Onlayn ictimai-siyasi qəzet
Ermənistanda şəkər idxalı ilə bağlı keçmiş baş nazir Ovik Abramyan və keçmiş deputat Samvel Aleksanyanın adının hallandığı qalmaqallı iddialar ortaya çıxıb. İrəvan sakini polisə müraciət edərək milyonlarla dollarlıq zərərə məruz qaldığını və fiziki zorakılıqla hədələndiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə yerli Shamshyan.com məlumat yayıb.
Məlumata görə, İrəvanın 36 yaşlı sakini Arutyun K. Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polis Baş İdarəsinə müraciət edib.
O iddia edib ki, 2025-ci ilin aprelində keçmiş baş nazir Ovik Abramyanın göstərişi ilə bacısı Alla K.-nın adına “Smart Cargo” şirkəti yaradılıb. Şirkət Rusiyadan Ermənistana şəkər idxal etməli idi.
Arutyun K.-nın sözlərinə görə, biznes üçün əsas vəsaiti Abramyan yatırmalı olsa da, keçmiş baş nazir cüzi məbləğ qoyub, bir müddət sonra isə şirkətdəki pullarını geri çəkib.
Şikayətçi bildirib ki, Abramyanın göstərişi və vasitəçiliyi ilə 470 milyon dram kredit götürülüb. Daha sonra qəsdən müflisləşmə əlamətlərinin yaradılması nəticəsində ona böyük maddi zərər dəydiyini iddia edib.
Arutyun K. itirilmiş gəlir şəklində zərərinin 6–7 milyon dollar olduğunu bildirib.
Onun sözlərinə görə, problem müqavilələrdə nəzərdə tutulan 100 min ton şəkərin tədarük edilməməsi nəticəsində yaranıb və buna görə hər gün təxminən 16 milyon dram itirib.
Lakin şikayətdə ən diqqətçəkən iddia 2026-cı ilin mayından sonra baş verənlərlə bağlıdır.
Arutyun K. polisə bildirib ki, Ovik Abramyan ondan şəkər idxalını tamamilə dayandırmağı və yalnız vasitəçi kimi fəaliyyət göstərməyi tələb edib. İddiaya görə, şəkərin Ermənistana gətirilməsi ilə keçmiş deputat Samvel Aleksanyan məşğul olmalı idi.
Şikayətçinin sözlərinə görə, bunun müqabilində ona 15–20 min dollar təklif olunub.
Arutyun K. iddia edib ki, Abramyan bunu şəkər idxalının 30 ildən artıqdır Samvel Aleksanyanın biznes sahəsi olması ilə izah edib.
Şikayətçinin polisə verdiyi məlumata görə, təklifi qəbul etməyəcəyi halda ona qarşı fiziki zorakılıq tətbiq ediləcəyi də bildirilib.
Arutyun K. Abramyanın ona “şəkərlə məşğul olma, bu Aleksanyanın biznesidir” dediyini, əks halda “ayaqlarının sındırılacağı” və ya bir gün haradasa döyüləcəyi ilə hədələndiyini iddia edib.
Shamshyan.com-un məlumatına görə, polis tərəfindən hazırlanmış materiallar araşdırılması üçün Ermənistan İstintaq Komitəsinə göndərilib.
Hələlik Ovik Abramyan və Samvel Aleksanyanın bu iddialara münasibəti barədə məlumat verilmir.
Musavat.com
27 Sentyabr 2026
26 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ