İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya 34 il sonra Bakıda səfirlik açır – Niyə indi?

Azərbaycan və Estoniya ikitərəfli münasibətlərin daha da gücləndirilməsində maraqlıdır. Tallinin Bakıda səfirlik açmaq qərarı iki ölkə arasında siyasi dialoqun və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yarada bilər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk ilə görüşündə bu məsələləri müzakirə edib. Estoniyalı diplomat görüş zamanı etimadnaməsinin surətlərini Azərbaycan XİN rəhbərinə təqdim edib. Ceyhun Bayramov Tiina Nirki səfir təyin olunması münasibətilə təbrik edib və diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Picture background

Danışıqlarda Estoniyanın Azərbaycanda səfirlik açması xüsusi əhəmiyyət daşıyan məsələ kimi diqqətə çatdırılıb. Bildirilib ki, diplomatik nümayəndəliyin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin daha operativ və sistemli şəkildə inkişafına, həmçinin siyasi dialoqun intensivləşməsinə əlavə imkanlar yaradacaq. 
Azərbaycan Estoniyanın müstəqilliyini 6 dekabr 1991-ci ildə, Estoniya isə Azərbaycanın müstəqilliyini 20 fevral 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 20 aprel 1992-ci ildə qurulub.

Lakin münasibətlər uzun müddət qarşılıqlı şəkildə tam rezident səfirliklər üzərindən qurulmayıb. Azərbaycan 2010-cu ilin sonunda Tallində səfirliyini fəaliyyətə başlayıb. Estoniya isə Azərbaycandakı diplomatik fəaliyyətini daha uzun müddət Ankara üzərindən həyata keçirib: onun Türkiyədəki səfiri 2005-ci ildən Azərbaycana da akkreditə olunub. 2014-cü ildə Tallin Bakıda diplomatik ofis açsa da, bu qurum tam səfirlik statusunda olmayıb.

Bunun əsas səbəbi, görünür, Azərbaycan-Estoniya münasibətlərinin uzun müddət məhdud intensivlikdə qalması və Estoniyanın regiondakı diplomatik resurslarını daha çox Ankara üzərindən idarə etməsi olub. Estoniya kiçik ölkədir və bütün ölkələrdə rezident səfirlik saxlamaq əvəzinə bir sıra dövlətləri başqa ölkələrdəki səfirliklər vasitəsilə əhatə edir. Azərbaycan da illərlə bu model çərçivəsində Ankaradakı Estoniya səfirliyinin diplomatik məsuliyyət dairəsində olub. Estoniyanın rəsmi məlumatında da 2024-cü ildə Azərbaycana akkreditə olunmuş səfirin Ankarada rezident olduğu göstərilir.

Burada maraqlı məqam odur ki, münasibətlər heç də passiv olmayıb. 2000-ci illərdən etibarən prezidentlər, hökumət və parlament nümayəndələri arasında qarşılıqlı səfərlər keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə Estoniyaya dövlət səfəri edib, Estoniya Prezidenti Toomas Hendrik İlves isə 2009-cu ildə Azərbaycanda olub.

Əsas dəyişiklik son illərdə münasibətlərin praktiki və geosiyasi əhəmiyyətinin artmasıdır. Estoniya artıq Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş kimi təqdim edir. 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda səfirliyin açılmasını hökumətə təklif edəcəyini açıq şəkildə bildirib və bunun Azərbaycanla praktiki əməkdaşlığın genişləndirilməsinə imkan yaradacağını vurğulayıb.

Picture background

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Estoniya NATO ölkəsidir, lakin həm də keçmiş postsovet respublikasıdır. Onun fikrincə, münasibətlərdə həllini gözləyən xüsusi problemlər olmasa da, bu illər ərzində yaranmış məsafəli təmaslar vurğulanmalıdır. Ekspert bu ilin payızında Bakıda Estoniya səfirliyinin açılmasının planlaşdırılmasını əlaqələrdə yeni dövr kimi qiymətləndirir. Onun fikrincə, Azərbaycanın İsrail kimi tərəfdaş ölkədə səfirliyi də çox gec açılıb və belə presedentlər var: "Azərbaycan və Estoniya eyni məkana aid olub, yəni keçmiş SSRİ respublikaları olduğumuzu unuda bilmərik. Amma siyasi, iqtisadi və mədəni əlaqələr haqda məhdud fikirlər söyləmək olar. Sadəcə, son dövrlər Baltikyanı ölkələr Azərbaycanla əlaqələrə maraq göstərməyə başlayıb. Buna qədər Latviya və Litva liderləri ölkəmizdə olub, müxtəlif sahələr üzrə əməkdaşlıq formatı müzakirə edilib. Estoniya da bu ölkələrdən geri qalmır. Azərbaycan isə Baltikyanı ölkələrlə əməkdaşlıqda problem görmür".

Estoniyanın Azərbaycana qarşı qərəzinin olmadığını deyən Ramiyə Məmmədova hesab edir ki, səfirliyin açılması təmasları intensivləşdirə bilər:


"Azərbaycan əməkdaşlıq dairəsinin genişlənməsində maraqlıdır. Estoniya dünya və region siyasətində söz sahibi olmasa belə, bu ölkə ilə əlaqələr təhsil və iqtisadiyyat sahələrini əhatə edə bilər" . Onun sözlərinə görə, Bakıda səfirliyin açılması o deməkdir ki, Azərbaycan və Estoniya arasındakı münasibətlərin inkişafı artıq belə bir zərurət yaradır: "Estoniya ilə münasibətlər Azərbaycanın Baltikyanı bölgədəki mövqeyini gücləndirə bilər. Bu da Avropada münasibətlərin inkişafında rol oynayar. Baltikyanı region Azərbaycan üçün həm də Avropa İttifaqı ilə münasibətlər kontekstində maraqlıdır".

Emil Salamoğlu,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR