Onlayn ictimai-siyasi qəzet
Fransa Milli Assambleyası Korsikaya daha geniş səlahiyyətlərin verilməsini nəzərdə tutan konstitusiya dəyişiklikləri layihəsini dəstəkləyib.
Musavat.com xəbər verir ki, Fransa Milli Assambleyasında keçirilən səsvermədə layihə 271 deputatın lehinə, 201 deputatın isə əleyhinə səsi ilə qəbul olunub. Sənəd Konstitusiyanın 72-ci maddəsinə dəyişiklik edilməsini nəzərdə tutur və Korsikanın muxtar ada qurumu kimi tanınmasına hüquqi zəmin yaradır.
Layihəyə əsasən, Korsika müəyyən sahələrdə yerli xüsusiyyətləri nəzərə alan normativ qərarlar qəbul etmək imkanına malik olacaq. Bununla belə, müdafiə, xarici siyasət, təhlükəsizlik, məhkəmə sistemi və pul siyasəti kimi əsas səlahiyyətlər Fransa dövlətinin nəzarətində qalacaq.
Korsika Aralıq dənizində yerləşən və 1768-ci ildən Fransa idarəçiliyində olan adadır. Adada muxtariyyət və daha geniş özünüidarəetmə tələbləri uzun illərdir davam edir. XX əsrin ikinci yarısından etibarən bu tələblər daha da güclənib, bəzi qruplar isə müstəqillik uğrunda silahlı fəaliyyət göstəriblər.
2003-cü ildə keçirilən referendumda muxtariyyətlə bağlı təklif cüzi səs fərqi ilə rədd edilsə də, sonrakı illərdə muxtariyyət tərəfdarları yerli siyasətdə mövqelərini gücləndiriblər. Fransa Prezidenti Emmanuel Makron da 2023-cü ildə Korsikaya respublika daxilində muxtariyyət verilməsi ideyasını dəstəklədiyini açıqlamışdı.
Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Fransa Senatı tərəfindən də təsdiqlənməsi və konstitusiya dəyişiklikləri prosedurundan keçməsi tələb olunur.
Musavat.com
25 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ