Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) aparılan yoxlamalar ciddi nəticələr verir. Mənbələr bildirir ki, sabiq sədr Saleh Məmmədovun fəaliyyəti araşdırılır və Agentliyin tabeliyində fəaliyyət göstərən bir sıra MMC-lərin ləğv olunması gözlənilir. Araşdırmaların nəticəsi olaraq, struktur dəyişiklikləri, regional idarələrin yaradılması və qurum daxilində səmərəliliyin artırılması istiqamətində addımlar atıla bilər.
İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, büdcə xərclərinin optimallaşdırılması üçün illər əvvəl ekspertlər səviyyəsində bəzi təkliflər irəli sürülüb: “10-15 il əvvəl biz ictimai müzakirələr aparmışdıq ki, kiçik və effektiv hökumət modelinə keçmək lazımdır. Elə bir gün gələcək ki, bizim büdcə gəlirlərimiz dövlət aparatını saxlamağa yetərli olmayacaq. Təəssüf ki, o zaman bizə dəstək verən olmadı. Ölkədə dövlət və hökumət orqanlarının, publik hüquqi şəxslərin, agentliklərin sayı həddən artıq çoxdur. Bunların fəaliyyətini nizamlamağa ehtiyac var. Bir qismi birləşdirilməlidir, bir çoxunun isə faydalı iş əmsalı çox aşağı olduğu üçün ləğv olunmalıdır. Nəticə etibarilə struktur islahatları qaçılmazdır”.
İslahatların işsizliyə təsirini şərh edən ekspert qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafı bu problemin qarşısını nisbətən ala bilər: “Kiçik və orta sahibkarlığa dəstək verilməlidir – vergi, gömrük güzəştləri və s. olmalıdır ki, iş qurmaq mümkün olsun, çünki sektorda çox bacarıqlı insanlar var. Paralel tədbirlər görülməlidir. Düşünürəm ki, hökumət bununla bağlı proqram açıqlamalı, müzakirələr aparılmalıdır. Hələlik pərakəndəlik var. Hədəf büdcənin xərclərini azaltmaqdır. Lakin nəticədə yarana biləcək fəsadlarla bağlı müzakirə aparılmır”.
Nigar Həsənli
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ