İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Məmmədyarov İrandakı təxliyədən danışdı: “Bu, doğru qərardır”

“Diplomatların İrandan çıxarılması vaxtında verilmiş qərardır. Mən vəzifədə olduğum dövrdə də oxşar hallarla bağlı qərarlar qəbul olunurdu”.


Bunu Musavat.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, müharibə vəziyyətində diplomatların təhlükəsizliyi əsas götürülür: “Nazir olduğum vaxt Suriyada vəziyyət gərginləşəndə diplomatları Beyrut vasitəsilə çıxarmışdıq. Çünki həmin dövrdə Suriyada müharibə gedirdi. Eyni praktika Liviyada da tətbiq olunmuşdu. Oradakı qarışıqlıq və təhlükə səbəbindən Azərbaycan diplomatları Tunis üzərindən ölkəyə qaytarılmışdı. Çünki belə hallarda diplomatların təhlükəsizliyi prioritet sayılır”.

E. Məmmədyarovun sözlərinə görə, bir sıra ölkələr İranla bağlı təhlükəsizlik risklərini nəzərə alaraq öz diplomatlarını geri çağırır: "Məsələn, bəzi məlumatlara görə, İtaliya da diplomatlarını İrandan köçürüb. Bu ölkənin səfirliyi Azərbaycanda fəaliyyət göstərəcək. Bu səbəbdən Azərbaycan da İrandakı diplomatlarını və ümumilikdə əməkdaşlarını ölkəyə geri çağırmaq qərarı verib. Bu qərar təhlükəsizlik amilləri nəzərə alınaraq vaxtında qəbul edilib.

Təkcə diplomatlar deyil, ehtiyac yaranarsa digər Azərbaycan vətəndaşlarının da təhlükəsiz şəkildə ölkəyə qaytarılması həyata keçirilməlidir. Oxşar addımlar əvvəllər də atılıb, məsələn, Suriyada və Liviyada müharibə başlayanda Azərbaycan vətəndaşları həmin ölkələrdən çıxarılmışdı.

Belə hallarda təkcə Azərbaycan deyil, digər dövlətlər də oxşar tədbirlər görür və vətəndaşlarını təhlükəli bölgələrdən təxliyə edir”.


Qeyd edək ki, Xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə sosial media hesabındakı paylaşımda bildirib ki, Tehrandakı səfirliyimizin və Təbrizdəki Baş konsulluğumuzun heyətlərinin təxliyəsi barədə göstəriş verilib. Bu son 3 ildə artıq ikinci təxliyə olacaq.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR