Onlayn ictimai-siyasi qəzet
İran xarici siyasətində Çin amilini yenidən ön plana çıxarır. Xarici işlər naziri Abbas Əraqçının sentyabrın 16-da Çinə səfəri də məhz bu kontekstdə diqqət çəkir. Onun çinli həmkarı Vanq Yi ilə görüşündə yalnız ikitərəfli münasibətlər deyil, ABŞ ilə danışıqlar və Yaxın Şərqdəki təhlükəsizlik məsələləri də müzakirə olunub.
Bəs Yaxın Şərqdə təhlükəsizlik sistemi formalaşdırmaq mümkündürmü?
Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloqun fikrincə, Tehran Pekinin İrana dəstəyinin artırılmasını istəyir. Əraqçının sentyabrın 16-da Çinə səfəri məhz bununla əlaqəlidir: "Abbas Əraqçı çinli həmkarı Vanq Yi ilə müxtəlif mövzularda müzakirələr aparıb. Bu onun bu il ərzində Çinə ikinci səfəridir. Bundan əvvəlki səfər may ayında gerçəkləşib. Abbas Araqçı Van Yi ilə görüşdə Tehranın Vaşinqtonla əvvəlki razılaşmaya qayıtmağa hazır olduğunu bildirib. Halbuki İranın digər rəsmiləri Vaşinqtonla razılaşmanın qüvvədən düşdüyünü söyləyiblər".

Elxan Şahinoğlunun sözlərinə görə, Çin bölgədə müharibənin davam etməsinin əleyhinədir və Tehranla Vaşinqton arasında problemlərin danışıqlar yolu ilə həllində maraqlıdır: "Çünki, ABŞ-İran qarşıdurması Çinin bölgədəki iqtisadi maraqlarına toxunur. Birincisi, müharibə Çinin “bir kəmər, bir yol” layihəsinin Yaxın Şərq hissəsinə təhlükə yaradıb. İkincisi, Çinin İran və Körfəz ölkələrindən neft alışı çətinləşib. Müharibənin Yəmən üzərindən Bab əl-Məndəb boğazına uzanması bölgədə yeni gərginlik ocağı yaradıb ki, bu da Çinin bölgədəki iqtisadi maraqlarına mənfi təsir edir. Pekinə bəllidir ki, Yəməndəki husilər İranla əlaqəlidirlər. Ona görə də böyük ehtimalla Çin və İran xarici işlər nazirlərinin Pekindəki görüşündə husilərlə Səudiyyə Ərəbistanı arasında müharibənin qarşısının alınması mövzusu da müzakirə edilib.
Van Yinin Abbas Əraqçı ilə görüşdə “biz müharibənin Yəmənə və Qırmız dənizə yayılmasını istəmirik” ifadəsi də bundan xəbər verir. Ancaq Abbas Əraqçı Van Yiyə bu məsələylə bağlı vəd versə də, husilərin hücumlarını dayandırması İran xarici işlər nazirinin səlahiyyətində deyil.
Çin hər iki boğazda tankerlərin və digər yük daşıyan gəmilərin maneəsiz hərəkət etməsinin tərəfdarıdır. Ancaq İrana nəzarət edən SEPAH komandanlığı və Yəməndəki husilər fərqli düşünürlər".
E.Şahinoğlu İranın Hörmüz boğazı ilə bağlı Omanla uzun müddətdir danışıqlar apardığını da xatırladıb. Onun sözlərinə görə, bu danışıqlarda hələlik nəticə əldə olunmayıb: "Çünki İrandan fərqli olaraq Oman tankerlərin boğazdan istifadələrinə görə maliyyə ödəmələrinin əleyhinədir.
Van Yi Abbas Əraqçı ilə görüşdə Yaxın Şərqdəki təhlükəsizlik sisteminin islah olunmasına və gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Yaxın Şərqdə ümumi təhlükəsizlik sistemi yoxdur, bəzi dövlətlər arasında ittifaqlar mövcuddur ki, bu, bölgəni daha təhlükəsiz vəziyyətə gətirmir. Yaxın Şərqdə təhlükəsizlik sisteminin formalaşması ona görə mümkün deyil ki, birincisi, Fələstin problemi həll olunmayıb, ikincisi, İranın Körfəz ölkələri ilə maraqları fərqlidir, üçüncüsü, SEPAH bölgə ölkələrində mərkəzi hakimiyyətin nəzarətindən kənar silahlı qruplara dəstəyini dayandırmır. Bu səbəbdən Pekinin Yaxın Şərqdə ümumi təhlükəsizlik sisteminin formalaşması indiki şərtlər altında mümkün deyil".
Xalidə Gəray,
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ