İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Əsədov və Ceyhun Bayramov Tehranda - münasibətlərdə yeni səhifə 

Baş nazir və xarici işlər naziri helikopter qəzasında həlak olanların anım mərasimində iştirak ediblər, səfirliyin açılması isə an məsələsidir - Bakıdan rəylər

Mayın 22-də Azərbaycanın ,aş naziri Əli Əsədov İran İslam Respublikasına səfər edib. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Yeni Müsavat”a verilən xəbərə görə, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq ,aş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib. Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir. Bundan bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizdəki səfirliyini ziyarət edib, başsağlığı verib, İbrahim Rəisi ilə görüşdə hansı məsələlərin müzakirə edildiyini açıqlayıb. Eyni zamanda parlamentdə helikopter qəzasında həlak olanlar bir dəqiqəlik sükutla yad olunub. Həmin vaxtda XİN rəhbəri Ceyhun Bayramovun qəzada həyatını itirən mərhum nazir Hüseyn Əmir Abdullahianın səlahiyyətlərini icra edən Əli Bağeri Kani ilə telefon danışığı baş tutub. Tərəflər həm də Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpasını müzakirə ediblər. Bütün bu xronoloji ardıcıllıq göstərir ki, Azərbaycan İrana necə dost, sədaqətli bir qonşu ölkədir. Ümid olunur ki, əldə edilən razılaşmaların icrası, regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün addımların atılması ləngiməyəcək.  

Yada salaq ki, mayın 19-da Azərbaycan və İran prezidentləri - Ərdəbillə sərhəddə “Qız Qalası” və “Xudafərin” bəndlərinin açılışını etdilər. Bu, əlbəttə ki, ikitərəfli münasibətlərdə müsbət işarəli, tarixi günlərdən biri idi. Təəssüf ki, elə həmin gün yaşanan vertolyot qəzası, prezident İbrahim Rəisi və digər rəsmi şəxslərin faciəvi ölümü bu müsbət hadisənin yaratdığı ovqata qəmli notlar qatdı. Ancaq inanırıq ki, ikitərəfli əlaqələrdə özünü göstərməyə başlayan pozitiv dinamika fors-major olaylara rəğmən, davam edəcək. Ona görə ki, sülhpərvər ölkələr həmişə qonşularla yaxşı əlaqələrə can atır. O səbəbə ki, qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq dövlətləri və xalqları bir-birinə daha sıx bağlamaqla, müsbət anlamda bir-birindən asılı eləməklə yanaşı, eyni zamanda qarşılıqlı etimadı gücləndirir. Müharibə ehtimalını gündəmdən çıxarır.

Məlumatlara görə, bəndlərin açılışından az sonra Tehrandakı səfirliyimiz də açılacaq. Ancaq əvvəlki ünvanda deyil, başqa yerdə və yeni binada. Hətta təxmini tarix də deyilir - iyun ayı.  Qeyd etdiyimiz kimi, mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri əvəzi Əli Bağeri Kani arasında telefon danışığı zamanı bu mövzuya da toxunulub. Belə ki, telefon danışığı zamanı iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunmaqla yanaşı, Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb. Əlbəttə, əsas olan binanın harada yerləşməsi yox, onun təhlükəsizliyinin təmin edilməsidir. Ümid edək ki, qonşu ölkə səfirliyimizə xain terror hücumu olayından gərəkən nəticəni çıxarıb. 

“Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir”. Bunu mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı İranın mərhum prezidenti Seyid İbrahim Rəisi demişdi. Onu da bildirmişdi ki, bu əlaqələr və bağ çox möhkəm, çox dərin bağdır: “Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir”. Bütün bu detalları nəzərə alsaq, səfirliyimiz həqiqətən iyunda açılacaqmı? Səfir geri dönəcək, yoxsa yenisi təyin olunacaq? 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, problemlər tam olaraq həllini tapmasa da, normallaşma prosesi başlayıb: “Dövlət başçımız bir müddət əvvəl belə bir fikir səsləndirmişdi ki, İranın bundan qabaqkı administrasiyası ilə əməkdaşlıq edirdik. Amma 2021-ci ildə hakimiyyətə gələn administrasiya ilə problemlər başladı. İndi yaxşı hal odur ki, sərhəddə görüş müsbət tendensiya yaratdı. Buna qədər xarici işlər nazirlərinin təmasları mühüm rol oynamışdı, sonra liderlər görüşdülər”. Onun fikrincə, artıq Tehran-Bakı arasında normallaşma başlayıb və yeni perspektilər açılmaqdadır: “İranın yeni prezidenti bu tendensiyanı davam etdirəcək. Sadəcə, 2021-ci ildə olan addımlar heç vaxt görünməmişdi. Amma bir müddət belə qeyri-adekvat addımlar atıldı. Bu görüş isə normallaşma üçün əsas oldu. Bununla belə, İranla əlaqələr mürəkkəbdir. Çünki bu ölkədə Azərbaycana dost olan və bizə qarşı gedən dairələr var. İranın daxilində olan qüvvələrin Azərbaycana görə bir-birinə qarşı çıxmasına daha öyrəşmişik. O baxımdan Azərbaycanın İrana münasibəti açıq şəkildə ortadadır, seçim onlarındır. O ki qaldı səfirliyin açılmasına, xarici siyasətin həyata keçilməsində bu vacib elementdir. İranda xarici siyasətimizin daha yaxşı aparılması üçün fəaliyyəti bərpa edilməlidir”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan İranla problemdə maraqlı deyil: “Azərbaycanla İran arasında son günlər normallaşma prosesi başlayıb. İran tərəfindən mərhum xarici işlər naziri Əmir Hüseyn Abdullahian Azərbaycanın səfirliyə qarşı terror hücumundan sonra rəsmi Bakı ilə əlaqələrin bərpası üçün çox işlər gördü. Qeyd edim ki, bu əlaqələrin normal prosesdə davam etməsi Azərbaycandan asılı deyil, İran rəhbərliyindən asıldır. Göründüyü kimi, İran Azərbaycanla problemlə deyil, əməkdaşlıqla davam etmək qərarı verib. Məhz Prezident İlham Əliyev İran səfirliyində başsağlığı mesajında İranla razılaşmaların davam edəcəyinə ümid etdiyini vurğuladı. Azərbaycan ikitərəfli əldə edilən razılaşmalara sadiqdir. İran tərəfi də problem yox, əməkdaşlığı davam etdirəcək. Çünki Azərbaycana qarşı iki il ərzində həyata keçirdikləri təzyiqlər müsbət nəticə vermədi”.

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlıya görə, səfirlik binasının yeni məkana köçürülməsi təhlükəsizlik məqsədi daşıyır: “Bu, Bakı-Tehran xəttində münasibətlərin normallaşması atmosferinə uyğundur. İran daxilində Azərbaycana qarşı olan bu qrupların eyni addımı atmayacağına, yaxud başqa təxribatlar törətməyəcəyinə zəmanət yoxdur. O da istisna deyil ki, İran daxilində Bakı-Tehran münasibətlərinin normallaşmasının əleyhinə olanlar səfirliyin yenidən açılmasının qarşısını almaq məqsədilə təxribat törədə bilər. İranın mühafizəkar elitasına bağlı media orqanlarının Azərbaycana qarşı antitəbliğat kampaniyasını yenidən gücləndirməsi də bu kontekstdə diqqət çəkir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR