İnsanlara hürriyət, millətlərə istiqlal!

“Evlənməmişdən əvvəl ad günlərini keçirən adam deyildi” – Vaqif Səmədoğlunun xanımı

"Bu gün Vaqif bəyin məzarını ziyarət etdik və onu doğum günündə yad etdik. Təsadüfə bax ki, bu gün həm də Heydər Əliyev Sarayında Səməd Vurğunun 120 illiyi qeyd olunur və ailəliklə orada olacağıq".

Bunu Musavat.com-a açıqlamasında mərhum Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova deyib.

O, mərhum şairin doğum günlərindən danışıb:

"Biz evlənməmişdən əvvəl ad günlərini keçirən adam deyildi. Ailə həyatı qurduqdan sonra isə biz artıq doğum günlərini qeyd etməyə başladıq. Bayramlar, doğum günləri sevinmək və əylənmək üçün bir bəhanədir. İnsanlar bir masa ətrafında otururlar və bir-birlərinə xoş söz deyirlər. Vaqif bəy də dar çərçivədə ad günlərini qeyd edərdi".

Qeyd edək ki, Vaqif Səməd oğlu Vəkilov 1939-cu ilin bu günü, yəni iyunun 5-də Bakıda məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri vəzifələrində çalışıb. 1962-1963-cü ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.

"Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Şair 2000-ci ildə Milli Məclisin deputatı seçilib.

Onun "Yoldan teleqramlar"(1968), "Günü baxtı", "Mən burdayam, ilahi" (1996), "Uzaq, yaşıl ada" (1996), "Gürzəçöl yazıları" (2016) adlı kitabları, "Bəxt üzüyü", "İntizar", "Uca dağ başında", "Lotereya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri","Mamoy kişinin yuxuları" adlı dram əsərləri var.

Şairin "Son gecədir bu gün yenə...", "Nəyin istisindən yananlar...", "Bir cüt ayaqqabı...", "Qağayı, axtar məni...", "Birlikdən və tənhalıqdan..." kimi şeirləri də var. Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i xərçəng xəstəliyindən dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun "Fəxri qazaxlılar" parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.

76 yaşında vəfat edən Xalq şairinin məzarına başdaşı qoyulmayıb, qəbirüstü abidə yalnız sinə daşından ibarətdir. Sinə daşında şairin yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR