Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Rusiyaya səfəri Bakı-Moskva münasibətlərində iqtisadi gündəmin yenidən ön plana çıxdığını göstərir. Səfər çərçivəsində keçirilən görüşlərin genişliyi və müzakirə olunan məsələlər diqqəti xüsusilə cəlb edir.
Musavat.com xəbər verir ki, Şahin Mustafayev oktyabrın 5-də rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyaya səfəri çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşüb. Tərəflər Azərbaycan-Rusiya ticarət-iqtisadi və investisiya əməkdaşlığının vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Məlumatlara görə, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycanın Rusiyadan idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq təxminən 2,5 milyard dollardan 1,5 milyard dollara düşüb. Bu rəqəm Moskva ilə iqtisadi əlaqələrin genişləndirilməsi çağırışlarının fonunda xüsusi maraq doğurur.
\Sərhəd-keçid məntəqələrinin fəaliyyəti və yük və nəqliyyat vasitələrinin keçid prosedurlarının təkmilləşdirilməsi də danışıqların gündəliyinə daxil edilib. Bu isə Moskva səfərinin yalnız siyasi və diplomatik xarakter daşımadığını, konkret iqtisadi və logistika problemlərinin həllinə hesablandığını göstərir.
Lakin Şahin Mustafayevin Moskva səfərinin diqqətçəkən tərəfi bununla bitmir. Azərbaycan Baş nazirinin müavini daha sonra Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakla görüşüb. Bu görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri, xüsusilə ticarət-iqtisadi əməkdaşlıq, sənaye, energetika, nəqliyyat və logistika məsələləri müzakirə olunub. Bu baxımdan Mustafayevin Moskvaya səfəri son həftələrdə intensivləşən Azərbaycan-Rusiya iqtisadi dialoqunun davamı təsiri bağışlayır.
Səfər çərçivəsində biznes dairələri ilə görüşlər də keçirilib. Mustafayev Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repiklə görüşüb. Burada əsas diqqət ticarət, investisiya və iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Şahin Mustafayevin Moskva səfərinin geniş gündəliyini nəzərə alsaq, Azərbaycan hökuməti Rusiya ilə iqtisadi əlaqələrdə yeni mərhələyə hazırlaşır, yoxsa əsas məqsəd mövcud problemləri, xüsusilə ticarət və tranzit sahəsində yaranan çətinlikləri operativ şəkildə həll etməkdir?
Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, Bakı–Moskva münasibətlərinin gərginlikdən sonra sabitləşməsi görünür.
Onun sözlərinə görə, razılaşmaların icrasını sürətləndirmək istiqamətində işgüzar bir səfərdir: "Şahin Mustafayev yalnız Aleksey Overçukla deyil, Rusiya hökumətinin iqtisadi blokunda mühüm fiqur olan Aleksandr Novakla da görüşüb. Bundan əlavə, Azərbaycan–Rusiya və Rusiya–Azərbaycan İşgüzar Şuralarının rəhbərləri ilə təmaslar olub. Bu isə dövlətlərarası əlaqələrlə yanaşı, biznes kanallarının da hərəkətə gətirilməsinə işarədir. Məncə, tərəflər yeni səhifə açıb və iqtisadi münasibətləri inkişaf etdirmək, ticarət dövriyyəsini artırmaq yönündə səylərini gücləndirirlər. Rusiya prezidentinin Azərbaycanla bağlı xoş fikirləri, Şimal - Cənub dəhlizi barədə dediklərinin ardınca bu səfərin reallaşması prosesin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Yəni yaxın keçmişdə baş verənləri geridə qoyaraq irəli baxmağa, iqtisadi əlaqələri dərinləşdirməyə üstünlük verirlər. Azərbaycanın siyasəti də məhz əməkdaşlığın genişlənməsindən tərəfdir. Biz heç bir ölkə ilə gərginlikdə maraqlı deyilik".
Azərbaycanın özünü Şimal–Cənub logistikasının əsas halqalarından biri kimi gördüyünü deyən deputat hesab edir ki, Moskva isə bu marşrutu Qərb istiqamətində yaranmış nəqliyyat məhdudiyyətləri fonunda alternativ bağlantı imkanlarından biri sayır. "Ona görə də Moskva görüşündə sərhəd-keçid məntəqələrinin, yükdaşımaların və “Şimal–Cənub”un ayrıca müzakirə olunması təsadüfi deyil. Əvvəla qeyd edim ki, sentyabrın 26-da Aleksandr Novak Bakıda Şahin Mustafayevlə görüşüb. Danışıqlarda ticarət, sənaye, enerji, nəqliyyat və logistika müzakirə edilib. Sonra Novak Azərbaycan nümayəndələrini oktyabrda Moskvada keçirilən foruma dəvət edib. Cəmi bir neçə gün sonra Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Moskvaya getməsi göstərir ki, təmaslar epizodik deyil, ardıcıl diplomatik-iqtisadi dialoq formasına keçir. Ancaq onu da deməliyəm ki, Azərbaycanın Rusiyadan idxalı azalaraq təxminən 2,5 milyard dollardan 1,5 milyard dollara düşüb”.
E.Musayevin sözlərinə görə, bu görüşlər ticarət dövriyyəsində itkiləri bərpa etmək, əvvəlki səviyyəsinə qaytarmaq cəhdləridir.
“Bundan əlavə, Azərbaycan Rusiyaya lazımdır. Çünki Rusiya Hindistan və İran istiqamətində alternativ logistika marşrutlarını inkişaf etdirmək istəyir. Azərbaycan da həmin marşrutun coğrafi baxımdan ən vacib hissələrindən biridir. Rusiya üçün Azərbaycan üzərindən İran, Türkiyə və daha geniş Asiya bazarlarına çıxışın əhəmiyyəti artır. Ona görə Moskvanın Bakı ilə münasibətlərə yalnız ikitərəfli münasibət kimi baxmadığını düşünmək üçün əsas var", - deyə Elşad Musayev belə şərh edib.
Emil Salamoğlu
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ