Onlayn ictimai-siyasi qəzet
Şagirdlərin çanta yükünün azaldılması üçün dərs vəsaitlərinin opitimallaşdırılması təklif olunur. Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə yer alıb.
Sənəddə tədris proqramının ağır olmasının, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə və nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafına neqativ təsir göstərdiyini nəzərə alaraq, tədris proqramının optimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından istifadə edilməsi, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və bununla əlaqədar təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi, şagirdlərin gündəlik istifadə etmədikləri vəsaitləri məktəbdə saxlaya bilmələri üçün dolabların quraşdırılması təklif olunub.
Ümumiyyətlə, şagird çantalarının ağır olması təhsil keyfiyyətinin göstəricisidir, yoxsa proqramın düzgün qurulmamasının nəticəsi? Kağız dərsliklərin bir hissəsinin rəqəmsallaşdırılması real çıxış yoludurmu? Region məktəbləri rəqəmsal təhsilə texniki baxımdan hazırdırmı?
![]()
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, dərsliklərin ağırlığı və sinifdənkənar tapşırıqların həcmi şagirdlərin çantalarını ağırlaşdırır: “Bu tapşırıqlar əsasən müəllimlər tərəfindən sualların icrası üçün verilir. Bu da təbii olaraq şagirdlərin fiziki quruluşuna təsir edir, onurğa sütununun əyriliyi, yəni skolioz kimi fəsadlar və digər fiziki problemlərə yol açır. Mütəxəssislər olaraq dəfələrlə təklif etmişik ki, dərsliklər hazırlanarkən onlarda yerləşdirilən məlumatlar yığcam, dəqiq və elmi əsaslı olmalıdır. Bununla yanaşı, məlumat şagird üçün anlaşılan dildə təqdim olunmalı, yaş psixologiyası nəzərə alınmalı və mövzular dərs psixologiyası çərçivəsində öyrədilməlidir”.
Elçin Əfəndi qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə işlər aparır: “Məsələn, əvvəllər bir dərslik bir tədris ili üçün nəzərdə tutulurdusa, artıq dərsliklər iki hissədə təqdim olunur: birinci yarım il üçün birinci hissə, ikinci yarım il üçün isə ikinci hissə. Bu, müəyyən qədər çantaların ağırlığını azaltmağa xidmət edir. Lakin müşahidələr göstərir ki, çantaların ümumi çəkisi hələ də şagirdlərin bədən çəkisinə uyğun deyil. Beynəlxalq standartlara görə, şagird çantasının çəkisi onların bədən çəkisinin 8-10 faizini keçməməlidir, amma bizdə bu hədd çox vaxt aşılır”.
Mütəxəssis daha sonra vurğulayıb ki, çantaların ağırlığı təhsil keyfiyyətinə birbaşa təsir edən amil deyil. Təhsil keyfiyyətinə təsir edən əsas məsələ dərslərin və dərsliklərin keyfiyyətidir: “Dərsliklər daha keyfiyyətli hazırlanmalı, pedaqoji heyət yüksək ixtisaslı kadrlarla təmin olunmalıdır. Bu yolla təhsilin keyfiyyəti yüksələcək və çantaların ağırlığı ikinci plana keçəcək. Kağız dərsliklərin müəyyən dövr üçün rəqəmsallaşdırılması məsələsinə də diqqət yetirilir. Son bir neçə ildə elektron dərslik istifadəyə verilib. Bu dərsliklər həm şagirdlər, həm valideynlər, həm də müəllimlər üçün əlçatandır. Gələcəkdə tam rəqəmsal dərsliklərə keçid olarsa, məktəbli çantası problemi də birdəfəlik həll oluna bilər, çünki hər şagird planşet və ya fərdi kompüter vasitəsilə dərsliklərdən yararlana bilər.
Əgər biz indi çantaların ağırlığının şagirdlərin ümumi fiziki sağlamlığına təsirini nəzərə alırıqsa, məsələn, bel sütununun əyriliyi, yəni skolioz kimi hallar, burada isə göz sağlamlığı məsələsi ön plana çıxır - şagirdlərin görməsinin zəifləməsi fəsadı. Bu halda qoruyucu eynəklərdən istifadə etməklə gözlə bağlı problemlərin yaranmasının qarşısını almaq mümkündür.
Bütün region məktəblərinin rəqəmsal təhsilə keçidi məsələsinə gəldikdə isə, təbii ki, bunun üçün müəyyən işlərin görülməsi zəruridir. Burada yalnız Elm və Təhsil Nazirliyi deyil, digər aidiyyəti nazirliklər və qurumlar da iştirak etməlidir. Məsələn, bütün bölgələrdə işıqlandırmanın təmin olunması, internetə çıxışın tam əlçatan olması vacibdir. Qalan məsələlər isə Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Bunlara şagirdlərin planşet və ya fərdi kompüterlə təmin olunması və digər oxşar işlər daxildir. Düşünürəm ki, bu proses qarşıdakı illərdə tam şəkildə həyata keçiriləcək”.
Xalidə Gəray,
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ