Onlayn ictimai-siyasi qəzet
Yeni il ərəfəsində Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində vəziyyət heç də bayram ab-havasına uyğun deyil. Vaxtilə “Abad Balaxanı” layihəsi çərçivəsində nümunəvi yaşayış məntəqəsi kimi təqdim olunan qəsəbə bu gün sakinlərin narazılıq ünvanına çevrilib.
Musavat.com-a müraciət edən Balaxanı sakinləri bildirirlər ki, axşam saatları düşən kimi Cahangir Cahangirov, Səməd Mənsur və Nemət Bəsir küçələri tam qaranlığa qərq olur. Küçə işıqları mövcud olsa da, uzun müddətdir yanmır. Nəticədə qəsəbədə gecə vaxtı hərəkət təhlükəli hal alır. Xüsusilə yaşlılar, qadınlar və uşaqlar axşam saatlarında evdən çıxmağa çəkinirlər.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Sabunçu Rayon Küçə İşıqları İdarəsinə müraciət edilib. Lakin nəticə yoxdur. Bildirilir ki, idarə rəhbərliyinə ünvanlanan müraciətlər cavabsız qalır, problemlər isə “sabah düzələcək” vədləri ilə yola verilir.
Qaranlıq Balaxanının yeganə problemi deyil. Qəsəbədə qeyri-məişət tullantılarının vaxtında daşınmaması ciddi narahatlıq doğurur. Küçə və ara yollarda zibil yığılır, konteynerlərin ətrafı antisanitar vəziyyətə düşür. Sakinlər bildirirlər ki, isti aylarda bu mənzərə dözülməz qoxu və xəstəlik riski deməkdir. Artıq söhbət təkcə səliqə-sahmandan yox, insanların sağlamlığından gedir.
Bu vəziyyət fonunda Sabunçu rayon Kommunal Xidmətlər İdarəsinin Balaxanı qəsəbəsinə nəzarəti faktiki olaraq itirdiyi qənaəti formalaşır. Qəsəbədə nə müntəzəm təmizlik aparılır, nə də görülən işlərə nəzarət edilir. Rəsmi hesabatlarda “işıqlı, təmiz və turistlər üçün cəlbedici” kimi təqdim olunan Balaxanı gecə düşən kimi sanki xəritədən silinir.
Sakinlər haqlı olaraq sual edirlər: əgər Balaxanı doğrudan da “abad”dırsa, niyə gecələri zülmətə qərq olur? Əgər kommunal xidmətlər işləyirsə, niyə küçələr zibillə doludur? Və ən əsası, məsul qurumlar niyə illərdir səsləndirilən bu problemlərə göz yumur?
Musavat.com məsələni diqqətdə saxlayacaq və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ