İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan TRIPP-ə “hə” dedi – İndi top Paşinyanın parlamentindədir  

Ermənistanın Konstitusiya Məhkəməsinin TRIPP layihəsi ilə bağlı qərarı regionda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində mühüm hüquqi mərhələnin geridə qalması deməkdir. Məlum olduğu kimi məhkəmə Ermənistanla ABŞ arasında imzalanmış çərçivə sazişindən irəli gələn öhdəliklərin ölkə Konstitusiyasına uyğun olduğuna qərar verib. Qərarın ardından sənədin ratifikasiya üçün Ermənistan parlamentinə göndərilməsi gözlənilir.

Qeyd edək ki, TRIPP layihəsi Azərbaycanı Naxçıvanla Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısı vasitəsilə birləşdirməyi nəzərdə tutur. Ermənistan hökuməti iyul ayında ratifikasiya prosesini başladıb və Konstitusiya Məhkəməsinin müsbət qərarından sonra növbəti mərhələnin parlament olduğunu açıqlamışdı.

İndi əsas diqqət Ermənistan parlamentindəki ratifikasiya prosesinə, marşrutun praktiki icrasına və layihənin Azərbaycan-Ermənistan münasibətlərinə, eləcə də regiondakı geosiyasi balanslara mümkün təsirlərinə yönəlir.

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Musavat.com-a deyib ki, TRIPP marşrutu ilə bağlı Ermənistan və Amerika Birləşmiş Ştatları arasında imzalanmış çərçivə sazişi beynəlxalq münasibətlər sistemində dövlətlərarası müqavilələrin imzalanması üçün nəzərdə tutulan bütün prosedurlardan keçməklə həyata keçirilir:

“Bu da gələcəkdə qəbul edilmiş qərarın və ya imzalanmış müqavilənin mübahisələndirilməsi ehtimalını aradan qaldırmaq məqsədi daşıyır.

Ona görə də düşünürəm ki, ilkin mərhələdə həyata keçiriləcək layihənin detalları, hüquqi statusu, maliyyə əsasları və digər məsələlər razılaşdırıldıqdan sonra növbəti mərhələ layihənin hüquqi statusunun Ermənistan Konstitusiyasına uyğun olub-olmaması ilə bağlı idi. Konstitusiya Məhkəməsi də sazişin, yəni imzalanmış müqavilənin Ermənistan Konstitusiyasına zidd olmadığı barədə rəy verdi.

Bu, Paşinyana və Ermənistan ictimaiyyətinə nə üçün lazım idi? Çünki Ermənistan müxalifəti hər şeydən öncə TRIPP marşrutunun Ermənistanın iradəsindən və yurisdiksiyasından kənarda qalacağı ilə bağlı iddialar irəli sürür, bunu Ermənistanın ərazi bütövlüyünə təhdid yaradan sənəd kimi təqdim edirdi".

Millət vəkilinin fikrincə, Konstitusiya Məhkəməsinin qərarının qəbul edilməsi Ermənistan hakimiyyəti və ictimaiyyəti üçün xüsusilə vacib idi:

"Mübahisəli fikirlərə ictimai rəydə hüquqi baxımdan aydınlıq gətirilməsi lazım idi. Görünür, Paşinyan özü də, öz komandası daxilində, burada bu gün və ya gələcəkdə hansısa hüquqi problemin yarana biləcəyinə əmin olmaq istəyirdi.

Ona görə düşünürəm ki, Konstitusiya Məhkəməsinin müsbət rəyi mühüm bir addım oldu. Sonra isə, əlbəttə, məhkəmə üç hakimiyyət qolundan biridir, amma parlament də xalqın iradəsinin təmsilçisidir. Buna görə beynəlxalq öhdəliklər həm də bir növ xalqın iradəsi ilə ratifikasiya edilməlidir. Yəni bu sənəd xalqın iradəsini təmsil edən deputatlar tərəfindən də qəbul edilməlidir".

Hikmət Babaoğlu Ermənistan parlamentində ratifikasiya prosesinin ciddi çətinlik törədəcəyini düşünmür. Onun fikrincə, Ermənistan hakimiyyəti prosesin ən mürəkkəb mərhələlərindən birini artıq geridə qoyub:

"Hesab edirəm ki, Paşinyan komandası işin çətin hissəsini arxada qoymağı bacarıb və müqavilənin parlamentdə ratifikasiya edilməsi o qədər də çətinlik törətməyəcək. Bu isə o deməkdir ki, doğrudan da, biz nəhayət razılaşdırılmış qrafik üzrə layihənin fiziki icrasına başlanmasını önümüzdəki ilin əvvəllərində görə bilərik.

Hesab edirəm ki, bu, marşrutun açılması üçün pozitiv, müsbət bir hadisədir".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR