İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Əsgərov: “İƏT-ə sədrlik Azərbaycanın diplomatik çəkisini daha da artıracaq”  

İslam dünyasının ən nüfuzlu parlament platformalarından birinə sədrlik hüququnun Azərbaycana keçməsi ölkənin beynəlxalq arenadakı artan rolunun növbəti göstəricisi kimi dəyərləndirilir. İyunun 24-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci sessiyasında sədrlik rəsmi olaraq İndoneziyadan Azərbaycana təhvil verilib. Bu hadisə Azərbaycanın islam ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, parlament diplomatiyasının inkişafı və qlobal məsələlərin müzakirəsində fəal iştirakının beynəlxalq səviyyədə etirafı kimi qiymətləndirilir. Bəs bu sədrlik Azərbaycana hansı siyasi və diplomatik üstünlüklər qazandıra bilər? Azərbaycanın islam dünyasındakı mövqeyinə necə təsir göstərəcək?

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin sədri Elçin Əsgərov Musavat.com-a deyib ki,  Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq, hökumətlərarası qurumların yüksək səviyyəli tədbirlərinin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu növ görüşlər həm sözügedən təşkilat daxilində ölkəmizin nüfuzunun, çəkisinin və təsir imkanlarının artmasına, həm də üzv dövlətlərlə ikitərəfli əməkdaşlığın güclənməsinə münbit şərait yaradır. Belə ki, tədbirlər çərçivəsində ölkəmizə çoxlu sayda parlament sədrləri, sədr müavinləri və xalq deputatları daxil olmaqla, yüksək səviyyəli qonaqlar təşrif buyurur. İslam Əməkdaşlıq Təşkilatının strukturunda fəaliyyət göstərən daimi orqanların rolu olduqca mühümdür. Bura Xarici İşlər Nazirləri Şurası, Gənclər və İdman Nazirləri Şurası, həmçinin Parlamentlərarası İttifaq kimi mühüm təsisatlar daxildir. Təşkilatın bütün üzv dövlətlər tərəfindən icrası məcburi olan strateji qərarları məhz bu tipli yüksək səviyyəli toplantılarda qəbul edilir.

Bu baxımdan, analoji iclasların Azərbaycanda təşkil olunması və yekunda qəbul edilən qərarlarda ölkəmizin maraqlarının əks olunması Azərbaycanın diplomatik çəkisini daha da artırır. Beynəlxalq təcrübədən məlum olduğu kimi, bu növ sammitlərdə qəbul edilən mühüm bəyannamələr adətən ev sahibliyi edən ölkənin və ya şəhərin adı ilə tarixiləşir. Bu amil də öz növbəsində Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu möhkəmləndirir, ölkəmizin müsbət imicinin formalaşmasına xidmət edir və qlobal miqyasda təsir imkanlarımızı genişləndirir.

"Eyni zamanda, bu qəbildən olan beynəlxalq təşkilatların toplantılarında qəbul edilən qərarlar çox vaxt üzv dövlətlər üzərinə kollektiv öhdəlik qoyur. Sonradan həmin ölkələrin birgə təmsil olunduğu digər platformalarda, məsələn, BMT-də hər hansı bir qərar qəbul edilərkən, bu kollektiv öhdəlik öz təsirini göstərir. Nəticədə, bir çox dövlətlər orada da Azərbaycanın irəli sürəcəyi qətnamələrə və ya qəbul olunmuş ümumi qərarlara uyğun mövqe nümayiş etdirirlər.

Məsələn, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) Xocalı ilə bağlı qəbul edilən qərar üzv ölkələrin əksəriyyəti üçün kollektiv öhdəlik qoyurdu. Bu səbəbdən onlar sonradan BMT-də aparılan müzakirələrdə də həmin təşkilat çərçivəsində qəbul olunmuş qərarlara müvafiq şəkildə hərəkət edirdilər".

İƏT ilk günlərdən Azərbaycan ərazilərinin işğal olunmasını pisləyib, bu torpaqların azad olunmasını tələb edib. Eyni zamanda, təşkilatın bütün daimi qurumları, istər Xarici İşlər Nazirlərinin toplantıları, istərsə deyilən digər qurumlar, o cümlədən Parlament İttifaqı hər zaman Azərbaycanın xeyrinə qərarlar qəbul ediblər. Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilat da məhz İslam Əməkdaşlıq Təşkilatıdır və bu mövqeyini indiyə qədər qoruyub saxlayır. Bundan başqa, təşkilatın İSESCO kimi digər üzv qurumları və elmi mərkəzləri də bu istiqamətdə fəal fəaliyyət göstərirlər”.

İƏT rəsmisi əlavə edib ki, bu çərçivədə İslam İnkişaf Bankı da Azərbaycana davamlı olaraq dəstək verir: “Hazırda işğaldan azad edilmiş ərazilərin bərpasına İslam İnkişaf Bankı tərəfindən investisiyalar qoyulur və ciddi dəstək nümayiş etdirilir. Hətta ötən həftə Azərbaycanda İslam İnkişaf Bankının və onun bütün qurumlarının illik toplantısı keçirildi. Həmin tədbirdə də qeyd olundu ki, ümumilikdə bank tərəfindən işğaldan azad olunmuş ərazilərə 2,5 milyard dollardan artıq investisiya yönəldilməsi nəzərdə tutulub. Bu vəsaitin böyük bir hissəsi artıq yatırılıb və bu proses gələcəkdə də davam edəcək. Ümumiyyətlə, bank tərəfindən təkcə azad edilmiş ərazilərdə deyil, Azərbaycanın bir çox digər sahələrində də investisiya layihələrinə böyük dəstək göstərilir.

Eyni zamanda, Azərbaycanın işğaldan yeni azad olunmuş ərazilərində vəziyyəti qiymətləndirmək məqsədilə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən xüsusi işçi qrupu yaradılmışdı. Həmin qrup bu ərazilərə dəymiş zərəri hesablayaraq müvafiq hesabat təqdim etmişdi. Sənəddə işğal dövründə Azərbaycan torpaqlarına nə dərəcədə böyük ziyan vurulduğu rəsmi şəkildə əksini tapmışdı ki, bu da ölkəmizə göstərilən beynəlxalq dəstəyin növbəti bir nümunəsidir”.

Elçin Əsgərov onu da qeyd edib ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində bu cür tədbirlərə ev sahibliyi etməsi ölkəmizin təşkilat qarşısındakı öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini sübut edir: “Bu, Azərbaycanın İƏT-in fəal üzvü olduğunun, təşkilata böyük önəm verdiyinin və onun fəaliyyətinə öz töhfəsini rəsmən göstərdiyinin bariz nümunəsidir. İndiyə qədər bir çox üzv ölkədən fərqli olaraq, Azərbaycan bu təşkilatın çoxsaylı tədbirlərinə uğurla ev sahibliyi edib ki, bu da ölkəmizin aktiv mövqeyini təsdiqləyir.

Azərbaycan həm təşkilat çərçivəsində, həm də ümumilikdə öz müsəlman kimliyinin qorunmasına xüsusi diqqət yetirir. Məsələn, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə nəzər salsaq, demək olar ki, yenidən qurulan bütün şəhər və kəndlərdə ilk növbədə tikilən və ya bərpa olunan binaların önündə məscidlərin gəldiyini görərik. Yeni məscidlərin inşası və tarixi məscidlərin bərpası Azərbaycanın bu ərazilərdə dini-mədəni kimliyimizin simvolu olan ibadət evlərinə verdiyi yüksək dəyəri nümayiş etdirir. Bu addımlar Azərbaycanın İslam mədəniyyətinin ayrılmaz bir parçası olduğunu bir daha təsdiqləyir. Bununla yanaşı, ölkəmiz öz fəaliyyəti ilə dünyada geniş vüsət alan islamofobiyaya qarşı da qətiyyətli mübarizəsini ortaya qoyur”.

Afaq Mirayiq,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR