İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrüdəki baza Rusiyadan çox Ermənistana lazımdır – İrəvandan AÇIQLAMA

Ermənistanda Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. Erməni politoloq Sergey Melkonyan hesab edir ki, Moskvanın hazırkı prioritetləri baxımından Ermənistandakı hərbi mövcudluq əvvəlki əhəmiyyətini itirib və baza artıq Rusiyadan daha çox Ermənistanın özünə lazımdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Melkonyan bu barədə “Pressing” proqramının efirində danışıb.

Erməni politoloqun fikrincə, Rusiya hərbi bazasının Ermənistandan mümkün çıxarılması Cənubi Qafqazdakı mövcud güc balansını dəyişdirəcək.

“Sülh iki yolla yaranır: ya qüvvələr balansı vasitəsilə, ya da tərəflərdən birinin dominantlığı ilə. Hərbi baza çıxarsa, qüvvələr balansı pozular”, – Melkonyan bildirib.

O qeyd edib ki, burada Rusiya bazasının indiyədək nə dərəcədə effektiv fəaliyyət göstərməsi ayrıca məsələdir. Politoloqun fikrincə, hərbi mövcudluğun özünün aradan qalxması regiondakı qüvvələr nisbətinə təsir göstərəcək.

Melkonyan daha sonra diqqətçəkən məqama toxunub. Onun qənaətinə görə, Rusiyanın hazırkı strateji prioritetləri sırasında Gümrüdəki hərbi baza və İrəvandakı “Erebuni” aerodromunda yerləşən aviasiya komponenti artıq ön sırada deyil.

“Rusiya nöqteyi-nəzərindən bu hərbi baza Ermənistana Rusiyadan daha çox lazımdır”, – politoloq deyib.

Onun fikrincə, Moskva üçün hazırda əsas məsələ Ukraynadakı müharibədir və Rusiya həmin istiqamətdə məqsədlərinə çatmaq naminə digər bölgələrdəki mövqelərini ikinci plana keçirməyə hazır ola bilər. Melkonyan hesab edir ki, Moskva üçün Belarusdakı hərbi mövcudluq Ermənistandakı bazadan daha böyük əhəmiyyət daşıyır.

Ekspert Ermənistan-Rusiya münasibətlərində müzakirə olunacaq məsələlərin yalnız hərbi baza ilə məhdudlaşmadığını da bildirib.

Onun sözlərinə görə, gündəmdə dəmir yolları, qaz infrastrukturu, Rusiya sərhədçilərinin Ermənistandakı mövcudluğu, Gümrüdəki hərbi baza və atom elektrik stansiyası kimi strateji məsələlər var.

Melkonyan bu kontekstdə Nikol Paşinyanın Rusiya tərəfi ilə yeni görüş keçirilməsi və ikitərəfli münasibətlərin bir növ “inventarlaşdırılması” barədə açıqlamasını xatırladıb.

Onun fikrincə, Gümrüdəki hərbi baza bu prosesin əsas mövzularından biri olacaq.

Ermənistanda bazanın saxlanılması müqabilində Rusiyaya maliyyə təklifinin verilməsi variantlarının da müzakirə edildiyini deyən Melkonyan müxtəlif rəqəmlərin, hətta 2 milyard dolların səsləndirildiyini bildirib. Bununla belə, o, Moskvanın belə təkliflə razılaşmasını az ehtimallı sayır.

Melkonyan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması məsələsinə də toxunub. O bildirib ki, 1992-ci il sazişində erməni personal hazırlandıqdan sonra müvafiq sərhəd sahələrinin Ermənistanın nəzarətinə verilməsi və Rusiya sərhədçilərinin həmin əraziləri tərk etməsi nəzərdə tutulub.

Erməni politoloq xatırladıb ki, Rusiya sərhədçiləri artıq “Zvartnots” hava limanı və bir sıra digər məntəqələrdən çıxıblar. Bununla yanaşı, o, TRIPP layihəsi kontekstində prosesin ləngidilməsi və müəyyən süni maneələrin yaradılması ehtimalını irəli sürüb.

Melkonyanın fikrincə, Rusiya-Ermənistan münasibətlərinin gələcək konfiqurasiyasını müəyyənləşdirəcək əsas məsələlərdən biri Ermənistanın Avropa İttifaqına üzvlük perspektividir.

Onun qənaətinə görə, məhz bu məsələnin necə həll olunması Rusiya sərhədçilərinin, dəmir yolunun, hərbi bazanın və digər strateji sahələrin gələcəyinə də təsir göstərəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR