İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan və Putin Qərbə sarsıdıcı zərbə vurdu: "Taxıl dəhlizi" Afrikaya yönəldilir, Avropa Türkiyəyə möhtac edilir

Rəsmi Ankara faktiki olaraq, "taxıl dəhlizi"ni fərqli modeldə bərpa etmək şansı qazanıb, bu, reallaşarsa, Rusiya ilə yanaşı, Türkiyənin də Afrika qitəsində mövqeləri ciddi şəkildə güclənə bilər... Rusiya təbii qazının Avropaya nəqli məqsədilə Türkiyədə yaradılması planlaşdırılan enerji qovşağı isə geopolitik tarazlığı pozacaq, rəsmi Ankaranın "qoca qitə"yə təsir gücünə həlledici keyfiyyət qazandıracaq...

Çoxdan gözlənilən görüş nəhayət ki, baş tutdu. Türkiyə və Rusiya prezidentləri Soçi şəhərində görüşdülər, mövcud problemləri müzakirə etdilər. Son vaxtlar buna ehtiyac var idi. Çünki Türkiyə-Rusiya münasibətlərində müəyyən çatlar əmələ gəlmişdi. Və bu, son görüşün reallaşdırılması prosesinə də neqativ təsir göstərməkdəydi.

Onu da qeyd etmək lazımdır ki, Rusiya siyasi dairələri Türkiyənin etdiyi son manevrlərdən narazı olduqlarını qətiyyən gizlətmirdilər. Xüsusilə də, rəsmi Ankaranın Türkiyədə olan Ukrayna hərbçilərini prezident Volodimir Zelenskiyə təhvil verməsi Kremldə məyusluq doğurmuşdu. Halbuki, rəsmi Ankara və Kreml arasında həmin hərbçilərin Ukrayna savaşının sonuna qədər Türkiyədə qalmalı olduqları barədə hər hansı anlaşma mövcud deyildi. Yəni, Türkiyə Rusiya ilə heç bir rəsmi müqaviləni pozmamaşdı.

Digər narazılıq məqamı isə rəsmi Ankaranın İsveçin NATO üzvlüyünə veto qərarına yenidən baxmaq niyyəti üzərində indeksləşmişdi. Kreml bundan da narazı qalmışdı. Çünki Rusiya siyasi dairələri ümid edirdilər ki, Rəsmi Ankara İsveçi uzun müddət NATO sıralarına buraxmamaqda israrlı davranacaq. Halbuki, rəsmi Ankara haqlı olaraq, belə önəmli məsələləri Rusiyanın deyil, məhz Türkiyənin milli maraqları çərçivəsində həll etməyə üstünlük verir.

67c8a581-f170-4a00-b0a8-6ce8abcfc1699.jpg (199 KB)

Ancaq Kreml nə qədər narazı olsa da, indiki situasiyada Türkiyə Rusiya üçün əvəzolunmaz tərəfdaşdır. Hər halda, Türkiyə, beynəlxalq blokada vəziyyətində olan Rusiya üçün hazırda dünyaya açılan yeganə "pəncərə" rolunu oynayır. Eyni zamanda, Türkiyə ilə iqtisadi-ticari əməkdaşlıq Rusiyanın dövlət büdcəsinə önəmli maliyyə gəlirləri qazandırır.

Rəsmi Ankaranın Rusiyanın Ukrayna savaşı, eləcə də, beynəlxalq siyasi dairələrlə ünsiyyət hədəflərində vazkeçilməz vasitəçilik potensialı da Kremli Türkiyəyə münasibətdə maksimum səviyyədə həssas davranmaq məcburiyyətində buraxır. Yəni, Kreml indi Türkiyə ilə yaxın tərəfdaşlıqdan imtina etmək şansı demək olar ki, mövcud deyil. Və bu baxımdan, rəsmi Ankaranın Rusiya üzərində təsir imkanları inkaredilməz reallıqdır.

Təbii ki, rəsmi Ankara da Rusiyanın bəzi davranışlarından narazı olduğunu görüş ərəfəsində qətiyyən gizlətmirdi. Kremlin "taxıl dəhlizi" barədə İstanbul müqaviləsindən çıxdığını bəyan etməsi Türkiyə siyasi dairələrində qıcıq doğurmuşdu. Və rəsmi Ankara Rusiyanın İstanbul anlaşmasına geri dönməsi üçün bütün siyasi-diplomatik təzyiq mexanizmlərini sınaqdan çıxartmaqdadır.

İki tərəfdaş ölkə liderinin bağlı qapılar arxasında apardığı müzakirələrin nəticələri isə ortaq mətbuat konfransında təxmini də olsa, aydınlaşdı. Məlum oldu ki, rəsmi Ankara və Kreml öz aralarında olan anlaşılmazlıqları böyük ölçüdə aşmağı bacarıblar. İlk növbəti Rusiya və Türkiyə arasında 70 milyard dollara yaxın ticarət dövriyyəsinin 100 milyard dollara çıxarılması barədə anlaşma əldə olunub. Və bu, Türkiyə-Rusiya münasibətlərində bir çox məsələlərin yolunda olduğunu göstərir.

14112bc0-3744-4b8a-9d5b-964e4e6eefdb.jpg (47 KB)

Digər tərəfdən, Kreml İstanbul anlaşmasına geri dönmək barədə düşünmür. Buna əsas arqument kimi, Rusiyaya verilmiş vədlərə riayət edilmədiyini göstərir. Qərbin Rusiyanı aldatdığını, sanksiyaların ləğv edilmədiyini, İstanbul müqaviləsi ilə ixrac olunan taxıllın kasıb Afrika ölkələrinə deyil, məhz zəngin Avropa dövlətlərinə daşındığını ön plana çəkir. Və Kreml Rusiya ilə "proxy war" modelində savaş aparan Avropa ölkələrini yedirtmək niyyətində olmadığını vurğulayır.

Maraqlıdır ki, prezident Rəcəb Tayyib Ərdoğan da Kreml sahibi Vladimir Putinin bu barədə dediklərini dəstəklədiyini dolayısı ilə təsdiqləyib. Türkiyə prezidenti də vurğulayıb ki, taxılın aclıq çəkən Afrika əvəzinə Avropaya daşınmasının ədalətsizlik olduğunu vurğulayıb. Eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya qarşı sanksiyaların ləğvi barədə Kreml sahibinin tələbinə də münasibət bildirib. O, bildirib ki, Qərbin Rusiya kənd təsərrüfatı məhsullarına qarşı sanksiyaları problem yaradır və ləğv edilməsi daha məqsədəuyğundur. Və bu, mövqelərdə ümumi yaxınlaşmanın önəmli əlaməti sayıla bilər.

Ancaq bütün dünyanı maraqlandıran "taxıl dəhlizi"nin gələcək taleyinə hər halda, aydınlıq gətirilib. Belə ki, prezident Vladimir Putin Rusiyanın Afrikanın aclıq çəkən 7-8 ölkəsinə ödənişsiz taxıl göndərməyə hazır olduğunu vurğulayıb. Onun fikrincə, bu, yalnız Türkiyənin birbaşa iştirakı və vasitəçiliyi ilə reallaşa bilər. Yəni, Rusiya taxılı Türkiyəyə göndərir. Rəsmi Ankara isə həmin taxılı Türkiyədə una çevirib, Afrika ölkələrinə çatdırır. Və prezident Rəcəb Tayyib Ərdoğan bu variant ilə razı olduğunu qətiyyən gizlətmir.

Belə anlaşılır ki, rəsmi Ankara və Kreml "taxıl dəhlizi"nin modelini dəyişmək barədə razılığa gəliblər. Yəni, bu layihədə yalnız Rusiya və Türkiyə ortaq iştirak edəcəklər. Faydalanan isə kasıb Afrika ölkələri olacaq. Zəngin Qərb ölkələri isə bu prosesdən tamamilə kənarlaşdırılmış olacaq. Və bu, həm də Türkiyə-Rusiya ortaqlığının Afrikanı müstəmləkəçi Qərb ölkələrinin istismarından xilas etməyə qərar verməsi anlamına gəlir.

erdo-putin-7.JPG (62 KB)

Nəhayət, prezident Vladimir Putinin Ukrayna savaşında Türkiyənin sülhməramlı vasitəçilik potensialına güvəndiyini vurğulaması da Qərb siyasi dairələrində ciddi narahatlıq doğura biləcək önəmli məqamdır. Çünki bəzi Qərb ölkələri Ukraynaya maliyyə dəstəyindən artıq yorulduqlarını qətiyyən gizlətmirlər. Tezliklə bu savaşın dayandırılmasına ümid bəslədiklərinə eyham vururlar.

Bu baxımdan, Türkiyənin vasitəçilik missiyasının uğur qazanma ehtimalı da artmış olur. ABŞ-da, eləcə də, Rusiyanın tamamilə çökdürülməsində maraqlı olan bəzi Qərb siyasi dairələrində bu ehtimalın kəskin reaksiya doğura biləcəyi qətiyyən istisna deyil. Üstəlik, bu sıraya Türkiyənin beynəlxalq məkanda həlledici siyasi iradə sahibi olmasına müqavimət göstərməyə çalışan Fransa, Yunanıstan, Almaniya və s. kimi ölkələrin narahatlığını da əlavə etmək lazımdır.

Göründüyü kimi, rəsmi Ankara faktiki olaraq, "taxıl dəhlizi"ni fərqli modeldə bərpa etmək şansı qazanıb. Bu model reallaşarsa, Rusiya ilə yanaşı, Türkiyənin də Afrika qitəsində mövqeləri güclənə bilər. Üstəlik, Rusiya təbii qazının Avropaya nəqli məqsədilə Türkiyədə yaradılması planlaşdırılan enerji qovşağı da reallaşarsa, geopolitik tarazlığın ciddi şəkildə dəyişməyə başlayacağı qətiyyən şübhə doğurmur. Bu halda, Türkiyənin Avropa məkanında da təsir gücü həlledici keyfiyyət qazana bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR