Onlayn ictimai-siyasi qəzet
Ermənistanlı ekspert Qrayr Paleyan Bakıda mühakimə olunan erməni terrorçularının azadlığa buraxılmasını sülhün şərti kimi irəli sürüb. O, hətta bu məsələ həll olunmayacağı təqdirdə ən kiçik səbəbin belə münaqişəni yenidən alovlandıra biləcəyini iddia edib.
Musavat.com xəbər verir ki, Paleyan bu fikirləri “CivilNet” platformasında keçirilən müzakirədə səsləndirib.
Ermənistanlı ekspertin iddiasına görə, Azərbaycan 1990-cı illərin əvvəllərindəki müharibənin nəticələrinə görə Ermənistandan qisas almağa çalışır. O, Bakıda saxlanılan erməni terroçularını “girov” adlandıraraq onların azad edilməməsini Ermənistanı alçaltmaq cəhdi kimi qiymətləndirib.
Paleyan bildirib ki, dünyanın müxtəlif münaqişə bölgələrində 30 ildən artıq fəaliyyət göstərsə də, tərəflərin sülh danışıqları apardığı və saziş parafladığı bir vaxtda məhbusların saxlanılması ilə qarşılaşmayıb.
Onun fikrincə, həmin şəxslər azad edilmədən Azərbaycanla Ermənistan arasında imzalanacaq istənilən razılaşma yalnız müvəqqəti xarakter daşıyacaq.
“Ən kiçik səbəb belə münaqişənin yenidən başlanmasına gətirib çıxara bilər”, – deyə ekspert bildirib.
Paleyan həmçinin İrəvanda keçiriləcək COP17 konfransından istifadə edərək beynəlxalq ictimaiyyətə təzyiq göstərməyi təklif edib. O, erməniləri küçələrə çıxmağa, səs-küylü aksiyalar keçirməyə, hətta qazanları döyəcləyərək konfrans iştirakçılarının diqqətini çəkməyə çağırıb.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımasını, güc tətbiqindən çəkinməsini və qarşılıqlı dövlətlərarası iddiaların həllini nəzərdə tutur. Sənəddə saxlanılan şəxslərin azad edilməsi ayrıca şərt kimi göstərilmir.
Sözügedən erməni sepratçılarına qarşı terrorçuluq, hərbi cinayətlər və digər ağır ittihamlar irəli sürülüb. Bununla yanaşı, beynəlxalq hüquq müdafiə təşkilatları məhkəmə proseslərinin ədalətliliyi və məhbusların hüquqlarının təmin olunması ilə bağlı narahatlıqlarını açıqlayıblar.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ