İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Avropada demokratiyanı "dəfn" etdi: Makron "qoca qitə"ni diktatura və xaos mərhələsinə keçirir

Fransada inqilabi situasiya yaranıb, Rəsmi Paris isə etirazçıları dinləmək niyyətindən çox-çox uzaqdır, kütləvi repressiyalar və ordunun gücü ilə narazı təbəqələrə divan tutmaq variantını seçib... Makron diktaturasının yeni bəşəri cinayətlərinə reaksiya verməyərək, seyrçi qalan Avropa Birliyindən bundan sonra ədalət gözləmək sadəlövhlükdən başqa bir şey deyil...

Fransanın ermənipərəst dövlət olduğu müasir dünyada mübahisə doğurmayan bir reallıqdır. Bu ölkənin prezidenti Emmanuel Makron isə ermənilərin uydurma iddialarına Ermənistan baş naziri Nikol Paşinyandan daha sadiqdir. Hətta fransız prezident erməni baş naziri Ermənistanın "maraqlar"ını yetərincə müdafiə etməməkdə suçlayacaq qədər irəli gedib. Və hazırda Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan əli silahlı erməni terrorçuların "hüquqları", "təhlükəsizliyi" uğrunda mübarizə aparan yeganə siyasətçi olmasıyla lovğalanır.

Ancaq çox qəribədir ki, prezident Emmanuel Makron Fransa vətəndaşlarının hüquq və təhlükəsizliyi barədə heç əli silahlı erməni terrorçulara verdiyi dəstək qədər də düşünmür. Əksinə, Fransada ölkə vətəndaşlarının hüquqları kobud şəkildə pozulur. Fransa polisi ölkə əhalisi arasında irqi ayrıseçkilik edərək, qeyri-fransızlara ifrat zorakılıq tətbiq edir. Və hətta Fransa polisinin Afrika ölkələrindən olan vətəndaşlara odlu silahdan atəş açması nəticəsində həyatını itirənlər də var.

makakaaa.jpg (8 KB)

Ona görə də, indi Fransanın paytaxtı Paris də daxil olmaqla, bir çox iri şəhərləri əsl savaş poliqonuna çevrilib. Fransa hökuməti kütləvi etiraz aksiyaları keçirən silahsız insanların üzünə 45 minlik jandarma korpusu və hərbi göndərmək məcburiyyətində qalıb. Yəni, Fransada Makron diktaturası öz ölkəsinin əhalisinə qarşı hərbi əməliyyatlara başlayaraq, savaş açıb. Və indi Makron diktaturası başqa ölkələrə münasibətdə tez-tez dilə gətirdiyi demokratiya, insan haqları kimi dəyərləri ümumiyyətlə, xatırlamır.

Halbuki, prezident Emmanuel Makron 2020-ci ildə Livan əhalisinə xitabən "İnqilab sifarişlə, kiminsə əmri ilə baş vermir, onu xalq edir" demişdi. Cəmisi 3 il sonra - 2023-cü ildə isə Fransa diktatoru öz ölkəsini bürüyən kütləvi aksiyalara "Bu etirazlar hüquqi və leqal deyil, heç kimin xalqın seçdiyi hökumətə qiyam qaldırmaq haqqı yoxdur" bəyanatı ilə reaksiya verir. Və bu kəskin paradoksdur.

Məsələ ondadır ki, əgər, demokratiya varsa, hər yerdə eyni məzmun daşımalıdır. Xalqın hakimiyyətə etiraz etmək, inqilabi proseslər başlatmaq hüququ mövcuddursa, bu, ölkələrə görə dəyişə bilməz. Yəni, başqa ölkələrdə demokratik etiraz hüququ sayılan kütləvi aksiyalar, Fransada dövlətə qarşı qiyam kimi izah edilməməlidir. Və indi prezident Emmanuel Makron belə fərqli dəyərləndirmə ilə Fransada əsl diktatura qurduğunu təsdiqləyir.

Rəsmi Parisin kütləvi etiraz aksiyalarına qarşı repressiyaya başlaması Fransada demokratiyanın mövcud olmadığını sübut edir. Makron diktaturası kütləvi həbslərə əl atmaq əvəzinə aksiyaçıların tələblərini dinləyib, onların problemlərini həll etməyə çalışsa, daha doğru addım atmış olardı. Və Fransanı bürüyən kütləvi etiraz dalğası da bu qədər dərinləşməzdi.

ezgif-1-8d5328806f.jpg (71 KB)

Ancaq Makron diktaturası Fransanı bürüyən kütləvi etiraz dalğasının əsas səbəblərini tamamilə fərqli yerlərdə axtarır. Prezident Emmanuel Makron bəyan edib ki, kütləvi etiraz aksiyalarına sosial media şəbəkələri səbəb olub. Digər fransız siyasətçilər isə Fransaya çoxlu sayda Afrika kökənli miqrantların gəlişini ölkənin altına yerləşdirilmiş bomba hesab edirlər.

Göründüyü kimi, rəsmi Paris aksiyaçıların tələblərinə əhəmiyyət vermək niyyətindən hələlik çox uzaqdır. Makron diktaturası onu da unudur ki, sosial media şəbəkələri Fransanın başqa ölkələrə təzyiq üçün istifadə etdiyi demokratiya, insan haqları, söz azadlığı kimi dəyərlərin təməlini təşkil edir. Belə anlaşılır ki, rəsmi Paris bütün bunlardan açıq-aşkar imtina etməyə başlayıb.

Afrika kökənli miqrantların "Fransanın altına döşənmiş bomba" olmasına gəldikdə isə bu da olduqca qəribə yanaşmadır. Çünki Fransa həmin miqrantların ölkələrini müstəmləkəyə çevirərək, sərvətlərini əsrlər boyu talayıb. Həmin Afrika ölkələrində indiki miqrantların xalqlarına qarşı irqi zəmində dəhşətli soyqırımlar törədib. Fransanın həmin ölkələrə qarşı hələ də davam edən bu hərbi və bəşəri cinayətlərə isə beynəlxalq hüquqi qiymət verilməyib.

Fransanın indi düşdüyü vəziyyətin arxasında isə Makron diktaturasının Afrika xalqlarına qarşı istismarçı siyasətin nəticələri dayanır. Belə ki, prezident Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Fransanın nəhəng biznes dairələrinin maraqlarını təmin etmək üçün Afrika ölkələrindən ucuz işçi qüvvəsi gətirmək siyasəti yürüdüb. Əsas məqsəd isə Fransada sənaye müəssisələrində afrikalıları işlədərək, nəhəng şirkətlərin xərclərini azaltmaqda ibarətdir. Nəticədə Fransanın yüksək maaş almağa vərdişli olan yerli əhalisi ilə miqrantlar arasında düşmənçilik münasibəti yaranıb.

65330229_802.jpg (22 KB)

Ziddiyyətlər ucbatından baş verən küçə toqquşmaları zamanı Fransa polisi miqrantları insan yerinə belə, qoymur. Onlara odlu silahdan atəş açır, Afrikada törədilmiş irqi soyqırımlar indi müasir Fransanın ərazisində təkrarlanır. Yəni, rəsmi Paris vərdişli olduğu bəşəri cinayətləri indi Fransa daxilində də davam etdirir. Və Avropa Birliyi başda olmaqla, insan haqları, demokratiya carçıları olan beynəlxalq qurumlar isə israrla susur.

Bütün bunları nəzərə alaraq, hesab etmək olar ki, Makron diktaturası yalnız Fransada deyil, ümumiyyətlə, Avropa Birliyi məkanında demokratiya və insan haqları anlayışını sırasından çıxartmağa başlayıb. Belə anlaşılır ki, rəsmi Parisə daha demokratiya və insan haqları lazım deyil. Fransa isə hazırda Avropa Birliyinin iki avanqard ölkəsindən biridir.

Deməli, əgər, Fransa diktaturaya meyillənirsə, onsuz da formal xarakter daşıyan demokratik dəyərlərdən imtina edirsə, Avropa Birliyi də kənarda qala bilməz. Yəni, rəsmi Paris yalnız Fransada deyil, ümumiyyətlə, Avropa Birliyi məkanında demokratik dəyərləri "dəfn etmək" niyyətindədir. Əks halda, Fransa Avropa Birliyi sıralarında qala bilməz, bu qurumun sanksiyalarına tuş gələr.

Göründüyü kimi, Avropa Birliyini də diktatura və xaosa yaxınlaşdıran Fransada inqilabi situasiya yaranıb. Rəsmi Paris isə bu ölkədə yaşayan insanları dinləmək niyyətindən çox-çox uzaqdır. Bunun əvəzində Makron diktaturası kütləvi repressiyalar və ordunun gücü ilə narazı təbəqələrə divan tutmaq variantını seçib. Və Fransanın bu cinayətlərinə reaksiya verməyən, Makron diktaturasının demokratiyanı "dəfn" etməsinə seyrçi qalan Avropa Birliyindən bundan sonra ədalət gözləmək sadəlövhlükdən başqa bir şey deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR