İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan yeni dünya düzəni qurur: Türkiyənin maraqları ABŞ-ın hədəflərini “vurur”

Rəsmi Ankaranın xarici siyasət hədəflərinə müqavimət göstərməyə çalışan bəzi ölkələr indi tez-tələsik öz mövqelərinə ciddi düzəlişlər edirlər, aparıcı ərəb dövlətləri isə Türkiyə üçün sərmayəçi ölkələrə çevrilir... Türkiyə ABŞ-ın hegemoniyasına hesablanmış təkqütblü dünya sisteminə qarşı çıxır, rəsmi Ankaranın geopolitik seçimi “soyuq savaş” dövrünə yaxınlaşmaqda olan beynəlxalq rəqabət məkanında həlledici faktor hesab olunur…

Türkiyə tədricən dünya siyasət məkanına geri dönməyə başlayıb. Rəsmi Ankara Türkiyədə baş vermiş dəhşətli zəlzələ və son seçkilər ucbatından beynəlxalq siyasət məkanında öz fəallığını bir qədər məhdudlaşdırmışdı. Çünki bu iki səbəb Türkiyənin daha fəal və prinsipial davranmasına imkan vermirdi. Və indi rəsmi Ankara yenidən Türkiyənin prioritetlərini ön plana çıxartmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Avropa Birliyi bundan o qədər də məmnun deyil. Əksinə, Türkiyədə hakimiyyət dəyişikliyi planları qurmaqla, rəsmi Ankaranı nəzarət altına ala biləcəyi situasiyanın yetişməsinə can atırdı. Ancaq ABŞ və Qərb öz istəyinə nail ola bilədi. Və artıq daha güclü Türkiyə faktoru ilə barışmaq məcburiyyətində qalıb.

Beynəlxalq məkanda əmindirlər ki, yenidən prezident seçilməyə nail olmuş Rəcəb Tayyib Ərdoğan indi özünü yeni qlobal iradə mərkəzinin - Türkiyənin güclü lideri hesab etməyə başlayıb. Ona görə də, bundan sonra rəsmi Ankaranın ABŞ və Avropa Birliyinin mövqeyinə həssas yanaşacağına ümid bəsləmək tamamilə yersizdir. Və Qərb Türkiyəni ümumiyyətlə, itirmək təhlükəsi qarşısında rəsmi Ankaranın müxtəlif prinsipial qərarlarına tolerant yanaşmalı olacaq.

27165000_0_123_1601_1023_1920x0_80_0_0_af71e63d7e7d4c8ae918a7a8f3b501b2.jpg (420 KB)

Xüsusilə də, Ağ Ev prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qaldığına əmin olduqdan sonra Türkiyənin ABŞ-ın əleydarları sırasında yer ala biləcəyindən narahardır. Yəqin ki, Bayden administrasiyası bunun baş verməməsi üçün Türkiyənin maraqları ilə hesablaşmaq məcburiyyətində qalacaq. Ona görə də, Ağ Ev bundan sonra daha ehtiyatlı davranacaq, prezident R.T.Ərdoğanın xarici siyasətinə hörmət etmək ehtiyacı ilə barışacaq. Hər halda, Türkiyənin ABŞ-a qarşı cəbhə almasının təhlükəli olduğunu indi Ağ Evdə daha yaxşı anlayırlar.

Məsələ ondadır ki, Türkiyə son illərdə öz geopolitik imkanları və güclənən hərbi potensialı ilə strateji ölkə statusuna sahiblənməyə başlayıb. Bu səbəbdən də, vaxtilə rəsmi Ankaranın xarici siyasət hədəflərinə müqavimət göstərməyə çalışan bəzi ölkələr tez-tələsik öz mövqelərinə ciddi düzəlişlər edirlər. Hətta ərəb dünyasının aparıcı dövlətləri indi Türkiyə üçün sərmayəçi ölkələrə çevrilməyə başlayıb.  

Təbii ki, bütün bunlar ABŞ və Qərbin maraqlarına qətiyyən cavab vermir. Əksinə, yeni dünya düzəninin ABŞ-ın hegemoniyasına hesablanmış təkqütblü sistemdən uzaqlaşmasına Türkiyənin fəal dəstək verməsi Ağ Ev üçün real təhlükə hesab olunur. Hər halda, rəsmi Ankara hazırda çoxqütblü dünya sisteminə keçid prosesində birbaşa iştirak edir. Bu baxımdan, rəsmi Ankaranın geopolitik seçimi “soyuq savaş” dövrünə yaxınlaşmaqda olan beynəlxalq rəqabət məkanında həlledici faktora çevrilmək üzrədir.

Əslində, buna əmin olmaq artıq o qədər də çətin deyil. Ən azından ona görə ki, hazırda ABŞ və Qərbin böyük önəm verdiyi bütün beynəlxalq proseslərdə rəsmi Ankara fərqli və təsiredici mövqeyə sahibdir. Hər halda, ABŞ-ın Rusiyanı “savaş bataqlığı”na salmaq planları ilə başladılmış Ukrayna müharibəsində belə, Türkiyənin mövqeyi ön planda yer alır. Belə ki, rəsmi Kiyev Türkiyə müdafiə sənayesi ilə olduqca ciddi və dərin əlaqələr qurub. Türkiyənin əksər hərbi şirkətləri Ukraynanın sifarişi ilə silah istehsal edir. Türkiyə-Ukrayna əməkdaşlığı həm də ABŞ və Fransanın fəal şəkildə dəstəklədiyi Yunanıstanın geopolitik maraqlarına sarsıdıcı zərbədir.

5318f861-e962-40e4-85a2-77dc58cae620.jpg (199 KB)

Eyni zamanda, son məlumatlara görə, Türkiyə rəsmi Ankaranın istəyi ilə Ukraynanın gələcək təhlükəsizlik qarantorları sırasına daxildir. Rusiya isə buna qətiyyən qarşı çıxmır. Əksinə, Kremldə hesab edirlər ki, ABŞ və Avropa Birliyi ilə yanaşı, Türkiyənin vasitəçilik statusu Rusiyanın maraqları üçün əvəzedilməz geopolitik faktordur. Və indiyə qədər yalnız rəsmi Ankaranın vasitəçiliyi ilə müəyyən problemlərin həllinin mümkün olması da Kremlin ümidlərini artırır.

Belə anlaşılır ki, rəsmi Ankara Türkiyə hərbi şirkətlərinin Ukraynanın sifarişləri ilə silah istehsal etməsini Rusiya üçün başqa istiqamətlər üzrə balanslaşdırmağa nail olub. Hər halda, Türkiyə-Rusiya münasibətlərində iqtisadi-ticari əməkdaşlıq indi daha ön plandadır. Kreml bu əməkdaşlığı Rusiyanın maraqları baxımından, böyük nailiyyət hesab edir. Bu səbəbdən də, məhz rəsmi Ankaranı incik salmamaq xatirinə Kreml “taxıl dəhlizi” ilə bağlı anlaşmanı imzalamağa razılaşmışdı.

Digər tərəfdən, Türkiyənin NATO daxilində prinsipial mövqe tutması da böyük önəm daşıyan məqamdır. Rusiya rəsmi Ankaranın Türkiyənin maraqları çərçivəsində olsa belə, İsveçi NATO-nun qapıları ağzında gözlətməsindən olduqca məmnundur. Halbuki, ABŞ və Qərb Türkiyənin bu mövqeyinin NATO-nun strateji hədəflərinə sarsıdıcı zərbə hesab etdiyini qətiyyən gizlətmir. Hətta Ağ Ev bu məsələ ilə bağlı rəsmi Ankaranı yola gətirmək üçün müxtəlif şirnikləndirici təkliflər də irəli sürür.

23abcd0c-f487-4fee-8fff-8fe2f234f364.jpg (100 KB)

Ancaq prezident R.T.Ərdoğanın mövqeyi prinsipial xarakter daşıyır. Türkiyə lideri növbəti dəfə bəyan edib ki, Finlandiyadan fərqli olaraq, İsveç hələlik NATO üzvü olmağa layiq və hazır deyil. Türkiyənin müdafiə naziri Yaşar Gülərsə, İsveç öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyincə, bu ölkənin NATO üzvlüyünün mümkün olmayacağını vurğulayıb. Və İsveç NATO sıralarına qatılmaq niyyətində ciddidirsə, onda, beynəlxalq terrorizmlə mübarizə istiqamətində qəti addımlar atmalıdır.

Göründüyü kimi, ABŞ və Qərbin strateji hədəflərinin gələcək taleyi indi daha çox Türkiyənin mövqeyindən asılıdır. Rəsmi Ankaranın blokladığı heç bir hədəf indi reallığa çevriləcək kimi görünmür. Ona görə də, ABŞ və Qərb öz strateji hədəflərini istər-istəməz Türkiyənin maraqları ilə də uzlaşdırmaq məcburiyyətindədir.

Bu isə o deməkdir ki, Türkiyə yeni dünya düzənini müəyyən etmək şansına malik olan bir neçə qlobal iradə sahibi arasında yer almağa başlayıb. Ona görə də, müasir dünyanın gələcək taleyinin prezident R.T.Ərdoğanın prinsipial mövqeyinə bağlı olduğu qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR