkilat və partiyaları əsasən aşağıdakılardır:

Azadlıq Cəbhəsi (GAMAC)

Azərbaycan Mərkəz Partiyası (AMP)

Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan Öyrənci Hərəkatı (AZOH)

Güney Azərbaycan Demokrat Partiyası (GADP)

Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)

Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP)

Bəs bu təşkilat və partiyaların vahid cəbhədə birləşməsi mümkündürmü? Buna nə mane olur? Azərbaycan dövləti bu prosesə hansı töhfəni verə bilər?

sabir.jpg (76 KB)

Mövzu ilə bağlı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb:

“Milli hədəf məsələsi bir partiyanın işi deyil. Bununla bağlı məşğul olan çox qurumlar, qruplar, siyasi partiyalar var. Eləcə də DAK da bununla məşğul olub, Güneyin özündə gizli fəaliyyət göstərən qurumlar var. Yəni, bir daha qeyd edirəm ki, bu, bir partiyanın işi deyil, əslində bir milli məsələdir və nə qədər ciddi şəkildə yanaşılsa, bu iş daha yaxşı olar.

Məlum olduğu kimi sovet dövründə SSRİ-nin marağına uyğun gələndə Güney Azərbaycanda Milli Hökumət quruldu, bu hökumət bir il yaşadı, daha sonra təəssüf ki, qanında boğuldu. Hətta BMT yarananda onun ilk müzakirə məsələsi Güney məsələsi idi, lakin sonra unuduldu. Azərbaycan da müstəqil  olmadığına görə bu məsələnin üzərinə getmədi, SSRİ-nin də  maraqların uyğun deyildi. Və yalnız Azərbaycan müstəqil olandan sonra bu məsləyə diqqət yetirildi.  Artıq  Azərbaycan Prezidentinin rəsmən bu  məsələyə, yəni İrandakı soydaşlarımızın insan haqlarına münasibətindən, genişlənən ictimai rəyin mətbuatda və dünya miqyasında müzakirələrindən sonra bu məsələ yenidən gündəmə gəlib və fikrimcə bu dəfə əbədi, əsaslı şəkildə gündəmdə qalacaq, ictimai, elmi, siyasi mədəni fikrimizin əsas mövzularından biri olacaq. Bu, milli hədəfdir və bu hədəflə müxtəlif qurumlar nə qədər birgə məşğul olsa bir o qədər yaxı olar.

Yeni yaranan Güney Azərbaycan Cümhuriyyət Partiyasının qurucularını tanımıram, amma hesab edirəm ki, xoş niyyətlə yaradılıb . Lakin bu partiyanın qurucuları nəzərı alsınlar,  bilsinlər ki, bu yolda yenidirlər və onlardan əvvəl də bu məsələ ilə məşğul olan ciddi  qurumlar var”.

Sabir Rüstəmxanlı qeyd edib ki, bütün Güney Azərbaycan partiyaları və qurumlarının birləşərək,  vahid bir cəbhəyə çevrilməsinə ehtiyac var:

“Vahid bir cəbhənin yaranmasına mane olan ən müxtəlif ölkələrin müdaxilələr,  həm də içərimizdə fikir mütəşəkkilliyinin olmamamsı, fikir ayrılığının olmasıdır. Vaxtilə biz DAK olaraq bütün qitələrdə  ciddi bir iş aparırdıq, lakin təəssüf ki, o dəqiqə Cənubdan, Şimaldan əllər uzandı, hətta diaspora  komitəsi belə ona qısqanclıqla yanaşır, ona alternativ konqreslər yaradırdı. Bu işin içərisindəyəm və  bunun ağrısını çox çəkmişəm.

Azərbaycan dövlətinin mövqeyi də artıq aydındır, amma çox yaxşı olardı ki, bu, sözdə qalmasın. Bu işin reallaşması istiqamətində ən azı Güney Azərbaycanda maarifçiliyin,  təhsilin güclənməsi, Azərbaycan  tarixinin, elminin ədəbiyyatının öyrənilməsi istiqamətində biz yardımçı olaq ki, Azərbaycan dövləti bunun üçün şərait yaratsın, bununla bağlı müəyyən proqramlar hazırlasın”.

Sabir Rüstəmxanlı Güney Azərbaycanla Quzey Azərbaycanın birləşib, Bütöv Azərbaycan yaranmasından da söz açıb:

“Təbii ki bu bizim hamımızın idealımız, arzumuzdur və DAK buna doğru gedir və günün birində buna nail olacaq.  Amma dədiqləşdirməliyik ki, Güney Azərbaycan dedikdə biz haranı, hansı coğrafi ərazini nəzərdə tuturuq.

Vaxtilə İran 4 ostandan ibarət idi, onun biri Azərbaycana aid idi.  dörddə biri İrandır.  Fars siyasəti bununla barışmadı İranı 30-a yaxın ostana böldülər və onlardan bir neçəsi  Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan, Qəzvin Həmədan, Kürdüstan ostanlarıdır.  Bütün bu ərazilərin əhalisi Azərbaycan türkləridir və Güney  Azərbaycan dedikdə əsasən bu əraziləri nəzərdə tuturuq. Halbuki İranın böyük İran ostanlarında, vilayətlərində də əksərən Azərbaycan türkləri yaşayır.  Azərbaycan türklərinin  əraziləri Kəngər körfəzinə qədər uzanır, ora qədər bizim tarixi torpaqlarımızdır.  Beləliklə, məsələyə bu istiqamətdən də baxmaq lazımdır. Son vaxtlar bu barədə müzakirələr gedir ki, İran fars rejiminin bizə təqdim etdiyi  Güney Azərbaycan sərhədləri ilə razılaşa bilərik, ya yox. Öncə bu məsələni aydınlaşdırmalıyıq. Və bununla bağlı olan bütün elmi, ictimai, mədəni, tarixi araşdırmalar aparılmaldıır, daha sonra  bu barədə danışmalıyıq”.

zarei.jpg (23 KB)

Tanınmış güneyli milli fəal Cəmşid Zareyi isə mövzuya bu cür şərh bildirdi:

“Güney Azərbaycan Milli Hərəkatının təməl prinsiplərindən biri Güney Azərbaycanın azadlığından sonra bütöv Azərbaycan amalının gerçəkləşdirilməsidir. Ancaq güneyli milli fəallar bütövlük düşüncəsini Güney Azərbaycanın istiqlalından sonraya buraxmayaraq, bu mübarizə uğrunda İran rejimi məhkəmələri tərəfindən həbs cəzalarını belə gözə alaraq hər zaman və hər yerdə Bütöv Azərbaycan bayrağını çiyinlərində daşıyır,  beləliklə, bütövlük mübarizəsini İstiqlal mübarizəsi ilə birlikdə aparmaqdadırlar.

Onu da qeyd edim ki, bütövlük düşüncəsi bütün Güney Azərbaycan təşkilatlarının məramnamələrində fərqli şəkildə yer almaqdadır. 44 günlük Vətən müharibəsi zamanı da bu bütövlük düşüncəsinin güneyli milliyətçilərinin ruhuna necə işlədiyini və bütöv bir millət olduğumuzu dərk etdiyimizi birlikdə gördük.

O ki qaldı vahid cəbhə qurulmasına, qeyd edim ki, Güney Azərbaycan partiyaları 5 ildir ki, vahid cəbhə qurulmasına çalışırlar. Lakin təəssüflər olsun ki, İran rejiminin əlaltıları tərəfindən müəyyən maneələr yaradılır. İnanıram ki, partiyalar bu maneələri aşacaq, vahid cəbhə yarada biləcəklər”.

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR