Onlayn ictimai-siyasi qəzet
Rusiya ekspert dairələrində və mediada Nikol Paşinyanın son illərdə yürütdüyü siyasətin Ermənistan üçün ciddi nəticələr doğura biləcəyi barədə fikirlər getdikcə daha açıq səsləndirilir.
Musavat.com xəbər verir ki, bu barədə “Regnum” agentliyinin təhlil yazısında deyilir.
Bildirilir ki, Moskvanın mesajı artıq təkcə KTMT ilə məhdudlaşmır. Kreml həm təhlükəsizlik, həm iqtisadiyyat, həm də Avrasiya inteqrasiyası məsələlərində İrəvana qarşı daha sərt xəttə keçdiyini nümayiş etdirir. Məqalədə vurğulanır ki, Paşinyan KTMT ilə münasibətlərdə hüquqi sənədlərdə mövcud olmayan "üzvlüyün dondurulması" modelini tətbiq etməyə çalışıb. Yəni Ermənistan təşkilatın tədbirlərində iştirak etmir, üzərinə düşən öhdəlikləri yerinə yetirmir, üzvlük haqlarını ödəmir, eyni zamanda KTMT-nin təhlükəsizlik təminatlarının qüvvədə qalmasını istəyir. Rusiyalı ekspert Nikolay Silayev bu yanaşmanı belə xarakterizə edir: Ermənistan təşkilat qarşısında heç bir öhdəlik daşımamaq, lakin digər üzvlərin ona qarşı bütün öhdəliklərini saxlamasını tələb edir.
Məqalənin əsas mesajlarından biri Rusiyanın uzun illər davam etdirdiyi güzəşt siyasətindən imtina etməsidir. Bildirilir ki, Kreml indiyədək Avrasiya inteqrasiyasını zədələməmək naminə Paşinyanın addımlarına sərt reaksiya vermirdi. Lakin artıq vəziyyət dəyişib.
Rusiyada hesab edirlər ki, Ermənistan həm Rusiyanın təhlükəsizlik çətirindən və iqtisadi imkanlarından faydalanmağa, həm də paralel olaraq Avropa İttifaqı və ABŞ-la strateji inteqrasiyanı sürətləndirməyə çalışır. Kreml isə bu "iki stulda oturmaq" siyasətini artıq qəbul etmədiyini açıq nümayiş etdirir.
Məqaləyə görə, yaxın KTMT sammitində Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması məsələsi gündəliyə çıxarıla bilər. Səbəb kimi təşkilatın fəaliyyət prinsiplərinin pozulması və üzvlük haqlarının ödənilməməsi göstərilir.
Rusiyanın xəbərdarlığı yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Moskva eyni zamanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində də yeni yanaşma nümayiş etdirir. Rusiya açıq şəkildə bildirir ki, Aİİ üzvlüyünün iqtisadi üstünlükləri sonsuz olmayacaq. Ermənistan həm Aİİ bazarının imkanlarından istifadə edib, həm də Avropa İttifaqına inteqrasiya kursunu davam etdirə bilməyəcək. Kreml hesab edir ki, İrəvan artıq geosiyasi seçim etməlidir.
Bununla yanaşı, Moskva göstərir ki, KTMT-də öhdəlikləri yerinə yetirməyən Ermənistan təşkilat daxilində malik olduğu imtiyazları da itirə bilər.
Təhlükəsizlik mexanizmlərindən birtərəfli qaydada yararlanmaq artıq mümkün olmayacaq. Üçüncü mühüm mesaj iqtisadi sahəyə aiddir. Rusiya nümayiş etdirir ki, onun bazarı, investisiyaları və iqtisadi dəstəyi artıq siyasi münasibətlərdən ayrı qiymətləndirilməyəcək. Başqa sözlə, Moskvanın yaratdığı iqtisadi imkanlardan faydalanaraq paralel şəkildə Qərbin geosiyasi layihələrində iştirak edən İrəvan əvvəlki güzəştləri gözləməməlidir. Bu yanaşma TRIPP layihəsinə münasibətdə də özünü göstərir. Rusiya mediasında iddia olunur ki, Moskva Ermənistan ərazisində dəmir yolu infrastrukturunu bərpa edib, sonradan həmin marşrutun ABŞ-nin nəzarətinə keçməsinə imkan verəcək layihələri maliyyələşdirmək niyyətində deyil.
Rusiya ekspertləri hesab edirlər ki, Moskvanın sərt mövqeyi yalnız Ermənistan üçün nəzərdə tutulmayıb. Kreml bununla Aİİ və KTMT-nin digər üzvlərinə də mesaj verir: inteqrasiya birliklərinin üstünlüklərindən istifadə edib eyni zamanda Rusiyanın geosiyasi rəqibləri ilə əməkdaşlığı genişləndirmək əvvəlki kimi nəticəsiz qalmayacaq. usiyada formalaşan ritorika göstərir ki, Kreml Ermənistanla münasibətlərdə yeni mərhələyə keçir. Bu mərhələnin əsas prinsipi isə sadədir: ya öhdəliklər, ya da imtiyazlar. Bu səbəbdən də payız aylarında keçiriləcək KTMT və Aİİ formatlı görüşlər Paşinyan hakimiyyəti üçün ciddi siyasi sınağa çevrilə bilər.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ