Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin son dərəcə gərgin olduğu bir vaxtda Fars körfəzində strateji əhəmiyyət kəsb edən ərazidə güclü partlayış səsləri qeydə alınıb. Hadisə bölgədə narahatlığı daha da artırıb.
Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan "Fars" xəbər agentliyi Fars körfəzində yerləşən strateji Xarq adası yaxınlığında güclü partlayışın baş verdiyi barədə məlumat yayıb.
Agentliyin yaydığı ilkin məlumatlara görə, ada sakinləri tərəfindən kifayət qədər güclü partlayış səsi eşidilib. Lakin partlayışın baş verdiyi dəqiq koordinatlar və onun hansı mənbədən qaynaqlandığı hələlik rəsmən müəyyən edilməyib. İlkin ehtimallar partlayışın bilavasitə adanın daxilində deyil, onun hüdudlarından kənarda, dəniz akvatoriyasında baş verdiyini göstərir.
Hadisədən qısa müddət əvvəl isə İranın digər rəsmi media qurumu — "Mehr" agentliyi də Xarq adasında güclü səs dalğalarının qeydə alındığı barədə xəbər paylaşmışdı. Agentlik öz mənbələrinə istinadən qeyd edib ki, bu səslər Behrəqan neft platformaları bölgəsində köhnə sursatların zərərsizləşdirilməsi (utilizasiyası) prosesi ilə bağlı ola bilər və yaranan səs dalğası adaya qədər ucalıb. Mövzu ilə bağlı rəsmi hərbi instansiyaların yekun açıqlaması gözlənilir.
Toğrul İsmayıl,
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ