İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni keşiş baş naziri sifariş edib: Paşinyana qarşı terror təhlükəsi realdır

Erməni kilsəsinin baş nazir Nikol Paşinyanı açıq və sərt şəkildə hədəfə çıxartması müəyyən mənada, dolayısı ilə ona qarşı ölüm hökmünün verilməsi anlamı daşıyır... Bu terror sifarişinin nə vaxt yerinə yetiriləcəyi hələlik müəmmalı məqam olsa da, baş nazir Nikol Paşinyanın son vaxtlar öz mühafizəsini maksimum səviyyədə gücləndirmək məcburiyyətində qalması ona qarşı təhlükənin çox da uzaqda olmadığını biruzə verir...

Ermənistan tam bir savaş meydanına çevrilib. Bu qondarma "dövlət"in mübahisəli əraziləri hazırda dünya nəhənglərinin qarşıdurma poliqonudur. Ermənistanın gələcək taleyi isə hazırda demək olar ki, heç kimi hər hansı səviyyədə düşündürmür. Əksinə, indi nəhəng dövlətlərin əsas hədəfi Cənubi Qafqazda öz strateji planlarını reallaşdırmaqdan ibarətdir.

Belə anlaşılır ki, süni şəkildə uydurularaq, onilliklər boyu himayə olunan qondarma "Ermənistan layihəsi" daha heç kimə lazım deyil. Sadəcə, bir müddət Ermənistanı müvəqqəti "geopolitik alət" kimi istifadə edib, sonra bir kənara atacaqlar. Müasir dövrdə "erməni faktoru"nun faydasız olduğu, əhəmiyyətini tamamilə itirdiyi birmənalı şəkildə müşahidə olunur.

Təbii ki, qlobal güclərin belə mövqeyi yeni geopolitik şərtlər altında Ermənistanın uzun müddət dünya xəritəsində mövcud olma şanslarını minimuma endirir. İndi rəsmi İrəvandan o qədər də çox şey asılı deyil. Paşinyan hakimiyyətinin hazırda fəaliyyəti yalnız yeni dövrün reallıqlarına uyğun davrandığı təqdirdə, Ermənistan əhalisinə faydalı ola bilər. Yəni, rəsmi İrəvan erməni toplumunu onun vərdişli olmadığı yeni mövcudluq şərtlərinə hazırlamalıdır. Əks halda, yalnız erməni dövlətçiliyi deyil, ümumiyyətlə, bu regionda yaşamaq imkanları da itirilə bilər.

aca12984-caf0-4f89-a9b1-8b532e9680b3.jpg (102 KB)

Artıq qətiyyən şübhə doğurmur ki, Ermənistan ən yaxşı halda, vassallıq statusuna iddia etməli olacaq. Əgər, bu şansı da əldən buraxsalar, geriyə yalnız iki variant qalacaq. Ermənistan ya vilayətə çevriləcək, ya da onun əhalisi erməni diasporunun sıralarına qatılacaq. Və Cənubi Qafqaza köçürüldükdən üzübəri həmişə başqalarının torpaqlarına, mülkiyyətinə tamah salan erməni toplumunu belə bir faciəvi perspektivin gözlədiyini Ermənistan siyasi dairələrində artıq etiraf etməyə başlayıblar.

Əslində, bu, o qədər də təəccüblü deyil. Hər halda, nə qədər uydurma "minillik tarix"dən danışsalar da, ermənilər Cənubi Qafqaza cəmisi 200 il əvvəl - 1828-ci ildə köçürüldüklərini bilirlər. Hazırda sahib olduqları dövlətin də milli ixtisasları olan oğurluq sayəsində rusların dəstəyi ilə qurulduğunu da unutmayıblar. Ona görə də, həmin torpaqların tarixi sahiblərinin bir gün onlardan oğurladıqları hər şeyi geri alacağından ciddi şəkildə qorxurlar.

Ermənistan baş naziri Nikol Paşinyanın "29 min kvadratmetrlik ərazidə rahat yaşamaq" tezisi də məhz həmin qorxunun təzahürüdür. Erməni baş nazir artıq anlayır ki, "Qarabağ iddiası"ndan dərhal imtina olunmazsa, proseslər Ermənistanın tamamilə itirilməsinə qədər inkişaf edə bilər. Yəni, hələlik Ermənistan adlandırılan "29 min kvadratmetrlik ərazi"nin əsl sahibləri öz tarixi torpaqlarını geri almaq istiqamətində qətiyyətli addımlar atmağa başlayacaqlar.

Ona görə də, erməni baş nazir son vaxtlar Ermənistan cəmiyyətinə nə qədər gec deyil, 29 min kvadratmetrlik ərazidə rahat yaşamaq şansı qazanmaq üçün tez bir zamanda Azərbaycanla yekun sülh sazişinin imzalanmasının vacibliyini anlatmağa çalışır. Baş nazir Nikol Paşinyan nə qədər avantürist siyasətçi olsa da, keçmiş SSRİ-nin ərazi bölgüsü barədə xəritələrinin yalnız 1991-ci ilə aid olmadığını da nəzərə alır. Onu da dəqiq bilir ki, sülh sazişi vaxtında imzalanmazsa, keçmiş SSRİ-nin yarandığı gündən sonrakı dövrü əhatə edən bütün xəritələr gələcəkdə Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin hüquqi predmetinə çevrilə bilər.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB) 

Təbii ki, erməni toplumu bu reallığı qavramaq qabiliyyətindən uzaq olsa da, Paşinyan hakimiyyəti hadisələrin belə inkişaf perspektivlərini ciddi qorxu ilə qarşılayır. Paşinyan hakimiyyəti dünya nəhənglərinin "Ermənistan layihəsi"ndən imtina etdiyi bir situasiyada, nəinki ötən əsrin əvvəllərinə aid xəritələrdən, ümumiyyətlə, keçmiş SSRİ-nin yarandığı tarixi dövrün xatırladılmasından belə, qorumaq lazım olduğunun fərqində olmamış deyil. Çünki həmin tarixi dövr xatırladılanda ermənilərin uydurduğu "minlik nağıllar" sabun köpüyü kimi əriyib, yoxa çıxır.

Ancaq Ermənistanda erməni toplumunun gələcək taleyini düşünmək istəyənlərin də sayı çox deyil. Erməni toplumu hələ də uydurma "minillik tarixi nağıllar"dan atılmağa nail olmayıb. Nisbətən ayılmağa meyl göstərənlər isə dərhal erməni kilsəsinin hədəfinə çevrilir və özünü yuxuluğa vurmaq məcburiyyətində qalır. Əslində, bu, müəyyən mənada, başadüşüləndir. Çünki erməni kilsəsi separatizmin və terrorizmin əsas ideoloji mərkəzidir.

Məsələ ondadır ki, başqa xalqların torpaqlarının ələ keçirilməsi, mülkiyyətlərinin oğurlanması, milli-mədəni adət-ənənələrinin mənimsənilməsi prosesi məhz erməni kilsəsinin qurduğu planlar üzərindən reallaşdırılır. Bu planlara qarşı çıxanlarsa, erməni kilsəsinin terror dəstələri tərəfindən sıradan çıxarılır. Bu baxımdan, dünyəvi dinlərlə heç bir əlaqəsi olmayan erməni kilsəsi əslində, terror və cinayət mərkəzi funksiyasını yerinə yetirir.

Təbii ki, Paşinyan hakimiyyəti də erməni kilsəsindən qorxur. Bu terror mərkəzinin planı və sifarişi ilə Ermənistan parlamentində törədilmiş silahlı terror aksiyası hələ unudulmayıb. İndi Paşinyan hakimiyyətinin də bu terror mərkəzinin növbəti cinayət sifarişinin hədəfinə çevrilməkdən narahat olduğu barədə məlumatlar mövcuddur. Və baş nazir Nikol Paşinyanın cəmisi bir neçə gün əvvəl gündəmə gətirdiyi mövzulardan dərhal geri çəkilməsi də məhz bununla izah edilir.

pasha-ermeni-kilse.jpg (9 KB) 

Məsələ ondadır ki, erməni baş nazir Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olduğunu tanımaqdan başqa çıxış yolunun qalmadını bəyan etmişdi. Buna cavab olaraq, erməni keşişi baş nazir Nikol Paşinyanın dediklərinin qəbuledilməz olduğunu vurğulayaraq, onu istefaya çağırdı. Baş nazir Nikol Paşinyan da dərhal onun açıqlamalarının yanlış anlaşıldığını bildirdi və geri çəkildi.

Buradan belə nəticə çıxarmaq olar ki, rəsmi İrəvan erməni kilsəsinin iradəsinə qarşı çıxa bilməz. Əgər, kimsə buna cəsarət edərsə, erməni kilsəsinin terrorçuları onu sui-qəsdə məruz qoyaraq, aradan götürər. Hazırda erməni keşişin baş nazir Nikol Paşinyanın dediklərinin qəbuledilməz olduğunu vurğulayaraq, onu istefaya çağırması artıq terror sifarişinin verilmiş ola biləcəyini sezdirir.

Çünki erməni keşişin dedikləri əslində, müəyyən mənada, Ermənistanın Nikol Paşinyan kimi baş nazirə ehtiyacı olmadığı anlamına gəlir. Bu isə o deməkdir ki, erməni keşiş dolayısı ilə baş nazir Nikol Paşinyana qarşı terror sifarişinu verib. Bu sifarişin nə vaxt yerinə yetiriləcəyi isə müəmmalı məqamdır. Hər halda, baş nazir Nikol Paşinyanın son vaxtlar öz mühafizəsini gücləndirmək məcburiyyətində qalması ona qarşı təhlükənin uzaqda olmadığını biruzə verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR