İnsanlara hürriyət, millətlərə istiqlal!

  Ekspertdən yayın bu içkiləri haqda ŞOS 

Eyyub Hüseynov: “Evdə soyuducularda saxlamayın, uşaqlar belə məhsulların mövcudluğundan xəbərsiz böyüsünlər...

Yay mövsümünün gəlişi ilə birlikdə sərinləşdirici və enerji verici içkilərə tələbat da artır. Xüsusilə isti havalarda özünü daha gümrah hiss etmək istəyən insanlar tez-tez enerji içkilərinə üz tutur. Lakin son illər bu içkilərin istehlakçıları arasında yalnız böyüklər deyil, yeniyetmələr və hətta məktəblilərin də sayının artması ciddi narahatlıq doğurur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, tərkibində yüksək miqdarda kofein, şəkər və müxtəlif stimullaşdırıcı maddələr olan enerji içkiləri xüsusilə inkişaf mərhələsində olan orqanizmlər üçün təhlükəli ola bilər. Bu içkilərin müntəzəm istifadəsi ürək ritminin pozulması, yüksək qan təzyiqi, yuxusuzluq, əsəbilik, diqqət dağınıqlığı və hətta psixoloji asılılıq kimi problemlərə yol aça bilər.
Picture backgroundAzərbaycanda isə enerji içkiləri hələ də mağazalarda sərbəst şəkildə satılır və əksər hallarda yaş məhdudiyyəti tətbiq edilmir. Bəs bu içkilər həqiqətən nə dərəcədə təhlükəlidir? Yeniyetmələrin enerji içkilərinə marağı niyə artır? Dünyada hansı qadağalar mövcuddur və Azərbaycanda da oxşar məhdudiyyətlərin tətbiqinə ehtiyac varmı?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb. Ekspert deyib ki, enerji içkilərinin etiketində açıq şəkildə yazılır ki, hamilə qadınlara, zəif insanlara, xəstələrə və uşaqlara tövsiyə olunmur: “Burada məntiqi bir sual yaranır: əgər bir məhsul zəif insana zərər verirsə, necə olur ki, güclü insana faydalı hesab edilir? Bu yanaşmada heç bir məntiq yoxdur. Birmənalı şəkildə demək olar ki, söhbət sağlamlıq üçün risk yaradan məhsullardan gedir. Bəzi enerji içkilərinin adının belə “cəhənnəm” mənasını verməsi əslində onların mahiyyətini dolayısı ilə göstərir. Lakin reallıq ondan ibarətdir ki, yeni bir məhsul bazara çıxanda insanı dərhal öldürmürsə, onun aqressiv reklamı aparılır, geniş şəkildə təbliğ olunur və bütün dünyaya yayılır. Bu gün dünyada insan sağlamlığı çox vaxt ikinci plana keçir, əsas məsələ biznes maraqları olur. Məhz buna görə də enerji içkiləri və bu qəbildən olan digər məhsullar qlobal miqyasda sürətlə yayılır. Halbuki onların tərkibində insanı özünə alışdıran, vərdiş yaradan maddələr mövcuddur”.
Müsahibimiz deyib ki, Qida Təhlükəsizliyi Agentliyi təxminən üç il əvvəl Azərbaycana idxal olunan və ölkədə istehsal edilən enerji içkilərinin tərkibindəki öyrəşdirici maddələrin maksimum həddini müəyyənləşdirib: “Bu göstərici dünya standartlarında tətbiq olunan bəzi normalardan daha aşağı səviyyədə müəyyən edilib ki, nəticədə məhsulun potensial mənfi təsirləri müəyyən qədər azaldılıb. Azərbaycanda istehsal olunan enerji içkiləri həmin standartlara uyğun hazırlanır və bu səbəbdən onların tərkibindəki öyrəşdirici maddələrin miqdarı nisbətən azdır. Bu isə onları digər analoji məhsullarla müqayisədə müəyyən qədər daha az təhlükəli edir".
Picture backgroundE.Hüseynov bu cür içkilərin təhlükəsi haqda da danışıb: "Bu məhsullar sadəcə olaraq insan orqanizmində mövcud olan hormonların və bioloji mexanizmlərin fəaliyyətini aktivləşdirir. İnsanın gümrah hiss etməsi, yuxusuz qalması və ya əhvalının dəyişməsi onun öz orqanizmində ifraz olunan hormonların nəticəsidir. Enerji içkiləri isə sadəcə, həmin sistemləri qıcıqlandıran və müvəqqəti olaraq aktivləşdirən təsir göstərir.
Bu baxımdan, insanlarda asılılıq yaradan və vərdiş formalaşdıran belə içkilərdən geniş istifadə olunması pis haldır. Yaxşı ki, məktəb bufetlərində onların satışı qadağan edilib. Bu, təqdirəlayiq addımdır. Lakin unutmaq olmaz ki, tələb varsa, təklif də olacaq. Buna görə də valideynlərə, müəllimlərə və ümumilikdə cəmiyyətə tövsiyəm budur ki, uşaqların bu içkilərə alışmasının qarşısını alsınlar. Evdə soyuducularda enerji içkiləri saxlamasınlar. Körpələr və uşaqlar ümumiyyətlə belə məhsulların mövcudluğundan xəbərsiz böyüsələr, daha yaxşı olar. Əgər uşaq israrla bu içkini sınamaq istəyirsə, zarafatla desək, içinə bir az istiot qatıb bir qurtum içirtmək olar ki, birdəfəlik ondan iyrənsin. Bir ata kimi mən bunu məcazi mənada tövsiyə edirəm.
Bir sözlə, enerji içkiləri arzuolunan içkilər deyil. Ümumiyyətlə, təkcə onlar yox, “Coca-Cola” kimi rəngləndirilib qazlaşdırılan və yüksək şəkər tərkibli içkilər də insan sağlamlığı üçün zərərlidir. Hətta bəzi hallarda onların zərəri enerji içkilərindən də az olmaya bilər. İstehlakçı hüquqlarını qoruyan təşkilat olaraq biz daim bu cür məhsulların mənfi tərəflərini ictimaiyyətə çatdırmağa çalışırıq ki, insanlar onlardan daha az istifadə etsinlər. Digər rəngləndirilmiş və şirinləşdirilmiş içkilər də sağlamlıq üçün risk yaradır. İnsanlar mümkün qədər bu məhsullardan uzaq durmalı, daha sağlam qidalanma vərdişlərinə üstünlük verməlidirlər. Enerji içkilərindən az təhlükəli olmayan həmin qazlı və şirin içkilər də insan sağlamlığı üçün ciddi risk mənbəyidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR